Tuesday, December 27, 2016

uşaq

qəmli gözlərindən
yaş daman uşaq,
saçını sığallayan
əlləri yadda saxla.

üzündə min ağrı yaşadan uşaq,
höngür-höngür ağlayan
ürək dağlayan uşaq,
az qalıb bir az da döz.

bax, sənə söz verirəm,
yenə oynayacaqsan
yamyaşıl bağçalarda.
daha qalmayacaqsan
yalnız və boynu bükük..

ağırdı çəkdiyin yük,
zəifdi çiyinlərin,
bilirəm, gəlir çətin.

amma bax, görünür yol,
bir az da səbirli ol.

izin vermə göz yaşın
ola yoluna əngəl..
yox göz yaşın durmursa,
dön gəl,
heç olmasın, olmursa..

Saturday, December 10, 2016

...

Zaman keçir, gün keçir,
Saydığım gün azalmır,
Gör nə vaxtdı qış gəlib,
Neçə ildi yaz olmur...

Günün hər saatında
Qaranlıq olur səma.
Bakı gəlir ağlıma,
Xəzər düşür yadıma.

İşıq dolu gecələr,
Günlər düşür yadıma...

İndi üzünü görsəm
O günlər geri dönər.
İndi üzünü görsəm,
Göy üzü təmizlənər.

Sənsiz keçən hər günə
Göydə bir ulduz sönər.
Buna darıxmaq desəm,
Necə zəif səslənər!

Tuesday, November 1, 2016

Səni sevdiyim qədər

Səni sevdiyim qədər
Göy üzünü sevmədim mən,
Gül üzünə həsrətim qədər
Özləm olmaz, bilirəm,
İmdad umuram əllərindən.

O əllərindən ki
İstisini günəş,
Qoxusunu çiçəklər qısqanar.
Ürəyimə elə yerləş ki
Əllərin nəfəsimə toxunsun,
Onda küləklər qısqanar
Əllərinə toxunmuş nəfəsimi.

Səni sevdiyim qədər
Gül tökülsün saçlarından
Yollarına hər səhər.

O saçlarından ki,
Dənizə meydan oxuyur
Və hörüklərini
Doğma küləklər toxuyur,
Mənim nəfəslərimlə.

Səni sevdiyim qədər
Ulduzları bilirəm bircə,
Və göy üzü örtəndə onları
Hər səhər,
Yadıma düşür gecə.

O gecə ki,
Göz qapaqlarımın altında
Səni gözləyir ulduzlarıyla birgə,
O gecə ki,
Mən hər gözümü yumanda
Ulduzları üzə çıxır birər-birər,
Səni sevdiyim qədər...

Thursday, October 27, 2016

həsrət

yorğun budaqlarını
yerə salmış bədənim,
külək doğmalarımın
tutub ayaqlarını,
yoxdu gəlib-gedənim,
yoxdu salam verənim...

yorulmuşam, köklərim
torpağımdan aralı,
yarpaqlarım yaralı,
yoldaşlarımla söhbət
bir yana qalsın,
nə vaxt oldu qalalı
eyni dildə danışan
adam səsinə həsrət...

Saturday, October 22, 2016

Bizim şəhərin gün batımları

Günəş nə gözəl batırmış bizim şəhərdə Səmanın rəngi də başqadı burda Əfsanələr gizlənirmiş hərdən Rəngbərəng buludlarda.
Hər gün batımında ayrı bir nağılın Başlanğıcı varmış Günəş buludlarla rəqs edə edə batarmış Şəhərimizdə, Günəşin hər şüası Ayrı bir iz qoyarmış dərimizdə...
Burdaysa hər gün batımı eynidi Eyni buludlar Eyni mənzərə, Eyni ağaclar və Təkrar hekayələrə açılır Hər gün eyni pəncərə.
Qürbətin günbatımları Necə anlam yoxsunuymuş, Günəşə əlvida deyərkən Doluxsunmuş Ağaclar da yoxmuş məgər.
Oysa ki hər gün batımına Ayrı bir şeir yazmaq olardı Bizim günəş olsaydı. Hər axşamdan bir xatirə qalardı Yaddaşımızda.
Hər səhər dünənin gün batımı üçün darıxıb Gülümsəyərdik, Hər axşam eyni pəncərədən Eyni günəşə baxıb Fərqli hekayələr dinləyərdik.

