Sunday, February 7, 2021

Polad qapılar

Ahü-zar könlümə yenə ev qurub
Hər gecə yuxuma kabus göndərir.
Gözlərim Günəşdir, zamanım qürub,
Yumulur, zülmətə məhbus göndərir. 

Bağlayır ürəyə gedən izləri,
Bağlayır, qapılar poladdır daha.
Bu bağlı qapıya dikib gözləri
Gözləmək boşuna inaddır daha.  

Gün keçir, ay keçir, yollar qısalır,
Sifətlər dəyişir, adlar dəyişmir. 
Addımlar uzanır, qollar qısalır,
Yaxınlar azalır, yadlar dəyişmir.

Dəyişməz gedənin boş qalan yeri,
Dəyişən qəlblərin daşa dönməsi.
Hər şeyin, hər kəsin qayıdıb geri
Dolanıb-dolanıb başa dönməsi...

Friday, February 5, 2021

Nə zaman oldu

Mən özümü qəmli musiqilərdə,
Yolumu sonsuz pilləkənlərdə,
Dostlarımı içki masalarında itirdim.

Mən günəşi ay işığında unutdum,
Gecəyə aşiq oldum,
Göz yaşlarımı buludlara bağışladım.

Mən kədəri ilk yol ayrımında tərk etdim,
Tərk etdiyim şəhərlər küsdü məndən,
Küçələrindən ayaq izlərimi sildilər. 

Mən səni küləkli günlərdə sevdim,
Eşqinə qarşı qoymaq
Küləyə qarşı yerimək kimi idi.