Friday, November 29, 2013

can

özün gəlməsən də 
ruhunu göndər..
sənə demirəm ki, 
özünə can tap,
bir can ikimizə bəs edər, 
qadın,
canımdan can al lap, 
yetər ki, qayıt..

Thursday, November 28, 2013

gərək..

unudan deyiləm,
bunu bilərək
ardıma baxmadan
gedərdim gərək..
səhər gün çıxmadan
qaranlıq olub
gecənin içində
itərdim gərək..
hələ də bilmirəm
niyə getmədim?
cəsarət etmədim,
edərdim gərək...

Wednesday, November 27, 2013

səni susasan deyə sevməmişdim

səni susasan deyə sevməmişdim
canını bir kəlmə salamla qurtara bilməzsən
bax mən qışqırıram hara çatırsa səsim
bəlkə sən eşidərsən deyə..
bilirəm ki, lap eşitsən də sevməzsən.
Vallah, bilmirəm niyə..

səni susasan deyə sevməmişdim
susmağı özüm tək də bacarardım
danışmağa adam lazım idi,
gəl danışaq dedin, gəldim..
susacağını bilsəm, heç səni axtarardım?

səni susasan deyə sevməmişdim
amma deyəsən daşdan divardan fərqsizsən.
sən gəlincə susub-susub gözləmişdim,
gəldin, elə susdun ki sən,
görən deyərdi dilsizsən..

səni susasan deyə sevməmişdim,
qız, sevəsən deyə sevmişdim..
nə vaxtacan qarşılıqsız sevmək olar?
düşünürdüm, sevgi bəsdi.
bilməmişdim
sonra bunun aylar-illər susmağı var..

Tuesday, November 26, 2013

dost bil

indi durub sənə desəm
qısqanıram
düşünərsən sevirəm..
ay qız mən insanam
sevgidən başqa da
çox hisslərim var..
adını kim nə qoysa,
olsa olsa
dostluq olar,
sevgi deyil..
lap desələr, sevgidi bu,
sən yenə də
məni dost bil.

Monday, November 25, 2013

onun yerinə

qalxdım ayağa və salam verdim gələn qadına. ya da qadının salamını aldım o salam vermədən. görmürdü məni. əslində, görməzdən gəlirdi. çünki gözlərində öz əksimi görə bilirdim. baxışdıq, mən baxdım, o baxmadı. onun yerinə də mən baxdım gözlərindən özümə. danışdıq, o susdu mən dinlədim, mən ağladım o izlədi, heç izləmədi də, özüm izlədim ağlamağımı. eyni musiqini dinlədik eyni qulaqlıqdan, qulaqlıqların ikisi də mənim qulaqlarımda. əlindən tutdum isinsin deyə əllərim, öz əlimə toxunduğumu anladım. sevdim o qadını, elə ilk andan sevdim, o sevmədi və mən onun yerinə özümü sevə bilmədim, ondandır acım.

ayrılıq

ayrılıq ən ağır yuxusu olur insanın.. bir də yuxudan azad gecələri var bu ürək qanadan zəhrimarın. yollar qədər qədər uzundu o dediyim gecələr, gedənin vicdanı qədər dar deyil ancaq. bundan sonra hər gecə belə olacaq, bunu bilmək ən çox toxunur əslində.. qüruru incilir adamın. nə bir çarə var nə də bir yol var əlində bu yola bənzəyən gecədən qaçmaq üçün.. bircə susmaq qalır sənə qışqırmaqdan sonra.. qışqırdıqca səsin bir az da qısılır hər keçən gün.. sus deyir yolun yolçuları, sus və bax, gör düşüb bu boş yolun ardına hara gedirsən, hara..

Sunday, November 24, 2013

...

ya da ki, mən nəbilim
adam bir salam verər..
neçənci dəfə əlim 
havada qaldı..
sevməsəydin bir yana,
bu qədər az mı sevər
insan birini?
Neçə dəfə çevirər
ona doğru uzanan
dost əllərini?

