Sunday, December 29, 2013

hərdən..

üşümək istəyirmişsən hərdən,
tüstüsüz bacalardan
ya bacasız evlərdən
ya da evsiz insanlardan öyrən
necə əzablı olur
barmaqlarının donduğunu görən
insan, ya da özünü insan sayan..

ədalət istəyirsənmiş hərdən,
gecənin dördündə oyan,
işıq tapa bilsən küçələrdən,
bax, ədalət o işıqdan çox deyil..

dost istəyirmişsən hərdən,
çox gözləyərsən, çox..
dostam deyənlərdən,
üzdən gülüb
ardından söyənlərdən,
hə, bir az da özündən bezərsən.

yağış istəyirsənmiş hərdən,
yağışın romantikasına
səni də inandırıblar deyəsən,
sən də ki, inanmısan..
əşi, ya 'odun' ya 'öküz'
deyərdilər inanmasan..

ağlamaq istəyirmişsən hərdən,
bir bəhanə
bir səbəb
ya da ki başqa hər nə,
axtarırmışsan ağlamağa..
ağlama,
yazıqdı gözlərinə..

ölmək istəyirmişsən hərdən,
ağ gün xəbəri almış kimisən
sənə qədər ölənlərdən..

Monday, December 23, 2013

Rəssamın..

gözlərinin rəngini
soruşum rəssamından,
o daha yaxşı bilər
niyə həmin gün səni
keçirirdi yanımdan..

özüm də inanmadım,
arxanca sürünməyim
çox xoşuma gəlirdi..
rastlaşmamız anladım,
boş-boşuna deyildi..

sən də anlamalıydın
asta addımlarımdan
ki səni izləyirdim,
üzümü çevirəndə
güya baxışlarından
özümü gizləyirdim..

bilmirəm, necə olub
o gündən bu günəcən
saçlarında qalmışam..
hər nəysə, gecə olub,
get, xeyrə olsun gecən..

saçlarının rəngini
soruşum rəssamından,
o daha yaxşı bilər
niyə həmin gün məni
aparmışdı o yoldan..

Sunday, December 22, 2013

Yaşanmalıydı, yaşandı.

Bunlar yaşanmalıydı, əminəm, heçnə boş boşuna deyildi. Səni tanımağım gözlənilməz hadisələr ardıcıllığının nəticəsində olmuşdu, ki onlardan hətta biri belə olmamış olsaydı və ya hər hansı birisi bir neçə saniyə gec və ya tez olsaydı səninlə qarşılaşmağım mümkünsüz olacaqdı. Bütün bunlar kənardan baxanda xoş və ya indiki düşüncəmlə, axmaq təsadüflərə bənzəyə bilər, amma mən kor təsadüflərə inanacaq qədər ateist deyiləm, yaşanmalıydı, yaşandı.

Saturday, December 21, 2013

...

sənlə qarşılaşanda
üz vurmazsan utansam..
kefini soruşanda
yalan demə,
adamsan..
pissənsə de ki,
pisəm..
qorxma ki,
birdən desən
qəlbimi incidərsən..
heç nədən incimərəm
məni sevsən əgər sən..

Friday, December 20, 2013

qırıq qayıq

qırıq qayığım və mən
yenə də sahildəyik,
yolunu gözləyirik..
gözləyirik gələsən..
biz bilirik
necə olur qırılmaq,
qırma bizi..
yaxından bax
necə külək gör dənizi
dalğalara məhkum edir..
dalğaların biri gəlir,
biri gedir..
biz də gedək..
gəl, hardasan?
gur dalğalar qayığı
isladan tək
istəmirəm sən də mənim
gözlərimi isladasan..

Sunday, December 15, 2013

Qadın

şən mahnılardan
kədərlənən qadın,
sən bu zamanın insanı deyilsən..
ara yerdə hədər gedən qadın,
heç kimsə sevmir səni..
nə də sevmək deyil sənin işin..
səs-küylə hər səhər gələn qadın,
axşamlar səssiz olur gedişin..
boynuna dolanan qollarımdan
istisini duyduğun nəfəsimdən
üstünə qoxusu çökmüş
çirkli paltarımdan
gileylənən qadın..
bəzən ağlamağa dərd,
bəzən küsməyə bəhanə axtarırsan..
bəzən özümdən də mərd,
bəzən kövrək olursan.
bəzən də çox qırırsan qəlbimi,
kirpiklərimə yelləncək qurub
yellənnən qadın..
baxmayanda önümdə durub,
baxandaysa saçlarımın arasında
gizlənən qadın,
heç bilmirəm ürəyinin harasında
izim qalıb..
inan mənə, səni bir də
olmayacaq sevən, qadın..