Wednesday, October 19, 2016

üç gün

yuxuya getmək və
oyanmaq arasındaki zaman
yoxa çıxır yavaşca,
qayıtsam indi evə
on dəqiqə yatsam öz yerimdə
bəs edər məncə üç günün
üç illik yorğunluğuna.

yəqin anam da üç gündü
gündə üç dəfə havaya baxır,
necədi görəsən orda hava?
yağış yağır?
küləkdi yoxsa?
tərləyib soyuqlama deyir
ürəyimdən qulaqlarıma.

Sunday, September 25, 2016

ayaq səsin

sənin ayaq səsini
dinləmək
dünyanın ən gözəl musiqisini
dinləmək kimidi.

ayaq səsin gəlirsə
uzaqdan,
hələ bir də yüksəlirsə,
mənə doğru gəlirsən demək...

susma zamanı gəlir demək
geri qalan bütün səslərin...

sakitlik, tıqqıltılar,
duyulur nəfəslərin..

Wednesday, August 24, 2016

Nə yaxşı ki...

mehlərimin əsintisi
ipək tellərində qalıb,
əllərimin istisi
bəyaz əllərində qalıb...

danış mənlə həzin-həzin,
çünki səsindir gərəyim..
gülüşlərin yanağından inciməsin,
əziz inci çiçəyim..

gül, üzündən nur tökülən
anda gülüm mən də bir az,
gül üzündən ötrü gülən
gözlərin olmaz ki dayaz..

durma, nəfəslərinlə yaz
ovucuma taleyimi,
əllərimə həbs eləyim
bəlkə səni?
bəlkə sığarsan?
yaxşı ki varsan,
nə deyim.

hər an yanımda olmusan,
nəfəsim dayananda,
taqətim azalanda.
nə yaxşı ki doğulmusan,
nə yaxşı ki var olmusan
mənimlə bir zamanda.

Monday, August 15, 2016

Bir qadının əllərini tutmaq

bir qadının
əllərini tutmaq
yaradanın
dünyanı yaratmaq
üçün sərf etdiyindən
çox zaman alar.

ömrün boyunca getdiyindən
daha uzun yol var
qadının ürəyindən
əllərinəcən.

çiçəklərindən güllərinəcən
düzmək gərəkdir qarşısına,
aylarından fəsillərinəcən
illərin
dözmək gərəkdir
həsrətinə əllərin..

suladın mı güllərini,
öncəsində hər görüşün?
dözdün mü ağrı dolu
acı fəsillərinə?

güzgülərə bax, düşün,
layiqmisən
o qadının əllərinə?

Saturday, August 13, 2016

Götür məni özünlə

götür məni özünlə,
kirpiyindən yapışıb
gözlərini yumduğum.

götür məni özünlə,
yolum itməsin deyə
dəmir qapılarına
dərin izlər qoyduğum..

götür məni özünlə,
qənd deyib apararsan,
çay içəndə bölməzsən
qonaqlarınla...

götür məni özünlə,
saçlarını dararsan,
barmaqlarımla..

götür məni özünlə,
danış xəyallarından,
dinlərəm gecə-gündüz,
bezməm suallarından..

götür məni özünlə,
sözlərim düz,
yolum düz.

götür məni özünlə,
apar getdiyin yerə,
yoxsa ölüm tez gələr,
ruhum özümdən əvvəl
çatar getdiyin yerə,
səni orda gözləyər.

