Thursday, September 12, 2013

Manyofobiya

İlk dəfə xoşbəxt olmamaq üçün bu qədər çırpınıram. Xoşbəxtliyin əslində çirkin ruhları şəffaf göstərən pərdədən başqa bir şey olmadığını anlamışam deyəsən, kor olmaq istəmirəm.  İzlədiyim gözlərdə mənə baxarkən gördüyüm düşmənçilik ifadəsini dostluğa dəyişmək ya da başqa sözlə düşmənçilikdə dostluq axtarmaq kimi - xoşbəxt olmaq və ya özümü aldatmaq, çirkinlikləri görməyin verdiyi zövqdən məhrum olmaq kimi bir niyyətim yoxdu. Sadəcə bütün bu yaşanmışların və yaşandığını düşündüyüm aldatmacaların məni dəli olmağa sövq edəcəyini, bəlkə də artıq kənardan lazımsız bir fikir yığını kimi göründüyümü və bunun dəlilik olaraq başa düşüldüyünü anlayıram. Sakit bir yerə çəkilməyə və düşündüklərimi kağıza köçürüb bir an öncə bütün çirkin fikirlərimdən azad olmağa ehtiyacım var. Qatil olmaq üçün beynimdə yaranan marağın daha da böyüməməsi üçün əlimdən gələnin artığını etməyimə baxmayaraq hələ də yuxularda insan öldürməyim və azmış kimi bundan zövq almağım məni çox narahat edir, hər şeydən, hər kəsdən, ən əsası da ağlımı əlimdən alan günah dolu yuxulardan qaçmaq, azadlığa qovuşmaq istəyirəm. Bəlkə də gecikmişəm, düşüncələrimin əsiri olmamaq və daha gözəl bir həyat yaşamaq kimi şanslarım var idisə də mən dəli görünümünü üstün tutdum, indi isə geri dönüşü görünməyən bir yoldayam. Geri dönüşü olmayan yox, görünməyən.

No comments:

Post a Comment