Thursday, September 12, 2013
Günəşin doğuşu
Səhər açılana yaxın günəşin doğuşunu izləmək məqsədilə eyvana çıxdı. Uşaqlığında tez-tez edərdi bunu. Atası onları tərk etməmişdən əvvəl, gözəl bir yaz səhəri birlikdə kənddəki təpəyə çıxıb günəşin doğuşunu izləmişdilər, ailəlikcə. Qardaşı lap körpə olduğundan anasının qucağında şirin yuxuda idi, o isə “günəşi mən görəcəm, o görməyəcək” deyib sevinirdi. Məsum bir qısqanclıq hiss olunurdu sözündə. Atası isə onu qucağına götürüb “eybi yox, böyüyərsən, qardaşınla bir gələrsiz günəşə baxmağa” demişdi. Necə də xoşbəxt idilər, necə də gözəl ailələri var idi. Bilirsiniz, önəmli olan qalaktikadakı milyonlarla ulduzdan birinin – Günəşin görünməyə başlaması deyildi, önəmli olan həmin ulduzla birlikdə gələn səhəri sevdiklərinizlə bir açmaqdır. İndi isə o təkdir. Və bu eyvan o təpə deyildi. Eyvandan baxdıqda qarşısında gördükləri – hündür binalar günəşi izləyə bilməyəcəyi anlamına gəlirdi. Bu şəhər həqiqətən də sevgisiz şəhərdir. Günəşin olmadığı şəhərdə sevgidən söz gedə bilməz. İnsanların gözlərinin önünü kəsən daş binalar təbiətin gözəlliklərini görməyə mane olduğu kimi qəlblərinin də önünü kəsirdi sanki. Hissiz, ruhsuz, soyuq ürəkli insanlar yetişirdi sevgisiz şəhərdə.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment