Tuesday, December 21, 2021

Kimin var?

Buz bağlasaq, əsir olsaq donlara, 

Günəş doğar ən kədərli sonlara.

Qar yağanda elə baxma yollara,

Deməsinlər yağan qarda kimin var?


Bu qayalar baş daşıdı sağların,

Bizimkini görən kimi ağladın.

Yaxın getmə yamacına dağların,

Deməsinlər ki dağlarda kimin var?


Söz eyləmə hər umduğun diləkdən,

Korlamasın, ehtiyat et fələkdən. 

Xəbər alma uzaqları küləkdən,

Deməsinlər uzaqlarda kimin var?

Sunday, December 12, 2021

Gözümün dolduğu yerdən

Kədər kirpiyimdən sallanıb yenə,
Gözümü qorxudur olduğu yerdən.
Bir tikan cücərib, boylanıb yenə
Könlümün çiçəyi solduğu yerdən.

Yapışıb yaxama qəm ölüm kimi,
Gecələr yuxusuzluq zülm kimi,
Həyatım yarımçıq bir film kimi,
Oturub baxıram qaldığı yerdən.

Baxıram ki gecə kimlər oyaqdır,
Kimin pəncərəsi hələ də ağdır?
Sayıram dostların neçəsi sağdır,
Düşməyib gözümün dolduğu yerdən?

Tuesday, July 13, 2021

Sən gözünü bu dünyaya açanda

Miladdan 737 min 799 gün
16 saat 40 dəqiqə sonra
Hardasa bir Sezium atomu 9 milyard dəfə titrədi,
Bir də mənim ürəyim elə bir o qədər... 

Sən gözünü bu dünyaya açanda
Evimizə ən yaxın ulduzun işığı
8 dəqiqə yol gəlib
Gözlərimi qamaşdırdı,
Özünə tən işığın doğuşunu xəbər verdi. 

Saçlarını anandan,
Kirpiklərini atandan,
Adını çiçəklərin ən incəsindən,
Gülüşünü təbiətdən aldın. 

Payızdan pas bağlamış illərə
Bahar ətri gətirdin.
Kainatın 14 milyard ildir var olması
İndi daha anlamlıdır. 

Sən gözünü bu dünyaya açanda
Bütün müharibələr
Meşə yanğınları
Və qlobal istiləşmə
Bir anlıq dayandı. 

Kainat big-bang-dan sonra ilk dəfə
Bu qədər möhtəşəm bir şeyə şahid olurdu...

Wednesday, May 19, 2021

Oruc haqqında - Bibliya/Yeşaya 58

Onlar deyirlər ki, "Oruc tutduğumuzu niyə görmürsən? Nəfsimizə nəzarət etdiyimizin niyə fərqinə varmırsan?" Baxın, oruc tutduğunuz gün istədiyinizi edirsiniz, işçilərinizi sıxışdırırsınız, orucunuz dava ilə, çəkişmə ilə, şiddətli yumruqlaşma ilə bitir. Bu günkü kimi oruc tutmaqla səsinizi yüksəklərə eşitdirə bilməzsiniz.

İstədiyim oruc budur mu? İnsanın nəfsinə nəzarət etməli olduğu gün belə mi olmalıdır? Qamış kimi başınızı əyib, əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Siz buna mı oruc, Rəbbə xoş gedən gün deyirsiniz? 

Mənim istədiyim oruc haqsız yerə zəncirə salınanları azad etmək, əzilənləri azadlığa qovuşdurmaq, hər cür boyunduruğu qırmaq deyil mi? Yeməyinizi aclarla paylaşmaq deyil mi? 

Evsiz yoxsulları evinizə alsanız, paltarsız gördüklərinizi geyindirsəniz, yaxınlarınızdan köməyi əsirgəməsəniz işığınız dan yeri kimi ağaracaq, şəfa tapacaqsınız, doğruluq önünüzdə gedəcək, Rəbbin ucalığı sizə arxa olacaq. O zaman Rəbb yardım istəklərinizi cavablayacaq, fəryad etdiyiniz zaman "burdayam" deyəcək, 

Əgər boyunduruğa, başqalarını günahlandırmağa, pis niyətli söhbətlərə son versəniz, aclar üçün özünüzü fəda etsəniz, yoxsulların ehtiyacını qarşılasanız, işığınız qaranlıqda parlayacaq, qaranlığınız gündüz kimi işıqlanacaq. Rəbb hər zaman sizə yol göstərəcək, quraq torpaqlarda sizi doyurub gücləndirəcək, yaxşı sulanmış baxça kimi, tükənməz su qaynağı kimi olacaqsınız.

