Tuesday, July 29, 2014

yuxulardan qaçaraq

göy üzündə yeriyirik,
gecə,
yalnız,
yuxulardan qaçaraq..
biz qanadsız sərçələrik,
necə
cansız,
necə qorxaq..

şimşək çaxanda
sərçələr
göydən yerə baxırlar..
biz baxanda
yerdəkilər
yuxuya oxşayırlar..

İnan ki bu deyil yuxu,
baxma,

baxsan kor olaram,
buludlara meydan oxu,
qorxma,
yanında mən varam..


29.07.2014

Sunday, July 27, 2014

şirin nağıllar

Görünənlər hamısı

Şirin nağıllar imiş..

Bəzisi yalan imiş,

Doğru imiş yarısı..


Gözəl bir qız var imiş,

Günəşə bənzəyərmiş..


Gecələr yox olarmış,

O olmayınca güllər

Həsrətindən solarmış..


Güləndə dodağı yox,

Kirpikləri gülərmiş..

Ağlasa göz yaşını

Dalğalarla silərmiş..


Qar adam da hər səhər

Yolunu gözləyərmiş..

Gəlsəymiş əridərmiş,

Gəlməsəymiş

Ölərmiş..


27.07.2014

Thursday, July 24, 2014

Küsmüşəm..

budaqları qırılmış
ağacların dostuyam,
nankor deyə anılmış..
çirkaba batmış suyam,
yağışlardan küsmüşəm..

illərcə döyüşmüşəm
təmizə çıxım deyə..
doğma olmaq istəyib
dönüşmüşəm özgəyə,
tanışlardan küsmüşəm..

yüksəlmək arzusuyla
öz gözümdən düşmüşəm..
deyirlər dəyişmişəm..
yenilmək qorxusuyla
yarışlardan küsmüşəm..

Tuesday, July 22, 2014

Yorulacaqsan..

bir səhər yuxudan ayılacaqsan
"mən" bilərək
divarlara toxunacaqsan..
əlsiz qələmimə əlcək toxuyub
əlimi tapmayıb qırılacaqsan..
keçmişdən bir neçə şeir oxuyub,
sətirlər içində yox olacaqsan..
yorulacaqsan..

Monday, July 21, 2014

Gələcəkdən məktub -_-

Salam, Müzəffər. bu ismarıcın yazılma tarixi uzaqdır, sənin hazırda yaşadığın dövrdən uzaqda. Fatalemental təqvimi ilə Ⅶ;%" ildən sənə bu məktubu yazıram. ilk əvvəl bu məktubu yazmaq istərkən Müzəffər mənə imkan vermədi, dedi qoy o öz səhvlərini özü görsün, peşman olacağı addımlar atsın, yanlız bu yolla o mən ola bilər. Uzun müddət mən də bu qərarın düzgün olduğunu düşündüm, amma indi Müzəffərin Mayamidaki otellərin idarəsi ilə bağlı ortaya çıxmış problemləri həll etmək üçün Mayamiyə yollanıb və mən qısa bir vaxt taparaq sənə aşağıdakı məlumatları vermək istərdim: ( gələcəyinlə bağlı)
- Leyla ilə Mecnunun bütün ekibini bir yerə yığıb "Leyla ile Mecnun 2" dizisini Onur Ünlüyə çəkdirdin. -Ağ Bentli alıb, qayadan aşağı ataraq, "kaç para lan bi bentli" deyərək qəhqəhə çəkdin. - 1 milyard dollar ayıraraq, uzun araşdırmaların başlanmasını istədin hansıki bu araşdırma sonunda həkimlər Mətinin beynindən "gopalius" hüceyrələrini çıxardılar və hazırda Mətin basıb-bağlamır. - 2014 ildə "kitaydan mal gətirib burda satarıq" deyə başlatdığın ideya hazırda "Sopolus" adı ilə bütövlükdə "Amazon" və "Ebay"ın dövrüyəsindən daha çox pul gətirir. -2015 ilin fevral ayında 107 nömrəli avtobusun sürücüsü arxadakı yerləri həmişəki kimi hamıdan tez tutduğumuz üçün yerindən durub, yanımıza gəldi bu neçə illər ərzindəki performansımıza görə bizə alqışladı və "107 passenger fondation" tərəfindən bizə aylıq təqaüdlərin ayrıldığını dedi. - "bekarlığa elveda" partisində colava araq qatıb səni içizdirib rəqqasələrlə şəkil çəkdirib instagramda paylaşdığın şəklə baxmayaraq ..... ilə toyunuz baş tutdu, bir oğlun və bir qızın var, bu yaxınlarda da baba olacaqsan.
-Savalan Süleymanov