Əlini tutmuşdum #1

Yuxuda əlini tutmuşdum gecə,
Əllərim istiydi, əllərin soyuq..
Bilmirəm gəlmişdik bir yerə necə,
Günlə ay nədisə, sənlə mən oyuq..

Saturday, November 23, 2013

...

darıxıram
illər öncə yazdığım
uşaq şeirlərimdən
ötrü..
yazanda dərdlərimdən
utanıram
küçələrə atdığım
şeir dəftərlərimdən..

Friday, November 22, 2013

Küçə itləri qədər.

mehriban cümlələr alınmadı
söyüş idi, təhqir idi bizimkisi.
söyənlərdən bir-ikisi
hələ də yadımdadı.
küçə itləri qədər idilər
bəlkə ondan da betər...

bəziləri bulud oldular
amma bir yağışlarını görmədik.
yavaş-yavaş tanımışdıq,
yavaş-yavaş unuduldular.
küçə itləri qədər idilər
elə it desək yetər..

qardaş deyilmiş hər dost olan
qardaşlar isə hər zaman dostdular.
arxadan danışdı bir ikisi.
bir iki arxada qalan.
sonra susdular.
küçə itləri qədər idilər,
hürdülər və getdilər..

öz hürməkləri bir yana
bizi də danışmağa qoymurdular
yalandan hürürdülər
düzü də danışmağa qoymurdular.
küçə itləri qədər idilər
onlar qədər olmaqdan utanırdı itlər.

ət-Tövbə 5

İslam barədə qeyrimüsəlmanlarda olan yanlış bir düşüncə var ki, güya İslama görə müsəlman olmayan şəxsləri tutuduğumuz yerdə öldürmə haqqımız var. Buna səbəb isə Quranın Tövbə surəsindəki bir ayədir. Ayə aşağıdakı kimidir:

"Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (5)

Əlbəttə, bu ayə baxan hər hansı insan eyni yanlış fikirdə olardı.
İndi isə gələk məsələnin əsl mahiyyətinə. Bu ayə Tövbə surəsinin 5ci ayəsidir. Ayədə sözü gedən mövzu isə 1,2,3,4,5 və 6cı ayələr birlikdə oxunmadığı müddətcə yanlış anlaşılmağa davam edər.
6 ayəni birlikdə yazıram:

1. Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq!
2. (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rüsvay edəcəkdir!
3. Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!
4. Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər İSTİSNADIR. Onlarla əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər!
5. Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
6. Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!

4-cü ayədən göründüyü kimi, bu "öldürmək" məsələsi peyğəmbərlə müqaviləni pozan müşriklərə aiddir. 6-cı ayədə isə aman diləyənlərin bağışlanması və əmin olduğu yerə çatdırılması nəzərdə tutulur.

Bu surədən yalnızca 5-ci ayənin çıxarılıb müstəqil bir fikir kimi göstərilməsi İslama qarşı mənfi fikir oyatmaq mqəsədlidir və şərəfsizlikdən başqa bir şey deyil.

Son olaraq, "Dində məcburiyyət yoxdur" (Əl-Bəqərə 256)

Thursday, November 21, 2013

Gələcəkdi..

gələcəkdi,
hər axşam gün batanda,
hər payız yağış yağanda,
hər gecə,
amma hər gecə
şimşək çaxanda gələcəkdi..

üzünü görməyəcəkdim,
göstərməyəcəkdi
əlləri bəyaz olacaqdı,
göz yaşı qış,
gülüşü yaz olacaqdı..

adı Leyla olacaqdı.
ya da yox,
Leyla kimdi ki
Məcnuna bənzəyən halım yoxdu mənim
nə də ki Məcnun kimi
səhrada gəzəcək həvəsim..

gələcəkdi,
duracaqdı
ortasında gecəmin..
mənim olacaqdı
mənim..