Bibliya/Yeşaya 58

Thursday, March 18, 2021

Küləyə bürünən

Ey gözləri günəşlə bir açılan,
Ey küləyin yorğanına bürünən,
Ey hər səhər ümidləri uçulan,
Ey aynada özünə yad görünən...

Aynaların günahı yoxdur, əşşi,
Küləkdən qayğı da gözləmək olmaz.
Buludsuz səmadan baxan günəşi
Gözləri açıqkən izləmək olmaz.

Bağla gözlərini, ürəyini də,
Zərbənin üstünə zərbə dəyəcək.
Keçmişdən iz dolu kürəyini də
Kədərlər qıracaq, illər əyəcək.

Saxla ürəyindən keçəni, demə,
Hisslərin dilindən sezilən deyil.
İncitmə özünü, daha qəm yemə,
Onsuz da heç bir şey düzələn deyil.

Sunday, February 7, 2021

Polad qapılar

Ahü-zar könlümə yenə ev qurub
Hər gecə yuxuma kabus göndərir.
Gözlərim Günəşdir, zamanım qürub,
Yumulur, zülmətə məhbus göndərir. 

Bağlayır ürəyə gedən izləri,
Bağlayır, qapılar poladdır daha.
Bu bağlı qapıya dikib gözləri
Gözləmək boşuna inaddır daha.  

Gün keçir, ay keçir, yollar qısalır,
Sifətlər dəyişir, adlar dəyişmir. 
Addımlar uzanır, qollar qısalır,
Yaxınlar azalır, yadlar dəyişmir.

Dəyişməz gedənin boş qalan yeri,
Dəyişən qəlblərin daşa dönməsi.
Hər şeyin, hər kəsin qayıdıb geri
Dolanıb-dolanıb başa dönməsi...

Friday, February 5, 2021

Nə zaman oldu

Mən özümü qəmli musiqilərdə,
Yolumu sonsuz pilləkənlərdə,
Dostlarımı içki masalarında itirdim.

Mən günəşi ay işığında unutdum,
Gecəyə aşiq oldum,
Göz yaşlarımı buludlara bağışladım.

Mən kədəri ilk yol ayrımında tərk etdim,
Tərk etdiyim şəhərlər küsdü məndən,
Küçələrindən ayaq izlərimi sildilər. 

Mən səni küləkli günlərdə sevdim,
Eşqinə qarşı qoymaq
Küləyə qarşı yerimək kimi idi.

Sunday, January 17, 2021

Dua

Qırma biləklərimi,

Məni əlsiz buraxma,

Əllərim dirəyimdi,

Ürəyimdəki daxma

Dağılmasın,

Uçmasın.


Damında yuva quran

Göyərçinlər qaçmasın.


Sözümü kəsmə mənim,

Məni dilsiz buraxma,

Yorğun ürək səsimi

Dinləyəsən,

Duyasan.


Ürəyimin kirini,

Çirkabını yuyasan.


Yenə də günəş çıxır,

Məni gözsüz buraxma,

Gözlərim yerə baxır,

Ovuclarım səmaya.

Bağlanmasın,

Dönməsin.


Gözlərim pəncərədir,

Daxmamın işıqları

Tükənməsin,

Sönməsin.


Məni var edən də sən,

Məni mən edən də sən,

Daxmamın özülünü

Sevgidən edən də sən. 

Məni sənsiz buraxma...

Wednesday, January 13, 2021

Yasəmən

Dumanlı gecədə günəş parlayar,

Yasəmən çiçəyi açar qış günü,

Təqvimlər bu günü ömürdən sayar,

Gərək ki bu gündən saysın ömrümü. 

Sunday, January 3, 2021

Fani

Karvanlar, ordular
Keçən yolları
Tapdayıram, keçirəm.
Kimlərin ayaq izi
Ayağıma yapışır?

Yanağıma toxunan
Narın yağış damlası
Məndən uzaq bir zaman
Bəlkə on il, bəlkə də min il əvvəl
Kədərli bir atanın,
Ya tənha bir qadının,
Ya yetim bir uşağın
Gözündən yerə axmışdı.

O binanı tikən adam,
Bu ağacı əkən adam,
Qutusu yerdə sürünən
Siqareti çəkən adam
İndi hardadır görəsən?

Aldığım bu nəfəs
Bu ana qədər
Neçə ciyər dolaşıb?

Dünən gördüyüm adamlar
Bu gün də sağdılar mı?
Bu səhər yola düşənlər
Yolun sonuna çıxdılar mı?

Hər açan qönçə bir gün
Qurumuş gül olacaq.
İndi alışan ocaq
Nə vaxtsa kül olacaq.

Güzgüdən gözlərini
mənə zilləyən adam
Nə vaxt şəkil olacaq?