Wednesday, August 16, 2023

Natamam səkilər

Səhərin gözü açılmamış

Başlayır ayaq səsləri.

Natamam səkilər 

Palçığa bulayır ayaqqabıları. 


Külək saçları dağıdır

Toz basır ipək tellərin arasını.

Göyərçinlər günəşi gözləyir,

Sahildə ancaq pişiklər gəzir,

İnsanlar natamam səkilərdə.


Gözlər köhnə sevgiləri axtarmır,

Yolun naxışlarını izləyir,

Ayaqqabı iplərinə ilişir nəzərlər.

Siqaret tüstüsü burunları sınağa çəkir,

Ağızlarda gecədən qalan acı dad. 


Ah, gün bitsəydi yenə,

Ah, heç başlamamış olan bu gün.

Kaş yenə yorğun günün

Yarımçıq yuxusuna çataydıq,

Və sonra yenə açılaydı gözlərimiz

Səhərin gözü açılmamış.

Tuesday, August 1, 2023

Çıraq

Ətəyimdəki daşları

Dənizə tökdüm –

Balıq bildi. 

Qəlbimin yarısını

Kimə verdimsə

Qırıq bildi. 


Dünyayla arama

Məsafə qoydum –

Tərsinə döndü. 

Gözümü bağladım –

İşığı söndü,

Yaşını saxladım –

İçəri axdı,

Hər kim ki gözümün 

İçinə baxdı

Quraq bildi. 


Səni dənizdən soruşdum,

Yandım – suyundan içdim,

Göylərə uçdum,

Baxdığın səmadan keçdim,

Səni buluddan soruşdum,

Gözünün yaşını göstərdi,

Səni məndən soraq bildi.


Zülmətə baş qaldırdım,

Canımdan od alan

Çıraq yandırdım.

Gözünün önündə

Alışan mən idim,

Çıraq bildin.