Thursday, December 12, 2013

Qara saçları vardı..

o səhər əllərimdə
soyuğu vardı payızın..
titrəyə-titrəyə
yanımdan ötən qızın
qara saçları vardı..

gözləri gözlərimi
arxasınca apardı..
iri, gözəl gözləri,
hə, bir də yadımdadı,
qara saçları vardı..

hələ də anlamıram
axı həmin gün onun
saçlarında nə vardı..
bircə bilirəm, uzun,
qara saçları vardı..

bir kənarda dayanmış,
məsum-məsum baxırdı..
dağınıq, az daranmış,
qara saçları vardı..

Sunday, December 8, 2013

...

bax, önümdə biri var
gözləri yerə baxır..
çox gözəl əlləri var..
sevmək istəyirəm,
bilirəm
yoxdu sonu..
bilmirəm
necə sevməyim onu?
danışanda nəfəsi
qəlbimə dəyir axı..
səsi də
baxışı da
mənə bənzəyir axı..

Saturday, December 7, 2013

Adsız..

yalvardım..
"nə olar ki,
gəlib yanımda dursan?
"sakitcə pıçıldadı..
"sus" dedi, "qorxudursan"..
utandım..
"çox gözəlsən" dedim "sən..
kaş ki adını bilsəm.."
"sən kimsən?
nəyinə lazım adım?"
susdu..
o susdu mən ağladım..
əllərimi uzatdım,
geri çevirdi, sonra
"bax" dedi, "uzaq dayan.."
soruşdum,
"axı mən gedim hara?
nə qədər yaxın olsam
yenə də uzaqdayam.."
"danışma" dedi "mənlə.."
"gözləmə" dedi "səni
adam sayam.."
üşüdüm,
səsinin soyuğundan üşüdüm.."
adını de..
ya ölüm.."
dinmədi..
getmək istədi..
"getmə!
ay qız, eyləmə, etmə,
olsa olsa
bircə kəlmə adın var!"
incidi məndən..
dedim "qız, 
bu nə nazdı?"
açdı çantasını,
ağ vərəq aldı içindən..
yazdı.. yazdı.. və yazdı..
o yazdı, mən oxudum..
"istəmədim..
istəmədim ürəyinə toxunum..
mən hər zaman sevilən,
özünü sevənləri
səssizcə atıb gedən,
insafsız qadın.."
"oxuma" dedi "dayan!"
özü oxudu..
"mən sevgini,
eşqi oyuncaq sayan
vicdansız qadın..
"əlimi tutdu,
dedi "imza:
adsız qadın.."

deyirlər..

gündüzlər kor olursan deyirlər,
yalandısa "yalandı" de..
onsuz da inanan deyiləm..
söz soruşanda
susursan deyirlər..
onlar çox söz deyirlər,
qulaq asan deyiləm,
qorxma..
son yalanını gözləyəcəyəm hələ,
ondan sonra inanacağam
düz danışanların bütün dediklərinə..
indilik hirs yığıram
etirafdan sonra ovucuna tökməyə..
nəysə,
söz deyirəm, yola çıxıram..
yenə susursan..
gündüz gedəcəyəm görməyəsən deyə,
deyirlər axı,
gündüzlər kor olursan..

Friday, December 6, 2013

Piano ağlayır, gecə qaralır.. (Youtube)


Piano ağlayır, gecə qaralır..

piano ağlayır, gecə qaralır..
səhvlər yada düşür bir bir,
səhvən yada düşür
qəsdən unudulan,
hər gecə bir az da ağrılı keçir,
musiqi bəhanə
şeirlər yalan..
bir qırıq ümiddi əlimdə qalan,
bir qucaq təsəlli,
bir azca zaman..

piano ağlayır, gecə qaralır..
əllərim titrəyir,
amma ki, saçlarım hələ qaradır..
elə darıxıram ki,
bu qədər darıxan dəli olar..
özüm öz əlimi möhkəmcə sıxıram ki,
birdən əlinin istiliyi qalar
hardasa əlimin bir kənarında..
hardasan?
əlində arzularım var..