Manyofobiya 2

Özüm özümü aldatmaqdan və hər dəfəsində dediyim yalana inanmaqdan, azmış kimi yalana inandığımı özümdən gizlədiyimi bilməkdən utanıram. Təsəlli verilməsinə elə ilk gündən nifrət edirəm, "düzələcək". Heç nəyin düzəlməyəcəyinə, istəsəm də istəməsəm də hər zaman acı çəkəcəyimə əminəm. Əmin olmasaydım bəlkə də heç acı çəkməzdim, ya da yenə özümə yalan deyib utanc içində çırpınardım. Əlimə bir şüşə götürüb yerə tullamaq, parçalanarkən çıxardığı səsdən və yalın ayaqla şüşə qırıntılarının üstündə yeriməkdən - canımın yanmasından həzz almaq istəyirəm. Bu ki dəlilikdi. Mənə qızmar günəş altında, səhrada kilometrlərlə uzanan asfalt yollar lazımdı, yeridikcə yanan ayaqlarımı, günəş vurduqca kor olan gözlərimi hiss etmək, o əzabın içində yaddaşımı, bütün bildiklərimi unutmaq - hər şeyi yenidən başlamağa hazır olmaq, özümü aldatmaq istəyirəm. Yalnız belə olarsa mən öz yalanıma inandığımın fərqinə varmaram. Bilsəm də bir şey dəyişən deyil, özümdən utanmağa, yaşamaqdan bezməyə çox səbəb tapa bilərəm, bu ki gülümsəməkçün bəhanələr tapmaqdan çox daha asandı. Amma mən çox gülümsəyirəm. Çox düşünürəm. Ən böyük problemim də bəlkə elə budu: lazımsız hadisələri, lazımsız insanları, lazımsız hər nə varsa hamısını düşünürəm. Dəli olmağa bəs edəcək qədər düşünürəm, dəli olmuram.. Ağlımı itirmədiyim hər anı ağlımı itirmək qorxusuyla keçirirəm, bezmişəm. Bezmişəm!

Saturday, July 19, 2014

Yuxuda əlini tutmuşdum gecə #2

Yuxuda əlini tutmuşdum gecə,
Əllərim istiydi, əllərin soyuq..
Bilmirəm gəlmişdik bir yerə necə,
Günlə ay nədisə, sənlə mən oyuq..

Əgər gördüklərim yuxu olmasa,
Qar adam Günəşlə necə baxışar?
Əriyib məhv olar yaxın dayansa..
Bu necə yuxuydu kabusa oxşar?

O yuxu uzaqda keçən bir ilmiş,
Qəlbim gələcəyi yuxuda duymuş,
Sən demə əllərin soyuq deyilmiş
O soyuq qəlbimin soyuqluğuymuş..

Yazdığım sətirlər deyilmiş yalan,
Günəş qar adamı sevərmiş məgər..
Əllərim əlinə dəyər bir zaman,
Yuxular gerçəyə dönərmiş məgər..

Friday, July 18, 2014

Nə qədər sevirəm?

Yol boyunca uzanan taxıl zəmiləri,
Qəfəsdən azadlığa çıxmış
Bülbülün xoşbəxtliyi,
Yuvasıyçün darıxmış
Köçəri quşların həsrəti,
Yoxsa mənim sevgim daha böyükdü?

Kiçik qara qarışqanın qisməti
Əzilmək imiş.
Qışqırır, ağlayır, "bu necə yükdü?"
Sənin də qismətin
dəlicə sevilmək imiş,
O zavallının əzilərkən can ağrısı
Yoxsa mənim sevgim daha böyükdü?

Sahili tutmuşdu dənizin qarğışı
İndilərdə okeanlar da bölük-bölükdü
Sönmüş dəniz fənəri..
Fənərsiz gecənin qaranlığı..
Dənizçilərin hünəri
Yoxsa mənim sevgim daha böyükdü?

Bülbül dadacaqsa azadlığı
Qarışqa dirilib sağalacaqsa
Fənərlər yenidən yanacaqsa
Əgər biz istərsək,
Quşlar yuvalarına dönərsə,
Dünyada bütün üzlər gülərsə
Və tək çarə biz isək
Sevgim niyə az olsun ki nədənsə?

