Wednesday, January 31, 2018

həyat yuxusu

yatmaq necə gözəldir,
yuxu necə gözəldir.
həyat bizə yuxudan
kiçik-kiçik ölümlər
yox oluşlar düzəldir.

saçımızdan sallayır
ağ günləri birbəbir,
oxşayır, sığallayır
başımızı uşaqtək,
bilməyək ölüm gəlir.

dolanır sarmaşıqtək,
gövdəmizə çatanda
canımızdan su alır,
həyat hər boy atanda
zamanımız daralır.

ehey, yuxusu qaçan,
qaçan deyil, sevinmə,
əbədiyyət yuxusu.
yat, yuxudan doyunca,
həyat da başın üstə
sənə lay-lay oxusun.

Wednesday, January 24, 2018

Kədərin

bahar güllərindən əlcək hörürəm,
əlimdən qoxusu getmir kədərin.
bir çiçək, bir meyvə verməz, görürəm,
kökündən tikan da bitmir kədərin.

ağıza almalı deyil, pis dadır,
zəhərə bənzəyir, səni aldadır,
baxma ki zəhərlə eyni yoldadır,
dadına zəhər də yetmir kədərin.

ölənlər yuxudan oyananadək,
günəşin işığı dayananadək,
ürək çıraq olub tam yananadək
bircə zərrəsi də itmir kədərin.

boşa ürəyimdə kotan sürürəm,
bəhəri bir xeyir etmir kədərin,
bir çiçək, bir meyvə verməz, görürəm,
kökündən tikan da bitmir kədərin.

Sunday, January 21, 2018

Sərhədləri yıxan qadın

Sərhədləri vurub yıxan qadının,
Gözlərində günəş çıxan qadının
Saçlarında ulduzları sayıram.

Üfüqlərdən durub baxan qadının
Baxışında gündüzləri sayıram.

Yuxuda da onu sayıqlayıram,
Darıxıram, darıxıram, gülürəm,
Sonra gedib sarılıram gecəyə.

Hərdən olur, yoruluram, yenə də
Çıxıb gecə o olmayan küçəyə
Adındakı qaranlığı gəzirəm.

Hərdən olur, yoruluram, bezirəm,
Qaranlıqda tapmayanda izini.

Hərdən olur görmədən də sezirəm,
Səhər mehi olub əsən qadını,
Gecə göy üzündə gəzən qadını.

İstəsə günəşi gecə görsənir,
İstəsə gecəsi gündüzlər gəlir
Aydan saçına tac taxan qadının.

Sərhədləri vurub yıxan qadının,
Gözlərində günəş çıxan qadının
Saçlarında ulduzları sayıram.

Üfüqlərdən durub baxan qadının
Baxışında gündüzləri sayıram.

Monday, January 15, 2018

zənn edir

baxışın olsa da mənə hədiyyə,
çox baxma işığı itməsin deyə.
gözəl gözlərinin güzgüsü niyə
məni olduğumdan böyük zənn edir?

həsrətin örtdüyü yandandı bəlkə,
arada dayanan yoldandı bəlkə.
yarısı səndədi, bundandı bəlkə,
görənlər qəlbimi bölük zənn edir.

palçığa batanda bəlkə görünmür,
fəqət nə olsa da işığı sönmür.
həqiqət dalınca keçməyən ömür
günəşi gecələr sönük zənn edir.

sən də bilirsən ki, həsrətlər əbəs,
qəlblər arasına məsafə girməz.
yalnızca ürəyi daşdan olan kəs
insanı bir qucaq sümük zənn edir.

Saturday, January 13, 2018

Bu yol

Önüm, arxam dolu ayaq izlərim,
Bir yoldayam, uzunluğu boyumca.
Bu yoldu ki, mənim yorğun gözlərim
Qarış-qarış çəkib illər boyunca.

Palçığını bir işıq təmizləyir,
İsinir, bərkiyir palçıq tərəfi.
Bu yol mənim əllərimə bənzəyir.
Göy üzünə baxır açıq tərəfi.

Nə zamandır ayaqlarım yorulub,
Bu yerdə durmuşam, addım atmıram.
Elə mən də bir aşılmaz yol olub
Uzanıram, uzanıram, çatmıram.

Thursday, January 4, 2018

Darıxma

Səhər kələyini kəsən küləklər,
Axşamı mənimlə birgə bitirir.
Pərişan saçından əsən küləklər
Qamaşan gözümə salam gətirir.

Yağışda ovcuna tökülən sular
Mənim gözlərimdən uçub gəliblər. 
Sənin ürəyindən keçən arzular,
Mənim ürəyimə möhürləniblər. 

Darıxma, günəş ki görürsən orda,
Mən də o günəşin işığındayam.
Səma da eynidi, qış da, bahar da.
Nə olsun mən bir az uzağındayam?

pəncərələr

sənlə mən eyni evdən
əks yönlərə baxan
iki kiçik pəncərə.
baxışırıq nə vaxtdan.
bilirsən, dünya kürə,
sevgi də sonsuz olur.

bəzən gəlib su dolur
çərçivəmin içinə,
sonra mən ağlayıram.

sonra da aram aram,
o su gedir qarışır
elə həmən yağışın
sənin gözündən axan
damcılarına.

səhər səni isidən
günəşin şüaları
axşam gözümə batır.
bu evin adamları
səhər sənlə oyanır,
gecələr mənlə yatır.

bəlkə nə vaxtsa sənlə
qovuşarıq, nə bilim.
qocalanda bəlkə də
gözəl bir bayram günü
eyni tonqal içində
alışarıq, nə bilim.

kaş ki, deyirəm hərdən,
sənlə mən eyni evdən
eyni yönlərə baxan
pəcərələr olardıq.

ya iki qonşu evdən
əks yönlərə baxan.