Tuesday, December 29, 2020

yalnızlıq

göydələnlər üfüqün
önünü kəsdikcə
yalnızlıq boyunları bükürdü,
betonlar torpağı əzdikcə
özümüzlə aramıza sərhəd çəkirdi
biriləri.

çoxaldıqca azalırdıq, az olurduq,
azaldıqca yorulurduq,
böyüdükcə kiçilirdi üfüq
və yollar yaxınlara aparmırdı daha,
yox olurduq,
yox edirdi "biz"ləri
"mən" sürüləri.

Monday, December 28, 2020

Susqun

- Çox çətindi, bacarmıram..
- Nədi çətin olan? Onu hələ də unutmamısan? Gör neçə il keçib.
- O da var, amma onsuzluqla barışmışam. Bilmirəm, bəlkə də özümü aldadıram.
- Görürsən heç? Yoxsa elə o vaxt gördüyündü?
- Görürəm, arada olur, pəncərədən baxanda ya küçədə oturanda, bəzən mağazaya gedir, bəzən qızını parka çıxarır.. 
- Başa düşürəm.
- Bilirsən, əslində onu görüb-görməmək heç nə ifadə etmir. 
- Unutmusan yəni?
- Bilmirəm, amma onu görmək mənə keçmişi xatırlatmır. İndi küçədə, yolda, mağazada gördüyüm qızla keçmişdə yaşananlar arasında əlaqə qura bilmirəm, elə bil yad biridi, mənim tanıdığım isə tamam başqası olubmuş kimi. Üzü tanışdı, amma özü yad.  Bilirsən mi necə, üzünü görəndə bilirəm ki, bax bu odu, amma sonra onunla yaşanmış nəyisə xatirimə gətirmək istəyəndə... Onda elə bil gözümün önünə gələn başqa adam olur. Onu gözümün önündən, qarşımdan alıb xatirimdəkilərlə birləşdirə bilmirəm.

Tuesday, December 15, 2020

Qorxaq adam

Gün əyildi yolların ətəyinə,
Qorxaq adam çıxdı daxmasından,
Torpağı tapdaladı,
Xəzəli əzdi,
Əlləri cibində küçəni gəzdi...

Qorxaq adam ölmək istəmirdi,
Fəqət yaşamaq,
Bitəcəyini bilərək yaşamaq,
Anlamsızlığını duyaraq var olmağın,
Hər gün zərrə-zərrə ölərək yaşamaq
Və yenidən yaranmaq durmadan.

Alnının qırışları buludları təqlid edərkən,
Qorxurdu səmaya baxmağa,
Sonsuzu görməyə.
Torpağı dırnaqlarıyla qazırdı,
Dənizi ovuclarıyla içirdi,
Alovdan qaçmırdı, amma
Səmanın altından gözləri bağlı keçirdi.

Yolların sonunu bilirdi qorxaq adam,
Günəşin yerini bilirdi.
Göylərin sahibini tanıyırdı,
Yerlərin sirrini bilirdi.

Gözünü yerə dikdi qorxaq adam,
Yolların sonunu bilirdi.
Ay taxtını qurarkən yolların başucuna
Küçəni əlləri cibində gəzdi,
Torpağı tapdaladı,
Xəzəli əzdi.

Monday, December 14, 2020

Bu şəhərin günəşi

Bu şəhərin günəşi
Dənizdən çıxır və
Dənizə batır,
Bu şəhərin günəşi
Dənizdə yatır.

Bu şəhərin günəşi
İnsanlarının bəxti ilə
Eyni rəngdədir.
O insanların gülüşü
Qaranlıq vaxtı ilə
Ahəngdədir. 

Bu şəhərin günəşi
Həyat alır, gün verir.
Kiminə işıq olur,
Kiminə sürgün verir.

Bu şəhərin günəşi
Bizləri inandırır
Ki belədir yolumuz.
Bu şəhərin günəşi
Qızındırmır, yandırır,
Kül olacaq sonumuz.

