Tuesday, December 21, 2021

Kimin var?

Buz bağlasaq, əsir olsaq donlara, 

Günəş doğar ən kədərli sonlara.

Qar yağanda elə baxma yollara,

Deməsinlər yağan qarda kimin var?


Bu qayalar baş daşıdı sağların,

Bizimkini görən kimi ağladın.

Yaxın getmə yamacına dağların,

Deməsinlər ki dağlarda kimin var?


Söz eyləmə hər umduğun diləkdən,

Korlamasın, ehtiyat et fələkdən. 

Xəbər alma uzaqları küləkdən,

Deməsinlər uzaqlarda kimin var?

Sunday, December 12, 2021

Gözümün dolduğu yerdən

Kədər kirpiyimdən sallanıb yenə,
Gözümü qorxudur olduğu yerdən.
Bir tikan cücərib, boylanıb yenə
Könlümün çiçəyi solduğu yerdən.

Yapışıb yaxama qəm ölüm kimi,
Gecələr yuxusuzluq zülm kimi,
Həyatım yarımçıq bir film kimi,
Oturub baxıram qaldığı yerdən.

Baxıram ki gecə kimlər oyaqdır,
Kimin pəncərəsi hələ də ağdır?
Sayıram dostların neçəsi sağdır,
Düşməyib gözümün dolduğu yerdən?