Sunday, November 26, 2017

var

yaxınlığın
səndən o yana olan yaxınları
uzağa çevirdi,
məndə nə qalıbsa, səndən bəri var.
sevgin
ağlıma düşmək istəyən bütün qadınları
tutub saxlayan çətirdi,
başımın üstündə yeri var.

Thursday, November 23, 2017

Özün gələ bilmirsənsə

həsrətin dərmanı sənin səsindir,
necə də yaraşır hər söz dilinə.
səhər pəncərəmdən eşitdiyim bir
sərçənin səsindən salam ver mənə.

əllərini göndər, gözlərimi yum,
xəyalı dindirər mənim acımı.
başımı torpağın üstünə qoyum,
xəzəllər içindən oxşa saçımı.

gülüşüm elə sən gətirdiyindir,
xəbər et, götürüm, üzümə taxım.
sən də gülüşünü qalın geyindir,
qar yağan buluddan gülümsə, baxım.

Ayrılıq gələndə

Bir damla yaş olub düşür gözündən,
Haqqını istəyir hər nəfəsindən,
Tanıya bilmirsən ayaq səsindən,
Ayrılıq gələndə sürünüb gəlir.

Qapını köməkçün döyübmüş kimi,
Ömrünə az zaman qalıbmış kimi,
Təkcə bir gecəlik gəlibmiş kimi,
Qonaq libasına bürünüb gəlir.

Nəyin var, nəyin yox aparır sənin,
Canından canını qoparır sənin,
Düşməntək yuxuna dərd qatır sənin,
Gündüzlər dost kimi görünüb gəlir.

Sunday, November 19, 2017

Gəlməyin

Quru budaqları bir-bir yığıram,
Yandırmağa aparıram, gəlməyin.
Yansam əgər sizi də yandıraram,
Budaqların arasında mən də varam,
Gəlməyin.

Uzaqlarda bir ada var, deyirlər,
Ora gedən elə yolda boğular.
Mən boğulsam, sabah mini doğular,
Siz boğulsaz, matəm olar,
Gəlməyin.

Ardımca yerimək deyil ki asan,
Yollar itib,
Silib izləri leysan,
Əzib-əzib bir az da siz silməyin.
Zaman bitib,
Gecikmisiz, gəlməyin.

Gizlədirəm, amma acı çəkirəm,
Nə zamandır unutmuşam gülməyi.
Əzabdan özümə gülüş tikirəm,
Toxumamış son ilməyi,
Gəlməyin.

Saturday, November 11, 2017

Bu şəhərin qışları

Bu şəhərin nəfəs kəsən qışları
Qürbətə getməyin cəriməsidir.
Qar qədər ağ alnımın qırışları
Keçdiyim yolların xəritəsidir.

Günəş də isitmir yanaqlarımı,
Buz tutub əllərim, ürəyim mənim.
Toz basıb üstünü boşqablarımın,
Masamda quruyur çörəyim mənim.

Yorğunam, bezmişəm, təkəm, sanma ki,
Qışa təslim olmuş bir buz kimiyəm.
Ömürlük həbsdə olan, amma ki,
Xəyallar sahibi məhbus kimiyəm.

Thursday, November 9, 2017

gecələr gündüzün kölgəsimidir?

hər günüm dünənin təkrarlanması,
bu, yolun sonunun gəlməsimidir?
soyuqlar günəşin xumarlanması,
gecələr gündüzün kölgəsimidir?

titrədib canıma üşütmə salan
könlümə küləyin əsməsimidir?
inciyib yoxsa ki, məndən asiman,
gecələr gündüzün küsməsimidir?

baxdıqca aynaya görüntüm itir,
tez açıl ey səhər, bir işıq yetir,
lampamın alovu tükənib, nədir?
gecələr gündüzün sönməsimidir?

gündüz qorxaqsa da əzaba qarşı,
gecələr hər zaman mərd olmalıdır.
gündüzlər gecənin şıltaq qardaşı,
gecələr gündüzün qəmgin halıdır.

Sunday, November 5, 2017

Yorğun gözlərimə vurulan qadın

Sən günəş parlasa şənlənən qadın,
Mən qəmi ovucla yeyən adamam,
Sən canın yansa da gizlədən qadın,
Mən sözü düz üzə deyən adamam.

Sən həyat dolusan, mən yorulanda,
Həvəssiz halımdan gileylənirsən,
Üzümü güldürən anlar olanda
Mənim yerimə də sən əylənirsən.

Acı mahnıları deyilsən sevən,
Məni şən mahnılar kədərləndirir.
Sənin cəldliyindi mənə can verən,
Mənim tənbəlliyim səni ləngidir.

Amma ki, sevirsən məni yenə də,
Yorğun gözlərimə vurulan qadın,
Qəlbiylə bir yolda yerisin deyə
Qəlbimə dörd əllə sarılan qadın...

Tək ağac

Qorxudub mərmilər bütün kolları,
Kəndin ortasında tək ağac qalıb,
Gecənin soyuğu tutub yolları,
Körpələr qayğısız, itlər ac qalıb.

Küləyə dözməyib sınan budaqlar,
Bir qoca nənənin təndirindədi.
Bir vaxt o ağaca çıxan uşaqlar
İndi dar ağacı kəndirindədi.

Görüb dan yerinin ağardığını,
Bir adam atını bu yana çapar,
Unudub yolların apardığını,
Körpəyə ev, yuva, itə yal tapar..

Bircə o nənə də saçın yolmasa,
Hər qışa ümidlə corab hörməsə..
Ağaclar qırılmır külək olmasa,
Adamlar yaşamır gözün görməsə..

Thursday, November 2, 2017

həsrət

yelləncək asmışam kirpiklərimdən,
yellənirəm ulduzlara çatınca,
çox uzaq qalmışam sevdiklərimdən,
görüşürük yalnızca mən yatınca.

baxışlarım göy üzünə dəyincə,
sevdiyimin gözlərinə dəyəydi,
sevinəydim üzü gülümsəyincə,
ürəyim də onla gülümsəyəydi.

çiyinlərim buludlara dəyincə,
dostlarımın qollarına dəyəydi,
külək vurub qamətimi əyincə,
dost kürəyi imdadıma gələydi.

Wednesday, November 1, 2017

Gedirəm könlümün axdığı yerə

küçələr uzanır, yollar bükülür,
gecələr qısalır, üfüq sökülür,
hələ yatmamışam, yuxum tökülür
gözümdən gözümün baxdığı yerə.

səma mı böyükdü, yoxsa kədər mi?
günəşə gedən yol kədər qədər mi?
əllərim çatar mı, səsim yetər mi
səmaya, günəşin qalxdığı yerə?

günəşi gizləyib bulud yetəydi,
buluda qarışıb gözdən itəydim,
kaş ki damla olub yağa biləydim
buluddan yağışın yağdığı yerə.

yağış məndən yerə salam apardı
şimşək şaqqıldadı, fəğan qopardı.
görəsən salamım əvvəl çatar mı
şimşəkdən şimşəyin çaxdığı yerə?

damlalar qəlbimi qatdı yağışa,
qəlbimin içində mən də varmışam,
bir çaya qarışıb çağlayırmışam,
gedirəm könlümün axdığı yerə..