Tuesday, August 9, 2016

külək olum

səsimi duyan kimi elə qaça-qaça gəl,
desinlər ki, görəsən, bu qız hara tələsir?
havada günü görüb, isti sanasan əvvəl,
bir də baxıb görəsən, sərin bir külək əsir.

külək rəqs edəndə saçlarınla mən
saçlarını qısqanım o küləkdən,
küləyin yerinə mən olum əsən,
yorulmazsan səsimi dinləməkdən?

dolanım tellərinin hər birinə, bir də ki,
sığalımdan qızarsın yanaqların,
saraylara bənzəyən zərif qəlb evindəki
mən olum ən əzizi ən əziz qonaqların.

nəfəsinə çevrilim dolub ciyərlərinə
üfür ovuclarına, içi mənlə isinsin.
yapışım ovucunun ən gözəl yerlərinə
əl izinə qarışım, taleyin olum sənin.

Wednesday, August 3, 2016

uzadıram əlimi göyə

uzadıram əlimi göyə
çərpələngə bənzəsin deyə,
rəngli əlcək geyinmişəm
külək dəyməsin deyə
barmaqlarıma...

uzadıram əlimi göyə,
dostlarım çatsın deyə
soraqlarıma,
əl edirəm küləyə
salam aparsın deyə
böyüdüyüm küçəyə...

uzadıram əlimi göyə,
buludları döyə-döyə
salıram yerə,
yağış yağmasın deyə,
damlaları
gözümə axmasın deyə...

uzadıram əlimi göyə,
sonra çəkirəm geriyə
özüm də bilmədən,
sonra yenidən
uzadıram əlimi göyə,
tez görün əlimi, tez,
geriyə çəkilmədən...

Friday, July 22, 2016

İki dalğa arası həyat

həyatım
dəniz boyunca bir-birini qovalayan
iki dalğanın arasında keçir.
gücüm çatmır öndəkinə çatım
nəfəsim yetmir arxadakından
qaçım...

bu gün
"yorulmuşam" demək üçün
necə də tezdir!
gəl ki əsrlər qədər gecikmişəm
məni gözləyən torpaq yollara,
indi mənə qalan dənizdir.

amma bilirəm boğacaqlar
məni bu kimsəsiz dənizdə
itələyərək dalğaların qucağına.
üstümü də örtməyəcək alçaqlar,
eləcə buz parçası olacağam,
bir vaxt bəlkə də buz dağına
çevriləcəyəm.

amma ki bilirəm axı mən,
hər kəsin gözü önündə
son sözlərim tökülərkən dodaqlarımdan
zəncirləri asacaqlar
qollarımdan, ayaqlarımdan
və boğazımdan yapışıb
suyun altına basacaqlar.

canımın dərdində deyiləm,
qürurumu sındırmasınlar bircə.
mütləq ki yıxacaqlarsa məni
qoymasınlar gündüz vaxtı əyiləm,
bütün utanclarımı
bir-bir gizləsin gecə...

Wednesday, July 13, 2016

Gedin

bu küçənin yağışını
aparın, azdırın, gedin.
buludların qarğışını
adıma yazdırın, gedin.

dalğaları əzizləyin,
quma dəysə, təmizləyin,
kədərimi dənizlərin
birinə basdırın, gedin.

kəsin canım azarını,
baxın, bənizim sarı mı?
əgər ölsəm məzarımı
özümə qazdırın, gedin.

cəsədimi gömən kimi,
gözümdə nur sönən kimi,
öldüyüm bilinən kimi
olmasa yas, durun, gedin...

Wednesday, July 6, 2016

.....

saçlarına qondurduğum sığalları
ürəyinin qapısına asdığım
güllərin ört üstünə...

bildiyin nağılları
danış bir-bir dinləyim,
hüzünlənsin yastığım...

təki gülsün gözlərin,
eybi yox, mən ağlayım,
lap ən çox mən ağlayım..

ağlayıb uşaq kimi
qollarımı bağlayım
belinə qurşaq kimi...

amma ki sən ağlama,
sil gözünü 
mən ağlama deyəndə...

bir də ki, 
təkcə mən gəlim ağlına
kirpiklərin bir-birinə dəyəndə...

