Thursday, November 28, 2019

gecikdim

səmada olanı yerə endirib
torpağı ayaqlar alta sərmədim,
uzaqda olana salam göndərib
yanımdan keçənə salam vermədim.

gözlədim yorulsun kişnəyən atlar,
yorulmaq bilmədən qaçıb getdilər,
belə gözləməklə keçən saatlar
ömrümün payından uçub getdilər.

gecikdim günəşin çıxan vaxtına,
dolunay vaxtı da qismət olmadı.
yağışlar çaylara dönüb axdılar,
fəqət, ovucumun içi dolmadı.

sürünmək gərəkdi indi yenidən,
yenə sürünərdim sürünməyinə,
çatmalı yer deyil gözə görünən,
gecikdim gözlərə görünməyənə..