Thursday, September 12, 2013

Bilməlisən

Bilirsən, uşaq, əslində çox şeyi bilmirsən. İndi gəlib də sənə doğrularımı danışsam gülməkdən başqa reaksiya verməyəcəyinə əminəm. Amma, əmin ol ki, mən bu doğruları yalanlardan ayırana, onları sarsılmadan qoruyana qədər yuxusuz gecələr keçirmişəm.. Bilirsən, bilmirsən, bilməlisən.. Çox şeyi bilməlisən.. Gözlərini yumsan yalnızca sənin üçün qaranlıq olduğunu bilməlisən. Əksər dostlarının əslində sənin yox, oyuncaqlarının dostları olduğunu bilməlisən. Parta yoldaşın olan o qızın heç vaxt səni sevməyəcəyini bilməlisən. Bilməlisən ki, sənin qalın geyinməyin heç kəsin vecinə deyil və soyuq havada nazik geyinəndə qızlar sənə aşiq olmayacaqlar və hamısının gözü yuxarı siniflərdədi. Bilməlisən, uşaq, bilməlisən, atan üstünə qışqırdısa bunun səbəbi onun "kaş vaxtında atam üstümə qışqırsaydı, məni məcbur oxutsaydı" düşüncəsində olmasıdı. Bilmirsən, valideynlərin sən yanlarında olmayanda səndən fəxrlə danışırlar. Bilmirsən, sənə hamının içində lağ edən o oğlan sadəcə paxıllıq çəkir, bilməlisən, ruhdan düşməməlisən. Uşaq, bilmirsən, sevmək qorxuludu. Bax o hər tənəffüs arxasınca düşdüyün qız bir gün gedib başqasını sevəcək, sən vecinə olmayacaqsan, amma bilmirsən. Bilməlisən! Bilməlisən ki, ali məktəb nə əsgərlikdən qurtuluş, nə də sürüdən biri olmaq məqsədli bir hədəf olmamalıdı, xəyalların varsa, reallaşdırmalısan. Bilmirsən, uşaq, bilmirsən! Ətrafında olan onlarla dost saydığın insandan yalnızca bir ikisi çətin günündə yanında olacaq. Bilməlisən, hamısını bilməlisən! Bilməlisən ki, sənin fikirlərin dövlətə maraqlı deyil, bilməlisən ki, bir siqaretə görə adam satırlar, bilməlisən ki, pul insanı insanlıqdan çıxarır. Bilməlisən, uşaq, bilməlisən! Atan həmişə ən güclü olmayacaq, dostluqlarının çoxu ailə qurana qədərdi və sevdiyin qadın heç vaxt anan qədər dadlı yemək bişirməyəcək. Bilməlisən, uşaq, bilməlisən!

No comments:

Post a Comment