Monday, July 4, 2016

...

gecəsi var hər günün,
göy üzü görünməyən
kədər dolu gecəsi.
bilinən hər sevginin
bir də var bilinməyən
hüzünlü hekayəsi...

Friday, May 20, 2016

Əllərini necə gizlədim?

əllərini necə gizlədim bilmirəm ki,
külək dəyir,
yağış toxunur,
əllərimə təbiət şərik olsun istəmirəm ki.

əllərini necə gizlədim bilmirəm ki,
üstünə çətir,
altına yaylıq,
yanlarına öz qollarımı tutsam məsələn,
arada qalan havanı unutsam məsələn,
əllərinə dəymirmiş kimi..

əllərini necə gizlədim bilmirəm ki,
güya özləri görünmək istəmirmiş kimi,
mənim bu işlə heç əlaqəm yoxmuş kimi,
gizlin,
hamıdan xəbərsiz..
nə gülməli görünərdin əllərsiz..

əllərini necə gizlədim bilmirəm ki,
sən gizlətsən, ciblərindən,
özüm gizlətsəm də,
gizlindən qısqanaram əslinə qalsa,
mənə qalsa,
sənin özünü də gizlətmək lazımdı bütün bəşərdən..
ya da heç olmasa bütün şəhərdən,
nə olar ki..

əllərini necə gizlədim bilmirəm ki,
gecə gizlədim bəlkə,
amma sən də ovuclarını möhkəm bağla,
heç gecənin də xəbəri olmasın,
nə gözəl fikir idi bu gəldi ağla!
qərar vermək vaxtıdı daha,
əllərini gecə gizlədim?
- bilmirəm ki..

Friday, April 22, 2016

Həsrət

Yenə həsrət çəkirəm,
Yenə cismimdən uzaqsan, niyədir?
Nə qədər gözdən iraq,
Qəlbdə hökmdar olacaqsan,
Bu nədir?

Ruhum daralır
Və də səbrim tükənir,
Üzünü görmədiyim gün il imiş tək uzanır..

Qalmışam çeşminə, ey yar,
Necə həsrət, biləsən..
Bəlkə insaf edəsən?
Dilinin şərqisinin dərdi də var,
Beş on cümlə laf edəsən
Kaş ki mənimlə..

Üzünə sığal çəkəydim bir əlimlə,
Bir əlim saçlarına şanə ikən..
Və siləydim nəfəsimlə
Gözlərindən tökülən
Acı həsrət suyunu..

Hər şeyin gəlsə sonu,
Kədərin, səbrin, ömürün,
Bircə qəlbimdəki eşq daim olar..
Bu səbəb, gözlərimə tezcə görün..
Sən də görünməzsən əgər,
Dərdimə ortaq kim olar?

Saturday, April 16, 2016

"Xala"lar və onların cəmiyyətdə fəaliyyəti

Azərbaycan insanının davranışlarını həmişə analiz etməyə, hansısa məntiqə sığdırmağa və ya səbəblərlə əsaslandırmağa çalışmışam. Son zamanlarda xalqımızın nümayəndələri arasında mənim nəzərimdə qısaca "xalalar" adlandırıla biləcək bir insan kütləsinin mövcudluğunu aşkarlamışam. Analarımızın bacıları olan xalalarımızı və ya hörmət əlaməti olaraq xala deyib çağırdığımız şəxsləri haqqında danışacağım "xalalar"la qarışdırmaq olmaz. Bu kütlənin nümayəndələrinə "xala" adı verməyimin əsas səbəbi onların çox böyük əksəriyyətinin orta yaşlı qadınlardan ibarət olmasıdır. Bununla belə, "xala" statusu daşıyan orta yaşlı kişilərin, gənclərin, yeniyetmələrin sayı da az deyil.

