Tuesday, March 31, 2015

Yuxu

gördüyüm yuxu sənsən,
və daldığım hər xəyal
səni gətirir mənə,
necə ki yadımdasan,
elə də yanımda qal..

qəlbimi əlinə al,
onu saxla, əzizlə
sevgiylə dolanacan..
saçını çiyninə sal,
toxunsun əllərimə
yuxudan duranacan..

saçlarının ucları
qollarıma batanda
yuxudan oyanacam.
ovucunun istisi
ürəyimə çatanda
yenidən yaranacam..

Tuesday, March 10, 2015

Yük daşıyan qoca

yuxu ortasında,
gecə sonunda,
hər şey yerli-yerində,
hər şey öz qaydasında..
yenə də əllərimdə
qan izləri görünür
hər gecə olduğutək..
şübhələr düşündürür:
yuxudu, yoxsa gerçək?

kürəyinə yük alıb
dağları aşan qoca
bəlkə mənim atamdır..
gör bir necə qocalıb!
ardınca qaça-qaça
ətəyindən yapışıb
yalvarıram getməsin..
mənim üzümə baxıb
"qorxma, getmirəm" desin..

yox, elə yuxudu bu,
və yuxu da qalacaq..
atam ki hara getsə
məni də aparacaq..

bu yer haradır belə?
kəndimizi xatırladır yolları..
yol içində yaz selindən xatirə
dərin-dərin arxları..

necə tanış gəlir palçıqlı küçə..
necə tanış gəlir bu çəpər, Allah!
yaddaşımda bu kəndə dair qalan
bütün anlar bu küçəylə iç-içə..

bir uşaq görürəm,
qanayıb dizi
bir moruq koluna tərəf qaçanda..
hər yuxudan gözlərimi açanda
əllərimdə bu görünən qan izi
bəlkə elə moruqlardı dərdiyim?
tikanları iynə kimi batdıqca əllərimə
qırxca günün içində itirdiyim
nənəm, babam qayıdır xatirimə..

bəsdi daha,
qaçmalıyam bu yorucu gecədən,
bir qocanın arxasınca gəldiyim
keçmişimi xatırladan
üzü yoxuş küçədən..

qaçmalıyam,
amma bilmirəm necə..
gözləyirəm o atama bənzəyən,
qoca adam bu yoldan bir də keçə..

və birdən bir "oyan" səsi duyuram,
yuxudan qaytarır məni həyata,
"görürsən ki, yatıram,
məni niyə oyadırsan, ay ata?"