Thursday, September 12, 2013

Məktub


Qarşımda kiçik bir masa, üzərində dünəndən qalmış çay stəkanı, ucu qırılmış bir karandaş, bir neçə qaralanmış vərəq. Bütün bunlar dünən axşamki "məktub yazmaq cəhdi"ndən geriyə qalanlardır. Bunlar bütün bacarıqsızlıqlarımı önümə sərir. Hər işdə olduğu kimi bu dəfə də yalnızca cəhd etməklə kifayətləndim. Nəticəsiz cəhdlər, nəticəsiz olacağını bildiyim halda etdiyim cəhdlər. Sonda isə məyusluq. Əlimdən isə gəlməyəcək olan gələcəyimi gözləməkdən və hər şeyi məhv etməkdən başqa bir işə yaramayan qərarlar verməyə cəhd etməkdən başqa heç nə gəlmir.. Gələcəyin gəlməsi üçün də cəhd edəcəyəm. Amma nəticəsiz qalacağına əminəm. Yorulmuşam. O qədər yorulmuşam ki, hətta əlimi qarşımdakı masaya uzadıb dünəndən qalmış "məktub" qaralamalarını götürüb oxumağa da gücüm çatmır. Gücümü toplayıb oxusam belə bir əhəmiyyəti olmayacağını bilirəm. Mənim bundan daha vacib işlərim də var. Kimliyimi tapmalıyam məsələn. Varlığımın bütün bu həyatlar arasında hər hansı bir mövqe tutub-tutmadığını, insanlar üçün əhəmiyyətim olub olmadığını və ən əsası kim olduğumu öyrənməliyəm. Yox, mənim kimliyimin göstəricisi bir parça kağıza yazılmış "ad və soyad" adlandırılan hərf yığını ola bilməz. Simvollar müəyyən etməməlidir bir insanı, onun şəxsiyyətini. Kimliyimi öyrənməyin son çarəsi o məktubu tamamlamaqdır, bilirəm. Məni məğlub edən, bütün həyatımı alt-üst edən "özüm"ə yazılmalı olan məktub. "Özüm"ün yazdığım məktuba cavab yazacağına şübhə edirəm. Oxuyacağammı bəs yazdıqlarımı? Bilmirəm!
Bəs necə göndərəcəyəm bu məktubu? Bir markasız zərfə qoyaram. Göndərən: Mən, Göndərilən: Özüm, Ünvan: Xəyallar aləmi. Məktubun lazım olan yerə çatması artıq mənim təxəyyülümün inkişaf səviyyəsindən asılı olacaq sözsüz ki. Görünür sahibinə çatmayacaq bu kağız parçası da. Kağız parçaları ilə dəyişir bütün həyatımız. Doğulanda bir kağız parçası verirlər, məktəbi bitirəndə bir kağız parçası daha verilir, univeristet bitdikdən sonra "kağız kolleksiyamız"a daha bir üzv əlavə olunur. Bütün həyatımız boyunca da bir kağız parçalarının arxasınca qaçırıq. Sağlamlığımız, xəyallarımız, uşaqlıq hissimiz, sevgimiz, dostlarımız və bizi biz edən hər şey itirilir bu kağızların uğrunda. Öldükdən sonra isə daha bir kağız. Mən bu ssenarinin qurbanlarından olmaq istəmirəm. Kimliyini kağızlardan oxuyan sıradan biri olmaq qüruruma toxunur, əlimdən isə heç nə gəlmir. Yazmaq da mı gəlmir? Oxunmayacaq bir məktub yaza bilərəm. Yenə kağız. Taxta üzərinə yazsam, daş üstünə qazısam məktubumu. Həm bu daha qalıcı olar. Bəlkə nə zamansa kimlərinsə də öz kimliklərini tapmağına vəsilə olaram. Bəlkə bir gün özüm də taparam kim olduğumu.. Hələlik isə özüm barədə bildiyim tək şey bir parça kağızın üzərinə yazılmış 14 simvolluq hərf yığınıdır. 

No comments:

Post a Comment