Friday, January 31, 2014

...

sağına, soluna bax
nə var ki məndən yaxın?
istəyirdim bir olaq..
nədir bu uzaqlığın?
nədəndi qorxun?
bəlkə də yorulmusan,
de görək,
bədən mi yorğun,
yoxsa ürək?

Thursday, January 30, 2014

sən gələcəksən..

məni kiçicik bir ümid yaşadır
qapı açılacaq,
sən gələcəksən..
gözləmək nə qədər acıdır,
ancaq,
bir sonu olacaq,
sən gələcəksən..

çətindi, bilirsən,
soyuqdu bir az..
bilməm bu soyuqda necə gəlirsən..
gecəni gündüzə döndərib ayaz,
demək istəyir ki, sən gələcəksən..

yoruldum,
hardasan?
hardadı o səni gətirən qatar?
səni gözləməkdən axı daş oldum..
indiysə ağlımda sadəcə bu var
bilirəm nə vaxtsa sən gələcəksən..

gözləmək deyil də
yorur yoxluğun..
soyuqdu bu il də..
mənası odu ki bu soyuqluğun
əllərin əlimdə,
ürəyində mən
günlərin birində
sən gələcəksən..

Tuesday, January 28, 2014

qardan adam

məni yenə salacaqsan
acılı, dərdli yola..
bilim denən axı hardan
nə vaxtacan qalacaqsan?
bağışla, 
çıx get buradan..
nə sən günəş olacaqsan,
nə də mən qardan adam..

Sunday, January 26, 2014

boş..

canımı incidirlər, boğuluram.. əllərim boşdu yenə.. yollar da boşdu, evsiz, maşınsız.. bir küçə iti belə yoxdu yalnızlığıma ortaq olacaq.. həyat da boşdu, qəlbim də.. mən sevmək istədikcə onlar incidirlər, mən yaxınlaşdıqca onlar üz döndərirlər.. elə evlər də, maşınlar da, itlər də.. axşamlar bir yana gündüzlər də qaranlıq gəlir.. kor olmaq desəm deyil, amma heç önümü də görə bilmirəm, lənət olsun.. elə mənə də lənət olsun elə sizə də.. həyatımı alt-üst edən, evləri də, maşınları da, itləri də məndən uzaqlaşdıranlara lənət olsun, nə deyim başqa.. küçələri boşaldanlar, gülləri solduranlar, xəyalları öldürənlər heç utanmazlar mı oxuduğum lənətlərdən.. baxmazlar mı gözlərimə ki, nələr danışıram.. boş boş susuduğumu sanırlar gözləri boş, dilləri dolu olan insan yığınları..

Friday, January 24, 2014

suallar..

yazmaq çarə olarmı?
ya da göz yaşı tökmək
sağaldarmı yaramı?

hər düşəndə gözündən
on parçaya bölünmək,
olmazın xəyalların
arxasınca sürünmək,
de, qürura sığarmı?

ağlım çıxsa belə sən
ağıldan çıxmaz ikən,
və yumub gözlərini
üzümə baxmaz ikən,
bir özgəsi baxarmı?

bu son yaşananları
kaş ki unuda bilsəm
və titrək əllərini
qorxmadan tuta bilsəm
başqa dərdim qalar mı?

məni sən tək incidən
və səni mən tək sevən
başqa birisi varmı?

Monday, January 20, 2014

zamanla..

uçulsun istəyirsən
böyük ümidlərinlə
arana hördüklərin..
gerçək deyil, bilirsən,
gerçəyə bənzəsə də
yuxuda gördüklərin..
çox çəkən deyil yuxu,
bitməyəcək desən də..
bir iki dost yumruğu
və bir neçə yalanla
özün istəməsən də
ayılırsan zamanla..

Friday, January 17, 2014

bilirəm..

bilirəm 
əllərim soyuqdu,
qorxma, sənin qədər olmaz..
ayaqlarım yorğun
yollar tutuqdu..
bu nə uzaqlıqdı 
sərmisən aramıza?
bu nə quraqlıqdı? 
ağla!
göz yaşından məni soraqla,
iki addımlıq yol
min soraqlıqdı..

Tuesday, January 14, 2014

Bax onda anlayırsan..