Bu məsələni, yəni xalaların cəmiyyətimizdə rolunu və fəaliyyətini analiz etməzdən əvvəl bir neçə cümlə ümumi məlumat vermək istərdim. Xalalar hər yerdədirlər, gəlirləri, təhsil səviyyələri, yaşadıqları mühit və s. onları xala olmaqdan uzaqlaşdırmır. Cəmiyyətdə insanların gur olduğu ərazilərdə daha aktiv fəaliyyət göstərirlər. İnsanlar yox imiş kimi davranır, ətrafda olan bütün canlı və cansız varlıqlara zərər verərək hərəkət edirlər. Onlar özlərini hər kəsdən üstün hesab edirlər. Onların nəzərində hamı onlara yer verməlidir, hamı onların yolundan çəkilməlidir.

İndi isə spesifik şəraitləri nəzərdən keçirərək xalaların fəaliyyətini anlamağa çalışaq.


XALALAR növbədə

Bir xala əsla növbə gözləməz. Qarşısında insanlar bir düz xətt üzrə düzülüb növbə gözləyirsə belə o, mütləq ən qabağa keçib, ilk duran adamı çiyni ilə kənara itələyib birinci olmalıdır. Qarışıq növbələrdə isə xalaların fəaliyyəti daha bəlirgin forma alır, insanların arası ilə, onlar heç yox imiş kimi yeriyərək hədəfə çatırlar. İnsanlardan yol vermələrini xahiş etmək, ayaqlarını tapdaladıqları qeyri-xalalardan üzr istəmək və s. kimi xüsusiyyətləri özlərindən uzaq tutan xalalar qarşılarında eyni hədəf uğrunda mübarizə aparan digər bir xalanın varlığını arzu etməzlər. Bu zaman çaxnaşma başlayar, xalalar-arası mübarizə bütün ətrafa yayılan çığırtı səsləriylə, ekzotik qarğışlarla müşaiyət olunar. Normal dava-dalaşlardan fərqli olaraq növbələrdə baş verən xala davalarına polis müdaxiləsi də çox rast gəlinən bir hal deyildir.


XALALAR nəqliyyatda

Piyada keçidləri xalaların gözündə daimi keçid yeridir. Qırmızı rəngi görməzlər, istənilən an yola tullanaraq sürücülər üçün təhlükəyə çevrilə bilərlər. Onlar yerüstü və yeraltı keçidlər əvəzinə yolun sürətli hərəkət edən hissəsinə üstünlük verərlər. Əgər siz maşınla gedirsiniz və qarşıda bir avtobusun dayandığını görürsünüzsə, ehtiyatlı olun. Hər an bir xala yola baxmadan, heç nəyi nəzərə almadan avtobusun qabağından çıxa bilər.


XALALAR metroda

Bir xala metropolitenin pilləkənlərindən aşağı düşdüyü andan etibarən qatara çatdığı ana qədər özündən başqa insanların onun yanından zərərsiz keçə bilməməsi üçün əlindən gələni edir. Bunun üçün ən effektiv vasitə nəhəng ölçülü, sərt materialdan hazırlanmış sumkalardır. Sumkaları yanlarından keçən və ya özlərinin ötüb keçdikləri insanların diz nahiyəsinə sürətli zərbə ilə vurmaq ən geniş görülən hücum üsuludur. Vay o gündən ki, iki xala yan-yana yerisin. İki xala və iki nəhəng sumka, düşünmək belə qorxuludur.

Metro kartındakı məbləği yöndəmsizcə nizamlayan xalalar bəzən kartlarında 3-4 AZN olmasına baxmayaraq böyük kütlələrin arasına daxil olub karta 20 qəpik vura bilərlər. Və bu prosses zamanı yuxarıda danışdıqlarımızın (xalalar növbədə) hamısını tətbiq etməyə səy göstərərlər.

Qatara minərkən düşənlərə yol vermək xalaların beyninin qəbul etmədiyi bir haldır. Bunu qatarın içərisində olarkən, qapının ağzında durub yenə də düşənlərə maneə yaratmağa davam etdirdikləri də tez-tez rast gəlinən bir haldır. Əlavə olaraq, qatara minərkən və düşərkən özləri ilə bərabər qatara minmək və ya düşmək istəməyən adamları da sürüyərək öz hərəkət istiqamətinə apararlar. Bəzən isə hədəf olaraq seçdikləri fərdin özünü yox, çantasını və ya qulaqlıqlarını öz çantalarına və ya paltarlarına ilişdirərək məhv edə bilərlər.