Tuesday, July 15, 2014

Yer kürəsinin ən kənarı

qar yağışı kimi torpağın üstünə səpələnən insan parçaları nəfəsləri kəsən küləkdə yer kürəsinin ən kənarına sovrularaq tənhalıqlarından yalançı birliklər yaradırlar. gündüzləri yenilməz yumruq olub çıxırlar yorucu can ağrısının qarşısına. nə çarə gecələr göz yaşlarında boğulurlarsa. hər saçlarına sığal çəkənə ana, hər başlarını yasladıqlarına dost çiyni, hər adı qəlblərinə titrəmə salana eşq deyib aldadırlar bir-birilərini. amma gecəni aldatmaq necə də çətindir, ha çırpınsalar da qəlblərini dindirməkçün uydurduqları təsəllilərə inandıra bilmirlər qaranlığı. heyif sizdən, yer kürəsinin ən kənarına sovrulmuş insan yığını, heyif ən qara vaxtında ağaran saçlarınızdan. sizlər ki yad nəfəslərdən doğma ocaq qalamısınız adsız qalan dərdləriniz isinsin deyə, sizlər ki gecəylə düşmən olmusunuz gündüzün canını yandırmasın deyə. sizlər ki çayı belə ən acı halıyla sevmisiniz, indi göz yaşının duzundan mı, ya kürənin ən kənarını kəşf etmiş olmaqdan mı qorxacaqsınız?

Tuesday, July 8, 2014

Sən gəldin

İllərin yorğunluğunu bir yük kimi daşıyarkən çiyinlərimdə, Ayaqlarım yeriməkdən bezmişkən kimsəsiz küçələri, Ağaclar qurumuşkən yazın ortasında, Qardan geyim varkən əyinlərində, Ulduzlar tərk etmişkən gecələri, Göy üzü qaranlıqkən günün günortasında, Nifrət səpilmişkən qızılgül kollarına Və gözlərim dikilmişkən yollarına Sən gəldin..
Necə Günəş gələrsə və dağıdarsa gecənin sükutunu Necə yağış yağarsa tikanlı səhralara Necə gözəl gülərsə Aşiqlər bir birinə, Gülərüz insanlarla necə dolarsa küçə Ən qaranlıq zamanda Son ümid də solanda Sən gəldin..
Daha bezdirmir yolların uzunluğu Ən uzun yol olub qısa Ağır gəlmir illlərin yorğunluğu.. Bahar deyə bildiyim Daha bənzəmir qışa.. Az qalmışdı Kipiklərim çıxacaqdı gözlərimlə savaşa, Sən gəldin..

Thursday, July 3, 2014

Bakı

şəhərin gecələri
gündüzlərindən işıqlıdısa,
və küçələri
evlərindən yaraşıqlıdısa,
demək bir yerlərdə
birinin haqqı yeyilir,
belə şəhərlərdə
salamdan çox
yalan deyilir..

Wednesday, July 2, 2014

həmişəlik qal

yorulmuşdum nə qədər,

yüngül ürək ağrısı

səssizcə gülən kədər

qurumuş yarpaq idi

yaraların sarğısı..


ürək də axmaq idi,

elə gülən kədər də..

bir az darıxmaq idi,

bir az qaçmaq istəyi,

istəmək hədər idi..


qırıq qapı dəstəyi,

bağlı qalan qapılar..

sevirdim gözləməyi,

məni də bu otaqdan

bir çıxaran tapılar..


tərpənmirdim yataqdan

uyuşmuşdu bədənim,

qurumuş bir bulaqdan

su gözləyən kimiydim,

yoxdu gələn-gedənim..


bəlkə də mən dəliydim

səni sevirdim deyə..

yolumu getməliydim

adını unudaraq,

öyrəşib sənsizliyə..


yuxulardan çıxaraq

gəldin günün birində..

gözlərinə baxaraq

nə deyərdin görəsən

olsan mənim yerimdə?


"mənimləsən yenə sən,

yenə məni məndən al..

istəmirəm gedəsən,

getmə, həmişəlik qal.."


02.07.2014

Tuesday, July 1, 2014

zərif bir külək

zərif bir külək əssin

bir tutam saç tökülsün

sağ gözünün üstünə..

bir az saçında gəzsin

yolunu azmış külək..

yavaş-yavaş sökülsün

dan yeri..

günəşi görək..


yağış yağsın üzünə,

damlaları birləşib

yanaqlarını yusun..

dönüb baxsın üzünə,

adını fikirləşib

sənə nəğmə oxusun..


o külək də mən olum

elə yağan yağış da..

əsəndə, saçlarından

düşsün hər zaman yolum..

süzülüm hər damlada

zərif yanaqlarından,

gedim, qəlbinə dolum..