Wednesday, August 24, 2016

Nə yaxşı ki...

mehlərimin əsintisi
ipək tellərində qalıb,
əllərimin istisi
bəyaz əllərində qalıb...

danış mənlə həzin-həzin,
çünki səsindir gərəyim..
gülüşlərin yanağından inciməsin,
əziz inci çiçəyim..

gül, üzündən nur tökülən
anda gülüm mən də bir az,
gül üzündən ötrü gülən
gözlərin olmaz ki dayaz..

durma, nəfəslərinlə yaz
ovucuma taleyimi,
əllərimə həbs eləyim
bəlkə səni?
bəlkə sığarsan?
yaxşı ki varsan,
nə deyim.

hər an yanımda olmusan,
nəfəsim dayananda,
taqətim azalanda.
nə yaxşı ki doğulmusan,
nə yaxşı ki var olmusan
mənimlə bir zamanda.

Monday, August 15, 2016

Bir qadının əllərini tutmaq

bir qadının
əllərini tutmaq
yaradanın
dünyanı yaratmaq
üçün sərf etdiyindən
çox zaman alar.

ömrün boyunca getdiyindən
daha uzun yol var
qadının ürəyindən
əllərinəcən.

çiçəklərindən güllərinəcən
düzmək gərəkdir qarşısına,
aylarından fəsillərinəcən
illərin
dözmək gərəkdir
həsrətinə əllərin..

suladın mı güllərini,
öncəsində hər görüşün?
dözdün mü ağrı dolu
acı fəsillərinə?

güzgülərə bax, düşün,
layiqmisən
o qadının əllərinə?

Saturday, August 13, 2016

Götür məni özünlə

götür məni özünlə,
kirpiyindən yapışıb
gözlərini yumduğum.

götür məni özünlə,
yolum itməsin deyə
dəmir qapılarına
dərin izlər qoyduğum..

götür məni özünlə,
qənd deyib apararsan,
çay içəndə bölməzsən
qonaqlarınla...

götür məni özünlə,
saçlarını dararsan,
barmaqlarımla..

götür məni özünlə,
danış xəyallarından,
dinlərəm gecə-gündüz,
bezməm suallarından..

götür məni özünlə,
sözlərim düz,
yolum düz.

götür məni özünlə,
apar getdiyin yerə,
yoxsa ölüm tez gələr,
ruhum özümdən əvvəl
çatar getdiyin yerə,
səni orda gözləyər.

Tuesday, August 9, 2016

külək olum

səsimi duyan kimi elə qaça-qaça gəl,
desinlər ki, görəsən, bu qız hara tələsir?
havada günü görüb, isti sanasan əvvəl,
bir də baxıb görəsən, sərin bir külək əsir.

külək rəqs edəndə saçlarınla mən
saçlarını qısqanım o küləkdən,
küləyin yerinə mən olum əsən,
yorulmazsan səsimi dinləməkdən?

dolanım tellərinin hər birinə, bir də ki,
sığalımdan qızarsın yanaqların,
saraylara bənzəyən zərif qəlb evindəki
mən olum ən əzizi ən əziz qonaqların.

nəfəsinə çevrilim dolub ciyərlərinə
üfür ovuclarına, içi mənlə isinsin.
yapışım ovucunun ən gözəl yerlərinə
əl izinə qarışım, taleyin olum sənin.

Wednesday, August 3, 2016

uzadıram əlimi göyə

uzadıram əlimi göyə
çərpələngə bənzəsin deyə,
rəngli əlcək geyinmişəm
külək dəyməsin deyə
barmaqlarıma...

uzadıram əlimi göyə,
dostlarım çatsın deyə
soraqlarıma,
əl edirəm küləyə
salam aparsın deyə
böyüdüyüm küçəyə...

uzadıram əlimi göyə,
buludları döyə-döyə
salıram yerə,
yağış yağmasın deyə,
damlaları
gözümə axmasın deyə...

uzadıram əlimi göyə,
sonra çəkirəm geriyə
özüm də bilmədən,
sonra yenidən
uzadıram əlimi göyə,
tez görün əlimi, tez,
geriyə çəkilmədən...