Vaqonda olarkən vaqonun fərqli hissəsində çox sayda boş yer olmasına baxmayaraq əyləşmiş gənc oğlan və ya qızın başının üstündə durub ayaqlarını təpikləmək xalaların günlük fəaliyyətinin bir hissəsidir. Adətən bu prosesin nəticəsi gəncin ayağa durması olur.


XALALAR birlikdə olarkən

Bayaq vurğulanan misal (yan-yana gəzən xalalar) xalaların birgə fəaliyyətinin sadəcə cüzi bir hissəsidir. Bir neçə xala yan-yana yol gedərkən heç vaxt arxadan gələn insanın onları ötüb keçməsinə imkan verməz. Əgər yol çox genişdirsə və adam keçə biləcəksə, mütləq ona bir zərər verər. Bir xala yalnız olduğu zaman təhlükəli ola bilər, amma başqa xalalarla bir yerə gəldikdə yaratdıqları sinerji effekti cəmiyyətimizi qarşısıalınmaz bir güclə qarşı-qarşıya qoyur.

Xalalar bir araya gəldikdə insanların həyatlarını məhv edəcək şəkildə qeybət edir, ev yıxırlar. Baş vermiş hadisələri olduğu kimi danışmaq xalalara xas bir xüsusiyyət deyil. Hadisə xaladan-xalaya keçdikcə həndəsi silsilə formasında şişirdilir və yekun nəticə adətən hansısa ailənin dağılması, hansısa yuvanın yıxılması və bəzən də insan ölümü olur.

Növbə misalına bir daha geri dönək. Xalalar bəzən növbəyə kütlə halında daxil olurlar, məsələn, tutaq ki, xalalar konsertə getmək istəyirlər. Kassadan çox sayda bilet almaq bir insanın bacaracağı iş olmasına baxmayaraq, bir yerdə gəlmiş xalaların hamısı o kassanın ətrafına topalanar, və kənar şəxslərin yaxınlaşmasına imkan verməzlər.

Avtobuslarda, xüsusən də uzun yol zamanı, iki xalanın yan-yana oturması heç də arzuolunan bir hal deyildir. Çünki, bütün yol boyunca qışqıra-qışqıra nələrsə danışacaqları açıq-aydın ortadadır.


XALALARla mübarizə

Xalalarla necə mübarizə apara biləcəyimizi bir nümunə ilə göstərmək istərdim. Bir yerdə oxumuşdum ki, ev heyvanları özlərini ailənin ən üstün fərdi hesab edirlər. Məsələn, itlər. Onlar tərbiyə olunmadıqları müddətcə elə düşünürlər ki, evində yaşadığı ailənin sahibidir, hamı ondan aşağıdır. Zamanla isə ailə üzvlərinin ona olan münasibətindən və özünü ailənin, evin böyüyü kimi apardıqda verilən cəzalardan başa düşür ki, o, evin ən kiçik üzvüdür. Öz yerini başa düşür və artıq hərəkətlərinə fikir verir.

Xalalara da eyni sistemi tətbiq etmək olar. Xalalar hər dəfə kiməsə zərər verdikdə, növbələrdə, yollarda insanları yox sayaraq, tapdalaya-tapdalaya, əzə-əzə hərəkət etdikdə onlara güzəşt edilməməlidir. Beləcə onlar öz yerlərini anlayaraq hərəkətlərinə fikir verməyə başlayacaqlar.


Son olaraq qeyd etmək istəyirəm ki, orta yaşlı qadınların arasında "xala" statusu daşımayan çox sayda insan var. Onlar ətrafdakı gəncləri öz balaları kimi görür, insanlara hörmət edir və qarşılıqlı şəkildə də hörmət görürlər. Həmçinin, əvvəldə də qeyd etdiyim kimi, "xala" statusu daşıyan minlərlə "day-day"lar, gənclər, yeniyetmələr və hətta azyaşlı uşaqlar da var. Bütün xalaları insan olmağa dəvət edir, qeyri-xalalara isə Allahdan səbir diləyirəm. 