Tuesday, November 19, 2013

Ölərəm..

düşünürlər ayağıma
əgər qamçı vursalar
yerimərəm..
döyüşmərəm
əllərimi tutsalar..
ya dilimi kəssələr
danışmaram, susaram..
bilmirlər ki boğsalar,
sürünərəm,
sürünərəm, dirilərəm,
gələrəm..
ürəyimə dərd qatsalar
mahnılarla bölərəm..
amma bircə
ağlatsalar..
ağlatsalar, ölərəm..

Saturday, November 16, 2013

Yağışdan qaçan qadın..

deyəsən tələsirdin,
yağışdan qaçan qadın..

islanmış çətirini
göylərə açan qadın,
kiməsə bənzəyirdin..

danışmaq istədikcə
dili dolaşan qadın,
"mən günəşəm" deyirdin..

yağış, tufan demədən
gur işıq saçan qadın,
gözəl gülümsəyirdin..

mən baxdıqca gedirdin,
axı hardasan indi
quş olub uçan qadın?

bilirəm dönəcəksən,
bilmirəm haçan, qadın..

Friday, November 15, 2013

Taxta tapança

Taxtadan tapança düzəltmişdim
və "Bir gün qismət olar bəlkə
özümü öldürərəm" deyə
ümidlənmişdim.
Bilmirdim, taxta tapançaların
olmur gülləsi..
Bilmirdim saxta yalançıların
elə özü kimi saxta gülməsi..
Onu da bilmirdim daşdı ürəyi..
Əllərim yoruldu, vərəq dolmadı,
Yazılmış şeirdən qaçdı ürəyi..
Bilmirdim yazmağı gərək saxlayam
nə yazsam da onun gözləri dolmaz..
Onda uşaq idim,
çox keçib zaman..
İndi anlamışam nə ondan adam,
nə də ki taxtadan tapança olmaz..

Wednesday, November 13, 2013

Yad sahillər

Gözdən axan göz yaşı
Damlayır üzərinə
Qurumuş xəyalların..
Sel önünü kəsəcək
Birlikdə addımlanan
Sonu gəlməz yolların..
Bir kiçik kağız gəmi
Üzəcək göz yaşımda,
Göz yaşları üzəcək
Qəlbimi.. Səni..
Sahibsizcə gəzəcək
Ünvansız gəmi
Birgə üşüdüyümüz
İndi isə boş qalan
Yad sahilləri..

Ulduzlar da yalan danışarmış..

Ulduzlar da yalan danışarmış, 
Ulduzlar da ağlaşarmış.
Saxta göz yaşları..
Ulduzlarda itirərmiş Ay öz tilsimini,
Ulduzlarda axtararmış gecə öz yuxusunu..
Ulduz harda itirdi gül qoxusunu?!
Ulduz var ya mən mi kor olmuşam?!
Mən mi kor olmuşam?
Ya bədən mi aldadır məni?
Bəlkə yorulmuşam,
Bəlkə də ulduzlar yorur qəlbimi..
Mən də səni Günəş sanıb ağlamışam,
Saxlamışam sevgimi də..
Ürəyimdə saxlamışam..
Göz yaşımı kirpiyimdə saxlamışam..
Ulduz imiş Günəş də, 

hardan biləydim..
Bənzədirəm indi səni ulduzların hərəsinə..
Günəş yanıb alışarmış,
O da yalan danışarmış 

zavallı qar dənəsinə..

Yaşamıram

Çox mu itirmişəm səni?!
Niyə belə tez örtürsən gözlərimi?
Görmürəm..
Uzaq qədər yaxınsan mənə,
Həyat qədər yaxınam ölümə..
Yaşamıram, ölmürəm..

Az da olsa..

səninlə mən başqa idik,
indilərdə bir az yadıq..
dənizlərdə dalğa idik,
didik-didik olsaq belə
qayalardan qayıtmadıq..
tufan olub
neçə dağdan qar aşırdıq..
indi mənə son bir dəfə
düzünü de,
az da olsa yaraşırdıq?

Sunday, November 10, 2013

getmə...

qız, bir görüş borcun var mənə,
yadından çıxıb deyəsən..
bəsdi getdiyin,
bir yuxuluq getmə
sonra gedərsən yenə..
bilirəm, gizlətmə,
adımı çəkirsənmiş hərdən,
elə eşitmişəm.
qorxuram
darıxdığını deyərsən birdən,
demə, ümidlənərəm.
bilirsən,
gəlsən yenə sevərəm..

Saturday, November 9, 2013

Mən əvvəllər belə deyildim

Mən əvvəllər belə deyildim.. Əvvəllər.. Dünənlər, keçən aylar, keçən illər.. Mən belə deyildim.. Hər səhər balaca sumkası çiynində yuxulu-yuxulu dərsə gedən uşaq idim, səhər anam oyadırdı, mən isə evin qapısından çıxanda oyandığımın fərqinə varırdım.. Çox köhnə, bir neçə otaqlı məktəb, sevimli müəllimə, sinif yoldaşları, dərsdə ağlayan uşaqlar, müəllimənin dəmir xətkeşi, sınıq partam, əlifba kitabı, kağızdan təyyarələr.. Kiçik xəyallar, gerçəkləşən xəyallar.. Ən böyük xəyal qırıqlığım bufetdə qoğalın qurtarması idi..
Bəs indi? Boş və mənasız keçən günlər, saatlarla marşrut, yollar, itirdiklərim, qazandıqlarım, bacardıqlarım, bacarmadıqlarım, bacara bilməyəcəklərim.. Hər gün eyni hadisələrin təkrarı, hər gün qopan daha bir ümid yarpağı.. Ağacdan asılmış yelləncəklər yoxdu daha, kağızdan təyyarə də düzəltmirəm çoxdandı.. Şəhərin sıxlığı, tüstü, insanlar.. Ürəyimi çox sıxır.. Ağlamaqla keçəsi də deyil, ağlasam yanıma gələn də olmayacaq.. Əslində yaxşıdı hər şey, pis olan nədi ki? Bəlkə vicdan əzabı? Niyə mi? Xoşbəxt gələcəyim üçün yanımda olan ailəm və yük olmağın verdiyi vicdan əzabı, qarşılıq gözləmədən yanımda olan dostlarım və qarşılıq verə bilməməyin verdiyi vicdan əzabı, inciməyim deyə yanımda olan sən və sənsizliyin verdiyi vicdan əzabı.. Mən əvvəllər vicdan əzabı çəkməzdim, mənim əvvəllər dostlarım da yox idi.. Mən.. Mən əvvəllər sevginin də nə olduğunu bilmirdim, mən, mən, mən.. Mən bilmədim deyə sevdim, bilsəm də sevərdim.. Mən əvvəllər bir də heç kimi sevməyəcəyimə söz vermişdim, sözümü tutmamağın verdiyi vicdan əzabı, hər dəfə güzgüyə baxanda əksim sevginin hesabını istəyir, "mənə söz vermişdin" deyir.. Güzgüyə baxıb "sevməyəcəm" demişdim, yadımdadı.. Çox şey yadımdadı, desəm sizdən utanıram deməsəm özümdən..
Təzyiqlər, tələblər, öyrənilməyən dərslər, "çox dəyişmisən" deyənlər - səbəbini soruşmayanlar, qəlbimi qıranlar, qəlbini qırdıqlarım.. Bezmişəm.. Çətindi.. Qollarıma batan tikanları, kirpiklərimdən asılmış daş parçalarını daşımaqdan yorulmuşam..
Bir də sən varsan.. Harda olduğun fərq etməz, yadımdan çıxdığın an olmur.. Hamı sənə bənzəyir son vaxtlarda.. Ya da mən hər yerdə səni axtarıram.. Yaxşıdı, darıxmıram sən olmayanda, hər yerdə yüzlərlə "sən"lər. Bir də son vaxtlar çox qorxuram, xoşbəxt olmaqdan.. Hazır deyiləm nə xoşbəxtliyə, nə də sevilməyə.. Mən əvvəllər belə deyildim, tək qorxduğum yatağımın altında olduğunu düşündüyüm canavar idi.. Mən əvvəllər belə deyildim..

