Tuesday, August 23, 2022

Tanı

Mən səni saçlarının küləyindən bilərəm,

Mən səni baxışının gileyindən bilərəm,

Mən səni büllur kimi ürəyindən bilərəm,

Sən məni ürəyimin yorğunluğundan tanı.


Ayrı düşmərik daha, getmərəm də bu yerdən,

Əllərimin zənciri möhkəm olur dəmirdən,

Yadların arasında itirsən məni birdən

Hamı xürrəm olanda durğunluğumdan tanı.


Bəşər gözümdən düşür səndən uzaq qalanda,

Özümü unuduram səni yada salanda.

Əllərində tərəddüd, üzündə qəm olanda

Susmayan kədərimin dolğunluğundan tanı.


Bir zaman gəlib məni gözümdən tanımasan,

Yollarına yapışan izimdən tanımasan,

Məni bilən qəlbinin səsindən tanımasan

Ağaran bənizimin solğunluğundan tanı...


17.08.2022

Friday, August 5, 2022

Günəşi görmüsənmi?

Günəşi görmüsənmi?

Gözünü qırpmısanmı?

Atını qayaların

Qoynuna sürmüsənmi? 

Üzünü küləklərin 

Səsinə çırpmısanmı? 


Heç bir qız uşağının

Saçını hörmüsənmi?

Gözlərinin içində

Əksini görmüsənmi? 


Sən heç göy qurşağının

Rəngini saymısanmı?

Bir anlıq xatirəni

Bir ömrə yaymısanmı? 


Bir qadın sevmisənmi? 

Əlini tutmusanmı? 

Gözünə baxmısanmı?

Yerdə qalan hər şeyi

Bir an unutmusanmı?


Yolunu tapmısanmı?

Yolunu axtararkən

Səni itirmisənmi?

Qəlbindəki uşağı

Geri gətirmisənmi?


Çox ikən, güclü ikən

Heç yalnız qalmısanmı? 

Yağışlara qarışıb

Gözünü göyə dikən

Bir məsumun bükülmüş

Ovcuna dolmusanmı? 

Heç xoşbəxt olmusanmı? 

Tuesday, June 7, 2022

Yaxşı insanlar

Yüngül baş ağrısı ilə və bir az da soyuqdəyməli halda avtobusa mindim. Əyləşmək istəyəndə bir qadın məni itələyərək özü keçib əyləşdi. Başqa yer seçdim. Arxa oturacaqda oturmuş oğlan telefonunda yüksək səslə əcaib musiqiyə qulaq asır, bir yandan da ağzındakı saqqızı şişirib partladırdı. Metroya yaxınlaşanda avtobusdan düşməyimə israrla yol vermək istəməyən kütlənin arasından çətinliklə sıyrıldım. Metronun önündə bir-biri ilə qışqıraraq mübahisə edən taksi sürücülərinin səsi onsuz da artmış baş ağrımı bir az da şiddətləndirdi. Metro stansiyasına daxil oldum, birtəhər platformada olan kiçik oturacaqların birində əyləşib başımı əlimə söykədim. Mənlə yaxın yaşlarda bir oğlan yaxınlaşıb necə olduğumu, köməyə ehtiyacım olub olmadığını soruşdu. Təşəkkür edib qalxaraq stansiyaya çatmış qatara mindim. Soyuqdəymənin təsiri ilə yüngülcə asqırdım, əlimi cibimə atıb dəsmalımı tapa bilmədim. Yanımda oturan qız mənə salfet uzatdı, götürdüm, təşəkkür etdim. Qatardan düşəndə babasının qucağında oturmuş qumral dalğalı saçlı körpəyə gülümsədim, gözlərimi qırpdım, o da mənə gülümsədi, əl etdi. Qatardan düşüb sakit addımlarla çıxışa doğru getməyə başladım. Başımın ağrısı keçmişdi və mən hələ də inanırdım yaxşı insanların varlığına...

Aprel, 2019

Wednesday, February 2, 2022

Varlıq axtarışı

Özümü tapmağa dünya nə böyük,

Uzaqdan baxınca gör nə kiçikdir,

İçimdə çağlayan ümman nə böyük,

Cahanda tutduğum yer nə kiçikdir...


Bir damla su məni yusa, aparsa,

Torpağın üstündə izim də qalmaz.

Külək qollarımı qırsa, qoparsa,

Ağzımı açmağa üzüm də olmaz.


Hər gün bir ciyərlik içib fəzadan,

Torpağı bir addım qədər əzirəm. 

Fəqət yorulmadan ağrı-əzabdan

Boyumu aşmağa yollar gəzirəm.


Boyumdan yuxarı olanı saydım,

Əlimin içində olan azaldı.

Belindən qavrayan mən olmasaydım

Bu qələm kim bilir nələr yazardı.

Ey gecəyə gizlənən

Ey gecəyə gizlənən

Kölgəsi özündən böyük,

Ey səmada gözlənən,

Vücudu ruhuna yük!


Ey nəfəsi daralan

Ürəyi özündən qoca,

Beş addıma yorulan,

Adı boyundan uca.


Sənlə hesablaşmağa gəlmişəm,

Ayağa qalx!

İçinə həbs etdiyin

Acizi sərbəst burax.


Qəbul et kimliyini,

Sən özündən kiçiksən,

Milyonların içində

Gərəksiz zərrəciksən.


Qəbul et və azad ol,

Təslim ol gerçəkliyə,

Özün-özünə yad ol,

Salam çatdır təkliyə..