© Müzəffər Abasov, 17.04.2016

Monday, April 4, 2016

Nənəmizin bayatısı

nənəmizin dodağından süzülən
dərdli-qəmli bayatıları ovuclarımıza yığıb
adına deyib vətən
qara torpağın üstünə çilədik..

sıldırım qayalarda
buzlaqların ortasında gecələdik,
üfüq xəttindən öncə göründü
gözlərimizin qarası səhərlər,
nənəmizin dərdi arxamızca süründü,
ayaq basdığımız hər yer vətən oldu beləcə,
doğma oldu yad şəhərlər..

mərmi yağışları başladı sonra,
gurultuya oyandıq hər gecə,
bayatıdan artıq oldu kədərlər..

Yaradandan imdad dilədik
göydən yağan alovlar dayansın deyə,
qara torpağın üstünə çilədik
nənəmizin dodağından süzülən bayatıları,
qara torpağın altındakı babamız oyansın deyə..

Sunday, February 14, 2016

Sevərkən..

bir-birinə dəyə-dəyə 
qamaşanda gözlərimiz,
bir cığıra döyə-döyə
qarışanda izlərimiz
saçlarını saçlarıma toxundur..

titrəyərək, üşüyərək
utanaraq əllərimi tutduğun,
gecə görüb 
səhərlər unutduğun,
sevinc dolu yuxundur
gözlərimin qarasında gördüyün..

bütün dünya yer altına enərkən,
gəl səninlə üstünə qalxaq göyün,
yorulmayaq
buludların arasında ümidlə rəqs edərkən
və sən məni
və mən səni
səma qədər sevərkən..

....

güvəndiyim dağlara
qar yağdı bu gün,
birinci qar, birinci qar,
hər bir tərəf ağdı bu gün,
saçlarım və bənizim..

buz səhrası oldu
mavi dənizim,
gəmim karvana döndü,
it hürdü,
mən keçmədim..

bu yolu mən seçmədim,
bu toz dolu küçələrə
su da səpməmişəm heç,
bu qaranlıq gecələrə
günəş çıxar ümidiylə
gəlmişəm, olsa da gec..

Saturday, February 13, 2016

Qorxaq olmuşuq..

ağ binaları, qırmızı damları
və qorxaq adamları olan
şəhərlərin həsrətini çəkərdik,
qorxardıq dilə gətirməyə ancaq
qaçardıq tikanlı məftillərə doğru..

silahları oyuncaq,
güllələri pambıq zənn edərdik,
qollarımızı qalxan edib
şovalyelərin üstünə gedərdik
və əzilərdik atlarının ayaqları altında,
məsumca yuxulayardıq
düşmən ağaclarının budaqları altında..

biz yuxusuzluq nədir bilməzdik oysa,
biz yorulmaq nədir,
biz kürəyindən vurulmaq nədir bilməzdik,
biz əzilməzdik
qaçmaq istəməsəydik..

ölümlə üz üzəydik bunca il,
qorxmazdıq qəlbimizdən keçəni deməyə,
indiysə acizdi dil,
biz susmuşuq..

ağ binaları, qırmız damları
və qorxaq adamları olan
şəhərlərin dərdinə düşüb,
qorxaq olmuşuq..

Monday, January 4, 2016

Anam

Bahar vaxtı bütün dünya
Sığışsa da bağrıma,
Bir az soyuq olan kimi
Anam gəlir ağlıma..

Necə isti qolları,
Necə isti əlləri..
Bircə nəfəsi ilə
Yaz edir fəsilləri..

Bəlkə də yaz deyilmiş,
Bəlkə də qar yağırmış..
Məni isitsin deyə
Qarları gizli gizli
Saçlarına yığırmış..