Thursday, November 7, 2013

fəsildəyik..

qadınların sevgidən
qaçdığı fəsildəyik

açılan yalanların
sevginin iç üzünü
açdığı fəsildəyik..

köhnədə qalanların
təzə xəbərlərinin
gəldiyi fəsildəyik.

və ən sevdiklərimin
öldüyü fəsildəyik..

BİR

bir-bir uzaqlaşıram hər kəsdən,
ən birinci bir vaxt sevdiklərimdən.
onları birinci sıraya qoymuşam qəsdən
ki ən tez onları unudum,
sonra birdən səbrim çatmaz..
sevdiklərimdən sonra qalır bir ovuc qum
ya da bir ovuc insan yığını,
unutmaq bir an tələb edir çoxunu.
sonra bir-bir şəkilləri yandıracağam..
gecənin 1-ində dayandıracağam 
saatın əqrəblərini.
necə ki gecələrin birində
tək qoymuşdular məni..
daha bircə stəkan olacaq stolun üstündə
bir boşqab və bir qaşıq.
sonra qabları da yuyan olmayacaq
qab-qacağım bulaşıq
pal-paltarım bulaşıq..
zaman beləcə keçəcək
və bir qalacağam sonsuza dək..
tək çatacağam sonsuza,
tək..

İtirdiniz

Biz illərcə sevgilinin ən gözəl yerinin əlləri olduğunu düşündük. Çünki biz yerdə tapdığımız çörəyi belə 3 dəfə öpüb alnımıza qoyan uşaqlar idik. İndi hər yerdə bizi axtaran qızlar, "hardadı elə kişilər?" deyən qadınlar var. Sizlər bizi evcilik oyunlarınızda, makyaj çantanızdaki qırmızı pomadada itirdiniz.. (c)

Wednesday, November 6, 2013

Yadigar

Nə acılar qaldı ürəyimdə
Nə xatirələr qaldı yada salınası
Nə sevgi qalıb ki, ağlayım,
Nə də nifrət var qisas alınası..
Solğun bir şəklin qalıb,
Bir köhnə yaylıq
Üstündə ətrin qalıb
Bir azca da xəyalın var
Bir də duzlu göz yaşı,
Səndən yadigar..

Bağışla

Bağışla! Yolda gördüyün uşağa bir təbəssüm, dostuna oxuyub bitirdiyin bir kitab, sevdiyinə yol kənarından qopardığın bir çiçək bağışla.. İnsanların günahlarını da bağışla.. Heç olmamış kimi..
Və hərdən özünə də nəsə bağışla.. Yeni bir paltar, yeni bir aksesuar bağışla, bir gün bağışla özünə, işləmə, oxuma.. Və hətta həyatda etdiyin ən böyük səhvləri də bağışla, özünə qarşı, insanlara qarşı, həyata qarşı olan səhvləri bağışla..
Xoşbəxt olmaq istəyirsən mi? - BAĞIŞLA!

Sən mənsiz

Bax bir üzümə,
Son dəfə..
Çox mu bilinir gözlərimdə nifrət?
Çox mu qalacaq qəlbimdə həsrət?
Xoşun gəlir deyəsən..
Çox mu gözəldi göz yaşlarım? 
Axı hardan biləsən
Ürəyimdə qaldı neçə xatirə..
Gəlmişdin birdən-birə
Getmisən birdən-birə..
Xəbərsiz..
Gülümsə pessimist ümidlərimə..
Gülümsə nə qədər ki qalmışıq
Mən sənsiz..
Sən mənsiz..

