Monday, February 24, 2014

Dəniz..

gecə bir qayığa oturub ikimiz
üsyan edirik gecənin qaranlığına
dənizi də sevirik bir az..
burda su da təmiz, yosunlar təmiz..
bəzən dərin olur və bəzən dayaz..
dayazdı, dərindi, təmizdi dəniz..
kiçik qəlblərimiz əllərimizdə
əl-ələ tutmuşuq gizlicə biz də..
qəlbimiz döyünür və coşur dəniz..
sudakı kölgəmiz suya iz salır,
gecə sona çatır, ayrılırıq biz,
bizə bu gecədən bir dəniz qalır..

Sunday, February 23, 2014

deməmişdin..

şəkillərlə danışanda
cavab vermirmiş adama..
deməmişdin..

ayaqlarım yollarına qarışanda
bu yol çatmırmış yanına..
deməmişdin..

ürək yanıb alışanda
yanmırsanmış oduna..
deməmişdin..

yoxluğunla barışanda
düşmürsənmiş yadıma..
deməmişdin..

Friday, February 21, 2014

Susma..

bilirsən, soyuqdu qış,
gəlmisən çox zamansız..
susma, danış,
səsinə heyran olduğum qız..

de, səninlə biz nəyik?
susma, külək kimi əs..
ağrılar fəslindəyik,
düşünmürsən bunu bəs?

bu fəsil gəlib gedər,
"ağrılıdı" desəm də..
təki susma, bəs edər,
danış dinləməsəm də..

balaca uşaq kimi
qoyma sözünü kəsim..
susma, titrət qəlbimi,
necə titrəyir səsim..

Thursday, February 20, 2014

-_-

tək sevməklə olmur bu iş
gülümsəyə bilməlisən..
dodaqlarla bitmir gülüş,
ürəyinlə gülməlisən..

həyəcandan tərləməli
zərif, pambıq ovucların.
uçub getmək istəməli
hər küləkdə saç ucların..

müəlliməm olmalısan,
öyrət gülsün üzüm necə..
yuxusuz da qalmalısan
düşünməkdən bütün gecə..

gərək buna çatsın gücün,
saxlamalı qəlbin məni..
sən bunları yaxşı düşün
bəlkə sonra sevdin məni..

Tuesday, February 18, 2014

İt.

Bütün varını bir itə vəsiyət et və öl. 
İnan, onu adam sayacaqlar. 
Bəlkə adamdan da artıq.
Masa arxasında oturdub
Stulunu yuxarı başa qoyacaqlar..
Sənin üçün "yaxşı ki öldü" deyəcəklər,
Çünki varisin sənin qədər deyinmir.
Onlarçün itin səndən bir fərqi var,
İt kostyum geyinmir..

Friday, February 14, 2014

KİMSƏN SƏN?

gəlmisən xəbərim olmadan mənim,
xəfifcə qəlbimə kilidlənmisən..
adına şeirlər yazmadan əlim,
söylə, kimliyini bilərsən mi sən?

uçmaq arzulayan kəpənək kimi
ovcumun içində saxladığımsan..
məndən istədiyin nədi? 
sevgi mi?
sən ki yazmağa da qıymadığımsan..

səhərlər gəlirsən isti günəştək
qaranlıq olanda yoxa çıxırsan..
bu necə sevgidi? 
bu necə istək?
niyə göy üzünü tək buraxırsan?

külək sındırmadan qanadlarını
səninlə bir yerdə uçaq sabaha..
unut mənsiz keçən saatlarını,
gəl ki, titrəməsin əllərim daha..

gətir əllərini əllərimə sər
gecə ortasında pozub yuxunu..
özünə gözümdə baxmasan əgər
bu şeir deyər mi kim olduğunu?

Friday, February 7, 2014

Sənə görə..

sənə görə açmamışdım gözlərimi
sənə görə bağlayaram bəlkə,
bilmirəm..
çəkil kənara, tutma əllərimi..
kirpiklərim üzünə salmasın kölgə,
istəmirəm..

sənə görə ağlamırdım gecələr,
sən deyildin canımı yandıran..
sən olmadın mənə kədər..
sən deyildin
gecənin bir yarısı yuxuma girib
kabusdan qışqırıqla oyandıran..

sənə görə gözləməmişdim bu günü
nə də bilmirdim gələcəyini..
heç bilməzdim
məni bu qədər düşündüyünü..
bilsəydim sevirsən səssizliyimi,
dinməzdim..

barmaqlarım sənə görə deyil yorğun..
və sənə görə sevməmişəm səni..
çox da fərq etməz kim olduğun..
səni sevdiyimdən bəri,
yorur məni susqunluğun..

sənə görə yazmıram
bu kəlmələri də..
sənə görə dözmürəm
eşq deyilən zəhərə..
amma səni görə bilim deyə
ümidlərlə oyanıram
hər ümidsiz səhərə..

Monday, February 3, 2014

.....

canın yanarkən də gülmək olurmuş.. için titrəyərkən də isinmək olurmuş.. canını yandıran ən çox sevdiyin olurmuş, içini titrədən ən çox isitdiyin olurmuş..

yalandan imiş qayğı göstərmək cəhdləri. heç sevmirmiş, heç istəmirmiş.. bir parça belə..

gündüzlər nankorluq edirmişsən gecə gəlsin deyə. gecələr tək qalınca anlayırmışsan keçmişin dəyərini.. gecəni gündüzə qatırmışsan dönsün deyə, dönmür..

sən nağıllara inanırmışsan, gedənlər dönmürmüş məgərsə.. boşuna gözləyirmişsən, çoxdan silinmisənmiş xatirələrdən..

şəkillər danışmırmış, yuxuda görmək əllərini tutmağın yerini vermirmiş.. yuxularda gözlərinə baxa bilmirmişsən, qaçırırmış gözlərini..

zamanla unudurmuşsan.. öncə əllərini, toxunuşunu.. sonra səsini.. amma nə edirsən et, qoxusu unudulmurmuş..

M.A. - Sən Gələcəksən


Sunday, February 2, 2014

Straw man

Bütün dünyada, eləcə də Azərbaycanda ateistlərin düşdüyü bir məntiq xətası var ki, bunun adı elmdə "straw man" adlanır. Bu məntiq xətasının açıqlaması belədir: öz beyninizdə hansısa bir obyekt qurursunuz. Sonra həmin obyektə tənqid etmək istədiyiniz bir ad verirsiniz və bu obyektə qarşı mübarizə apararaq, əslində o tənqid etmək istədiyinizlə mübarizə apardığınıza inanırsınız.
Məsələn, heç bir ateist İslam inancında dinin məcburi olduğunu, azyaşlılarla evliliyin mövcudluğunu, qeyri-müsəlman olub Allaha inananların cəhənnəmlik olduğunu, Allaha inanıb yaxşılıq etməyənlərin cənnətlik olduğunu və s. bunun kimi onlarla şeyin olduğunu heç bir əsasla sübut edə bilməz. Çünki, bunların heç biri İslam inancında yoxdur. Amma ateistlər bu saydıqlarımı bir yerə toplayıb bir "Straw man" yaradırlar, sonra isə bu Straw man'in adına Islam deyib onu tənqid etməyə və beləcə İslamı tənqid etdiklərini düşünməyə başlayırlar. İçinə düşdükləri məntiq xətasından ya xəbərləri yoxdur, ya da onlara belə sərf edir.