piano ağayır, gecə qaralır..
hər gecə gözləyirəm bilinməyəni..
buna ümid deyir kimsə..
nədənsə anlaya bilmirəm
bu böyüklükdə sevgiyə ümid deyəni..

piano ağlayır, gecə qaralır,
otaq soyuqdu..
həsrət qarışır qürura..
ürək əzab çəkir,
ürək qırıqdı..
buz parçaları toxunur barmaqlarıma..
yorğundu nəfəsim,
qəlbin soyuqluğu nəfəslə dəyir
quruyan dodaqlarıma..

piano ağlayır, gecə qaralır..
gecələr çox yoruluram..
qorxuram..
gedənin baxışı,
ölənin ardınca gözlərin yağışı
qorxulu gəlir..
yağışın yerini gecə qar alır..
piano ağlayır, gecə qaralır..

Tuesday, December 3, 2013

zaman

gün boyu axşamı gözləyirəm gələn günə hazırlaşmaq dərdiylə.. hər günü unuduram dünənin ağrısını çəkməkdən və bu günün həsrətini sabaha qoyuram hər dəfəsində.
saatın mənimlə dərdi var, nə qədər tələsirəmsə tələsim gecikirəm hər yerə və ən çox da özümə gecikirəm.. zaman dayansın deyirəm, zaman dayansın, hamı, hər şey, hər kəs dayansın, mən dayanmayım. deyirəm, dinləmir.. və mən yenə tələsirəm bu günü bitirmək üçün və yenə gecikirəm sabaha bu günün həsrətini çəkmək üçün..

Heyvanlar və uşaqlar

yağış damcıları navalçalardan
tökülən zaman
eyvandan səsləri gəlirdi nigaran anaların,
gec gəlib islanmış oğlunu döyməsi
adəti idi buraların..
uşaq qışqırıqları qarışırdı
yağış damcılarının tıqqıltısına..
yağış da dayanmadan yağırdı şırıl-şırıl..
tövlə qapılarının cırıltısına
vərdiş idi hamı,
tək dərd o idi ki, islanmasınlar
kəndin uşaqları və heyvanları..
heç kim şeir yazmırdı yağış yağanda
ağlaşma qurmurdular dərdləri salıb yada,
çünki yağış özü dərd idi
uşaqlar dərsə
mal-qara da örüşə getmirdi..
o yağışlarda özünü romantik sayanlar
olmurdu, heç kim görüşə getmirdi.
bir dərd var idi, heyvanlar
bir də uşaqlar islanmasınlar..

Gəlmir..

sonra bir an çatır ki
biri gəlir, sevməyə
qıymırsan, əlin gəlmir..

hər yolu axtarır ki,
onu sevəsən deyə,
sevgi mələyi gəlmir..

elə məsum baxır ki
ona "baxma" deməyə
adamın dili gəlmir..

deyəsən sən axır ki,
anlamısan ki, niyə
gedənlər geri gəlmir..

Monday, December 2, 2013

Hər..

hər sevgidə onu yaşamaq 
hər əldə onun istiliyini duymaq
və hər şeirin ona yazıldığını sanmaq..
hər gün eyni yolu getmək
və bir vaxtlar yolu bölüşdüyün adamın 
hər gün bir başqa yolla getdiyini bilmək..
hər dəfəsində unutmuşam dediyin üzü xatırlamaq
hər tərəfdə onu axtarmaq
və hər xəyal qırıqlığının səbəbini onda tapmaq..
hər səhər adını qışqıraraq oyanmaq kabusdan
hər kabusda onu deyil, yoxluğunu görmək
və onsuz keçən hər kabus üçün öz-özünə söymək..
əllərinə nifrət etmək o yoxdu deyə
bu şəhəri o var deyə sevmək
və getdiyin hər şəhərdə onun qoxusunu duymaq..
hər axşam gedişinə ağlamaq
bir daha geri gəlməyəcəyini anlamaq
və ondan qalan hər xatirəni 
illər boyunca qırıq bir qəlbdə saxlamaq..

Sunday, December 1, 2013

Avtobus

Qoxunu saxlayıb 
dayanacaqlar,
yenə avtobusun bir bucağında
mən ayaq üstəyəm
doludu ya boşdu oturacaqlar..
önümdə xəyalın
kitab var qucağında,
kitabı tuturam əlindən alıb
və soyuq avtobus tutacağında 
isti əllərinin izləri qalıb..