Tuesday, November 5, 2013

Göz yaşı

və birdən anladım ki
tökülür gözümün acısı..
qucaqlayıb kirpiklərimi
yazıq göz yaşı damcısı..
sonra birdən nəsə oldu, özünü atdı..
qəsdli və ya qəsdsiz
intihar və ya qəza
acıyla və ya zövqlə
mükafat vəya cəza
fərq etməz, içimdədi hələ də
itirdiyim göz yaşının sancısı..
boş-boşuna tökülənlərin sonuncusu..
ya yeni bir dərd
ya yeni bir sevgi
ya da dərdli bir sevgi üçün
tökülənlərin ilki..
kaş danışa bilsəydim onunla.
ya da öz-özümə danışım,
eşitsin..
çox da çətin deyil ki.
... "əziz göz yaşım
istəyirəm bil ki
özündən əvvəlkilərin heç biri
sənin qədər incitməmişdi..
və heç biri özünü kirpikdən atıb
intihar etməmişdi..
sən isə artıq yoxsan
və mən də gecəni gündüzə qatıb
səni axtarıram yağış-yağış gəzərək."
ehh, nə etsəm də eşitmir,
qışqırdıqca ürəyim sızıldayır
və dilim danışmaqdan bezərək
son cümləni pıçıldayır..
"sən öləndə mən də ölərdim gərək.."

əlləri..

əllərimi yarıyacan
tuturdu o.
qorxurdu ki
əllərimə sarıyacam
əllərini..

titrəyirdi
yayda belə..
isti nəfəs gözləyirdi
dodağımdan
əllərinə..

mənə
"özün dəyiş" deyən
tərs gözəlin
indi bircə əlləridi
dəyişməyən..

Monday, November 4, 2013

Sonrası sonsuz qaranlıq

Başın dönər, gözlərin qaralar və şüurunu itirərsən. Sonrası sonsuz qaranlıq. İşlər bir dəfə tərs getməyə başladı mı dayandıra bilməzsən. Ardı arası kəsilməz. Dibə batdıqca batarsan.  Bir nöqtədən sonra hər şeyin normala qayıtması üçün yox, bundan da pis olmaması üçün dua edərsən. Bir çarə, bir çıxış axtararsan özünə, amma bütün bu axtarışların boşadır. Nə səsini eşidən vardır ətrafında, nə də çarəsizliyini görən. Tək başınasan. Aldığın heç bir qərar kifayət etməz, seçdiyin bütün yollar kor küçələrə aparar səni. Hekayənin bitdiyini düşünərsən, sonra nəfəs aldığını hiss edərsən. Aldığın hər nəfəs səni həyata bağlayacaq bir ümidə çevrilər. İtirdikcə yenidən başlayarsan. Daha da güclənərək başlayarsan. Və daha da sürətlə dibə batarsan, ən dibə batarsan. Başın dönər, gözlərin qaralar və şüurunu itirərsən. Sonrası sonsuz qaranlıq.

(Ben De Özledim serialından)

Qadın

Hardasa uzaqda
Kölgəsiz filansız
Görünür qadın..
Qorxaq kişidənsə
Cəsur, yalansız
Kişi kölgəsinə
Bürünür qadın..

Saturday, November 2, 2013

gedənlər

buna darıxmaq deyirlər..
amma acısı adsızdı
arzular qədər.
ki arzular qanadsızdı..

bir yuxuya sığan xatirələr
və yuxusuz gecələr qədər
amansızdı gedənlər..

vicdansızdı sevgilər
nankor sevənlər qədər
və ardına baxmadan
çıxıb gedənlər qədər..

gecələr yanağını
kədərli yaşlar yuyar..
nə gözlərin quruyar
nə də ki gedən gələr..

heyif keçən zamandan
gəlib keçənlər qədər..