Thursday, October 22, 2020

kamança

kamança səsindən kövrəlmiş idim,
üfüqə baxınca vətən görürdüm,
qoxusun alınca gül dərmiş idim,
əlimə batınca tikan görürdüm.

ayağı zəncirə bağlı azadlıq,
köksümə bir xəncər batır - əzablı...
babamı əlləri əsən, qəzəbli,
nənəmi saçını yolan görürdüm,

dörddə bir əsrdir necə yatmışım?
boğazım dənizdə, suya batmışım.
sağıma baxırdım - ögey qardaşım,
soluma baxırdım, ilan görürdüm.

sonra üfüqlərdə hilal göründü,
zəncirlər qırıldı, ilanlar öldü.
köksümün gülləri geriyə döndü,
onları birbəbir solan görürdüm.

güclənmiş, böyümüş, dirçəlmiş idim,
düşməni gözümdən itən görürdüm.
kamança səsindən kövrəlmiş idim,
üfüqə baxınca vətən görürdüm...

Monday, July 20, 2020

Vətənin kölgəsi

Bu vətənin sərhədini kim çəkib?
Boyunu kim ölçüb,
Damını tikib? 

Bu vətənin yollarını kim dartıb,
Dövrəsini kim sıxıb,
İplərini kim yığıb? 

Vətənin gövdəsi hara söykənib? 
Vətənin kölgəsi haracan çatır?
Çətinə düşəndə nə yana aşır? 

Vətənin kölgəsi nə üçün onun
Sərhədinin kənarlarından daşır?

Saturday, June 27, 2020

Kin balası

Ürəyimdə kin balası
Böyüdürəm elə bil.
Əlləri kir,
Gözləri qan,
Səsi insan.

Dəridən qapıları örtmüşəm
Gözlərimin üstünə ki,
Görməsin,
Ağlamasın,
Öldürməsin.

Asfaltın qaynar yerinə
Yapışıb ayaqlarım,
Qopmur ki,
Yol alım.

İlk inadım deyil bu,
Sonuncu da olmaz. 
Axşam düşsün, 
Yer soyusun,
Heç nə yadımda qalmaz. 

Bu günahsız körpənin
Səsini də unudacam,
Əllərinin kirini,
Pasını da unudacam.

Amma necə ki, qapıları örtmək
Yuxulara kor etmir adamı,
Elə unutmaq da
Yağışdan qaçıb
Buludun altına gizlənməkdi. 

Monday, April 20, 2020

Sən sevən şeirlər

Sən sevən şeirlərin
Üstünə günəş vurur,
Sətrini yağış yorur,
Bəndini külək qırır.

Sən sevən şeirlərin
Güzgüyə əksi düşmür,
İçində dərd yetişmir,
Hekayəsi dəyişmir.

Sən sevən şeirlərin
Hərfləri həzindir,
Səslənişi səsindir,
Görüntüsü üzündür.

Sən sevən şeirlərin
Dərininə hopmuşam,
Öz-özümdən qopmuşam,
Səni burda tapmışam.

Sən sevən şeirlərin
Bədənim kölgəsidir.
Mən - sevən, şeirlərim
- Ürəyimin səsidir.

Friday, April 17, 2020

Özümü seçməmişəm

içimdə özümə nə kinlər yatır,
səhvlərimdən keçməmişəm, neyləyim?
şikayət etməyə haqqım da çatır,
özümü mən seçməmişəm, neyləyim?

bilirəm verdiyim, aldıqlarımı,
saymışam heç nəyə satdıqlarımı.
geriyə atdığım addımlarımı
cürət edib ölçməmişəm, neyləyim?

yorucuyam, başdan-başa inadam,
özümə doğmayam, hamıya yadam.
bağışlayın, mərhəmətli bir adam
olmağa and içməmişəm, neyləyim?

bəlkə bir gün heç ruhunuz duymadan
oyanaram bu zamanlı xülyadan.
məni mənə həbs eləyən dünyadan
bu günəcən köçməmişəm, neyləyim?