əllərində güc tapıb
zülmət qaranlıqları
dağıda bilməyəndə.
qəlbinin qırıqları
canını incidəndə..

keçmiş yaşananları
hiss etmək istəyəndə..
keçmişin insanları
gözlərinə baxaraq
"sən kimsən ki?" deyəndə..

aldığın nəfəslərin
gedib gələndə çətin..
gecələr tək qalanda
istədin istəmədin
gözlərin islananda..

bir az qəmlisən deyə
illərin yaxınları
yada da salmayanda
və şeir həsr etməyə
heç kimin qalmayanda..

qışqırıb öz səsini
təkcə özün duyanda,
bax onda anlayırsan
istəmir kimsə səni..
gec olur anlayanda..

Monday, January 13, 2014

Xəstəlik

zəifləyir gündən günə,
yoxa çıxır elə bil..
heç kim bilmir yazıq belə
yaşayacaq neçə il..

boğazında düyünlənir kəlmələr, 
əzabdı.
gözləyir ki, kimsə bəlkə
acısına çarə tapdı..

gözlənilməz qanaxmalar,
yuxu yatmır gecələr..
nağıl danışır doğmalar
"qorxma, hər şey düzələr.."

şiddətli, güclü ağrı,
dilində ağ ləkələr,
təsəllidən başqa axı
əlimizdən nə gələr?

öskürməkdən, ağlamaqdan
tez-tez səsi tutulur,
bir addımlıq canı qalıb,
yeridikcə yorulur..

qızdırmadan bezib daha,
ürəyi də bulanır,
belə aciz olmaqdan da,
özündən də utanır..

amma nəsə dəyərlidir
son zamanlar..
yaxın gəlir
əvvəl uzaq dayananlar.

tanışları və dostları
ona tez-tez zəng edirlər..
xəstəliyi varmış onun,
adına xərçəng deyirlər.

Saturday, January 11, 2014

İnqilab

İnqilabın sonuydu
Qalmışdı çox az adam
Biri çıxdı qabağa
Qışqırdı
"Mən azadam!"
Kürəyindən vurdular..
Hamımızı bax belə,
Gülləylə susdurdular..

Wednesday, January 8, 2014

İntihar

sabah səhər oyanacaqlar,
görəcəklər ki, səmada günəş yoxdu..
çünki bu gecə günəş odlu qövsdən keçib
özünü sakit okeanda boğdu.
mən gördüm təkcə onu,
çapalayırdı okeanın duzlu suyundan içib..
axmaq kimi intihar etdi,
sanki milyard ulduzun içində
kiminsə vecinəydi.
ehh.. kim deyərdi ki gecələrin birində
özünü vacib sayan olduzun biri
bir okean suyun əlində qalıb
8 planeti bədbəxt edəcək.
Vallah ayıbdı, ayıb..

Monday, January 6, 2014

çoxdandı..

çoxdandı yazmıram səni,
yaddan çıxmaq deyil, yorulmuşam..
vərəqlər darıxıb adından ötrü,
masamın üstündə darıxıb şam,
yandırmıram neçə gündü..

çoxdandı görmürəm səni,
kor olmaq deyil, uzaqlardasan..
üzünü unutmaq üzrəyəm indi..
şəkillərin də xatırlatmır heç..
axı şəkillərin bilmir hardasan..

çoxdandı sevmirəm səni,
xain olmaq deyil, ürək istəmir..
sən də ürəyimi sevgisiz sayıb,
çıx gəl özünlə öz sevgini gətir..
Vallah gözləməyə səbr qalmayıb..

Gəl..

gələcəksən əvvəl-axır,
gec olmamış
önündəki sərhədi qır..
xəyallarım heç olmamış,
tut əlimdən..
bir az susum,
bir az danış,
dinləyərəm hər nə desən..
gəl, yetər ki gələn sən ol,
bilirsən ki, bəhanədi,
bu məsafə, bu uzun yol..
gəl, yolunu gözləyir
şeirlərim və qəlbim..
gəl, özünlə nur gətir,
gəl, de ki "sənə gəldim"..
axı çox mu çətindi?
nədi səni saxlayan?
yaxşı.. qərar sənindi..
amma istədiyin an
gəl, həmişə burdayam..

Friday, January 3, 2014

...

gedənlər qayıtmır, gəlmə yaxşısı..
gəlsən gedəcəksən,
sonra da.. yoxdu sonrası..

ya da gəl, neyləyim,
qalar ya gedərsən..
yoxdu ortası..

demirəm, mənim ol,
ya da ki çox sev..
bir az sev, silinsin qəlbinin pası..