Wednesday, May 28, 2014

"Səhər" (əz-Zuha) surəsi

"And olsun səhərə, and olsun sakitləşməkdə olan gecəyə ki, Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qapıdan qovma! Və həmişə Rəbbinin sənə olan ne’mətindən danış!"

BAŞLADI

hər şey təkərli dəmir parçasında,
yeriyən pilləkənlərdə,
payızla qışın düz ortasında
başladı..

hər şey soyuq bir günün
günortasında başladı..

rels taqqıltıları qarışmışdı
ürəyimin səsinə..
hər şey
ağlımın ürəyimə
ağ yalanıyla başladı..

susun, piano ağlasın..
susun..
hər şey ağ geyimli qızın
bir salamıyla başladı..

Wednesday, May 21, 2014

Satmış kimiyəm..

görürsən güzgüdə
safın birini..
canını yandırıb
onun üstünə
o kimsə xeyrini
şərə yozdu mu?
illərlə didinib etdiklərini
səni dinləmədən
silib pozdu mu?
o mənəm,
dənizdə batmış kimiyəm..
uşaqlıq dostumu
satmış kimiyəm..

Tuesday, May 20, 2014

Unuduram..

Səni sevdiyimi unuduram bəzən,
Bir yoxluq hiss edirəm,
Bir boşluq..
Varlığın yaddan çıxır hərdən..
Xəstəlik bürüyür canımı,
Ağrılar,
Naxoşluq..
Sahibsiz görürəm sol yanımı,
Ağrılara çarə olmur sarğılar..
Qeybdən səslər duyuram,
Naməlum səslənişlər,
Çağrılar..
Sonra birdən
Başlayır tərpənişlər,
Sən gəlirsən
Ağlıma..
Unutmuşam, əfv et məni,
Sənə qurban,
Ağlama..

Monday, May 19, 2014

05:45

Dənizin binalara
Qovuşduğu yerdəyəm..
Eşqlərin zinalara
Dönüşdüyü yerdəyəm..
Küləyin toxunuşu
Nəfəslərdə bilinir
Bu gecənin yuxusu
Yavaşca əldən gedir..
Ayaq altında qalır
Bütün Bakı, küçələr..
Hava da işıqlanır,
Belə bitir gecələr..
Yenə Günəş çıxacaq,
Mən yenə tək qalacam..
Günəş də tək olacaq,
Mən də tənha olacam..

18.05.2014, 05:45, Dağüstü park.

bacarmadım..

nəfəslərimi parçalara ayırıb
ovucuna dolduracaqdım
yazın sərin, küləkli bir gecəsində..

doldurmağı bacarmadım..

qollarımı boynuna sarıyıb
ölümlə qorxudacaqdım
şəhərin ən qorxusuz küçəsində..

qorxutmağı bacarmadım..

əllərimlə saçlarını darayıb
zamanı durduracaqdım
kim bilir gecənin neçəsində..

durdurmağı bacarmadım..

Friday, May 16, 2014

getməlidir

gözləyirəm, günəş batır,

rəqsə çağırıram Ay işığını

qara saçlar, bəyaz əllər

xatırladır

gecəylə gündüzün qarışığını..

səmadan enərkən

mələklər kimi,

ulduzlar sönərkən

Ay işıqlanır..

illərlə onunla küləklər kimi,

rəqs eləsəm..

rəqsin axırında "dur, getmə" desəm..

amma ki rəqs bitməlidir..

neyləyəsən ki, vaxt çatır,

getməlidir..


16.05.2014

Wednesday, May 14, 2014

#soma #turkey

ətir dükanının qapısı açıldı,
ən çoxu 10 yaş olardı..
bircə cümlə güllə kimi saçıldı
dodağından tökülən..
"kömür qoxusu var mı?
ata qoxusu verən.."

Monday, May 12, 2014

Ay...

üstünü ört, şüaların
tək mənimçün parıldasın..
çox olsun ki duaların
illər sonra Günəş gəlib
yerimizi tapmasın..

sən işıqlı, əvəzsiz Ay,
mən zavallı qar dənəsi..
bəlkə də yersiz bir olay
gözəl, sarı bir Günəşin
məni tapmaq istəməsi..

amma qoyma tapsın məni
tapsa yenə əridəcək..
istəyir ki bulud edib
dənizlərə atsın məni,
sonra da gözdən itəcək..

bir gün ürək yorulsa da
gözləməkdən qaranlıqda,
varlığımı yadına sal..
səninçün çətin olsa da
yalvarıram, mənimlə qal..

Sunday, May 11, 2014

doyunca..

sabaha ümidlənib
dərd edilən hər şeyi
öz yoluna qoyunca,
bir yerə kilidlənib
düşünürəm ölməyi
bütün gecə boyunca..
istəyərdim bilməyi
yaddaşımı silməyi..
gecə ölüb, səhərlər
günəş bizlə olunca
yenidən dirilməyi..
qoy bu istək ağ olsun,
ölmədən kimsə gəlib
kürəyimdən vurunca..
bir də dostlar sağ olsun,
incidirlər doyunca..

...

yadımdadı səni ilk gördüyüm yer,
elə həmin andakıtək qalmısan..
üzümə bax,
sualıma cavab ver,
bu saçları küləkdən mi almısan?

Friday, May 9, 2014

yazmasam mı..

ömür gedir,
bir də şeir
yazmasam mı görəsən?
tərk eləsəm
boz masamı,
dəftərimi
toz basar mı görəsən?
deyilər mi
"pozmasaydı yazdığını"?
və sən..
"geri dönsün" deyərmisən
qucaqlayıb yastığını?

Thursday, May 8, 2014

Gülüstan

saçlarının
yağışlarda islandığı,
ulduzların,
çiçəklərin qısqandığı
deyilmisən?

bənövşətək əyilmisən,
gözümə bax,
qaldır üzün..
gül qoxulu bu gözəl bağ,
dərdimidir könlümüzün?

saçlarına çiçək düzüm,
sən məni sev,
gəl yetər ki..
gülüstanda kiçik bir ev,
ikimizə bəs edərmi?

Monday, May 5, 2014

Yanlış anladılar

Yanlış anladılar bizi,
Ya heç anlamadılar..
Varlığımız qaranlıqdı,
Qaranlıqda gizlədilər dənizi..
Boğulduq..
Su altında duymadılar
Səsimizi..
Buna görə anlamırdılar demək..
Bəlkə də bilmirdilər
Su altında döyünür
İki çarəsiz ürək..

Thursday, May 1, 2014

Son şeir..

necə də üzsüzəm mən,
güzgülərə küsmüşəm..
heç sevilməmiş ölən
yazıqların olduğu
məhəlləyə düşmüşəm..
güclü görünür çoxu,
deyil, indi bilmişəm..
bilinməz ki yoxluğum,
təsvir edin ölmüşəm,
öldüyüm yeri bilir
yazarkən yorulduğum
sonuncu aciz sətir..