Friday, April 10, 2020

Mən kiməm? (2)

Bədənim, üzüm, qollarım
Mənimkidir, ya mənlədir?
Seçimim, izim, yollarım
Kimindir? Başım hərlənir...

Gözümdəki kölgə kimdi?
Üfüqümdə batan kimdi?
İçimdəki körpə kimdi?
Aynadakı adam kimdi?

Varlığım imdad diləyir
İçimdə mənlər dalaşır,
Ağlım mənə hökm eləyir,
Ürəyimdə ruh dolaşır.

Qoymur məni rahat yatım,
Qoymur unudum hər kiməm,
Bəlkə məndən yox yaradım?
Var "mən" olmağı tərgidən?

Monday, April 6, 2020

Pərişan qoca

Qırılmış pəncərə, tutulmuş baca,
Çatlamış divarlar kədərsizdi mi?
Saçları küləkdən dağılmış qoca
Pərişan halından xəbərsizdi mi?

Yağış ki isladır yanaqlarını,
Gözündən bir gilə yaş axmaz daha.
Eşitməz, bağlayar qulaqlarını,
Qayıdıb dünyaya da baxmaz daha.

Bircə ürəyinin döyüntüsü var,
Onu da küləyin səsi susdurub.
Ürək ki, həm beşik, həm də ki, məzar,
Sevdalar böyüdüb, eşqlər basdırıb.

Könlünün qırığı pəncərələrdə,
Əlinin qırışı divarda qalıb,
Gözünə ən doğma mənzərələr də
Sonuncu qazdığı məzarda qalıb.

Bilir mi, adını qalmayıb bilən?
Düşünür dünyada izi qalacaq?
Torpağa nəzərən yer dəyişdirən
Növbəti doğması özü olacaq.

Tuesday, March 24, 2020

Dilimin ucunda qalan

Mən yenə bitmişəm, heçəm,
Əvvəl də belə bitirdim.
Ağlımın ucundan keçən
Xəyallar hara gedirdi?

Məni məndən doğru bilən
Dostlarım məni itirdi,
Əlimin içindən gələn
Səhvlərim nələr gətirdi?

Ürəyimdə baş qaldıran
Hər üsyan ağzımda bişdi,
Dişimin dibindən çıxan
Kəlmələr hara ilişdi?

Nəydi boşqabıma dolan?
Çeynədim, çeynədim, uddum.
Dilimin ucunda qalan
Adları haçan unutdum?

Wednesday, February 19, 2020

Tərəzi

Qollarım səhv çəkən bir tərəzidir,
Ürəyim tərəfi ağır göstərir.
Yanağım qurumuş boş ərazidir,
Qaşlarım belləyir, əkir, göz dərir.

Yığıram kədərli gördüklərimi,
Yığdıqca düzürəm saç uclarıma,
Satıram gözümün dərdiklərini,
Nisyəni yazıram ovuclarıma.

Nisyə dəftərimdə tək sənin adın,
Üzümün dərdinə müştəri bir sən.
Mənim tərəzimə tək sən inandın,
Üzünü çevirib indi gedirsən.

Dayan bir, bəlkə də razılaşarıq
Kədərin beşini bir təbəssümə.
Bu quraq sahədə birgə yaşarıq,
Daha qəm əkmərik mənim üzümə.

Friday, February 14, 2020

qaranlıq

gecədən də böyükdür,
evimizin sakini,
kürəyimizdə yükdür
göz ağrıdan qaranlıq...

bu qaranlıqda işıq
bir küçə lampasında
bir atasız evlərin
pəncərəsində olur.

böyük qəddar divlərin
ovucunda əzilir
ədalət, gələcək, nur...

gerçək budur, səhv budur,
saraylarda çizilir -
harda işıq yanacaq,
harda günün sonudur.
insan safdır, unudur.

Thursday, February 6, 2020

Tar kimi

Qəmli nəğmələr axır
Qolumun damarlarından,
Və qolum yaşıl telləri olan
Bir tar kimi
Söykənib çiynimə...

Tellərindən asdığım kədərlər
Görünsə də intihar kimi,
Cinayətdir,
İntihar paltarı geyinib əyninə...

Qəmli nəğmələr axıb
Yol tapır ürəyimə,
Üst-başına qan bulaşır,
Qanlı-qanlı dolaşır
Vücudumu başdan-başa...
Niyə?! Niyə?!

Niyə vurmaq tarımın tellərinə
Belə qanlı və qəmlidir,
Bax ki, susmaq zülmlərin
Ən ağırı və susmaqdan ərdəmlidir
Qanlar içində qalmaq...

Öz tarımın tellərinə sıxılmaq,
Canına qəsd edən insanlar kimi,
Və qolları qanlar içində
Telləri qırılmış tar kimi...

Tuesday, January 28, 2020

Səfər günü

Sahildə tək gəmiyəm,
Hələ yol almamışam,
Bu gün səfər günüdür...

Üfüq xətti kimiyəm,
Ayrılıq salmamışam,
Amma elə görünür...

Bu dənizin canında
Bir fırtına yatır ki,
Yelkən açsaq oyanar.

Gedənin arxasından
Gözlər də su atır ki,
Bəlkə geri qayıdar...

Friday, January 17, 2020

Yenə məmləkətə yağışlar yağır

Torpağın canından soyuq tər axır,
Buludlar ağlayır,
Səma car çəkir,
Yenə məmləkətə
Yağışlar yağır...

Sevgilim,
Bu yağış dağlardan gəlib,
Orda tikan görüb,
Orda gül görüb,
Kim bilir nə qədim çağlardan gəlib,
Kimi əsir görüb,
Kimi hür görüb?

Mənim bu ürəyim
Hür olmaq istər,
Yağış sularında durulmaq istər,
Azad səmalarda qanad çırparaq
Sənə hər gün yenə vurulmaq istər.

Nə çətindir,
Dərdə bax!
Qara buludlar alıb
Hər küçəni birbəbir.
Güvənməyə bircə dağ,
Bir də qolların qalıb.

Sevgilim,
Fırtına, boran gələndə
Sığınma yerimdi sənin qolların.
Sənin əllərinə,
Dünya gözəli,
Bənzəmir vətənin qırış yolları..

Saturday, January 11, 2020

Gecənin qarasından qorxuram

Al dağları tapdağının altına,
Sus, günəşin alovunu üfürmə,
Sus ki salma yadıma,
Sus, gecənin qarasından qorxuram.

Dinlə, mən də susuram,
Sən dərya, dəniz
Və sən
Coşan dalğalar kimi..
Dinlə, nə susmuşuq biz..

Al əlimdən ormanları
Yanmasın,
Yağ səhərin, yağ gecənin üstünə,
Yağ ki bu insanları
Al kədərin əlindən.

Tut səhərin əlindən,
Sakit-sakit, danışmadan, dinmədən,
Kimsə sənin yağdığını bilmədən...

Ver əlini,
Gəl, gecənin qarasından qorxuram,
Gəl, gündüzün ortasında tap məni...

Friday, January 10, 2020

Səhər şehi, göz yaşı

Qopmuş yarpaq,
Üzərində səhər şehi -
Göz yaşı.
Yuvasından düşüb ölmüş
Sərçənin
Məzar daşı..

Ayrılığın hədiyyəsi ağacdan,
Ağac ki, yorğun, qoca..
Əbədi yadigar məzara,
Ağaca
Sağalmayan bir yara..

Mən ki qəmgin,
Əllərimdə qanıyla o sərçənin,
Dolaşıram,
Gözlərimdə səhər şehi,
Göz yaşı...