Sunday, August 31, 2014

Xoşbəxtlik

Xoşbəxtlik haqqında bir neçə yanlış olduğunu düşündüyüm fikir var. Biri odur ki, xoşbəxtlik davamlı bir şey deyil, yalnızca ani sevinclərdən ibarətdir. Əslində isə insan əlindəkilərin dəyərini bildiyi və kiçik şeylərdəki sevinci yaşadığı zaman xoşbəxt olur. Mən 10 dəqiqə əvvəl də xoşbəxt idim, indi də xoşbəxtəm, əgər qeyri-adi nəsə olmasa 10 dəqiqə sonra da xoşbəxt olacağam. Yəni dəyişən bir şey yoxdur. 
İkinci fikir isə budur ki, insan nə vaxtsa xoşbəxt olduğunu onda anlayır ki, artıq xoşbəxt deyil. Xeyr, insan əgər xoşbəxt ola-ola bunu anlamırsa, bu nankorluqdur. Və zaman keçdikdən sonra anladığı bir vaxtlar olan xoşbəxtliyi yox, nankorluğudur.

Saturday, August 30, 2014

bir qadın var..

əllərimin ağırlığını
ürəyində daşıyan bir qadın var,
çiyinlərinin gücü çatmaz çünki..
hər can ağrısını
mənlə birgə yaşayan bir qadın var..
üşüməsin deyə
qəlbimin üstünü nəfəsiylə örtən,
nə zaman ki möhtac oldum köməyə
hər kəsdən öncə yetən,
məndən başqa bir kimsəyə
hətta salam verməyən bir qadın var,
dərdlərimi saatlarla, günlərlə
dinləməkdən bezməyən bir qadın var..

ayaq izi

mərmər üstündəki
görünməz ayaq izlərini
bir-bir toplayıb
eskizlərini
çıxaracam
yerişinin..
bir gün üz çevirsən utanmayıb,
ayaq izlərinlə axtaracam
gizləndiyin yeri..
yerişini özünə qaytaracam,
bəlkə dönərsən geri..

Friday, August 29, 2014

qürur

kaş içimdəki boşluğu doldura bilsəydim..
bəlkə qəlb ağrısına qalib gələrdim
qürurumun qarşısında əyilsəydim..
amma o da bir şey deyil,
sən qarşısında əyil,
o doymasın,
nəfəs almaq cəhənnəm,
yaşamağa qoymasın..
ehh qürur,
sənin dərdin mənimlədir yoxsa eşqlə?
amma hər nədisə,
səndən başqa bütün hisslər saxtadı..
ayağa dur,
getmək vaxtıdı..

...

məncə bu sətirlərin
qədrini bilməlisən,
çünki boş qalıb yerin
nə vaxtdır vərəqimdə..
bezib səndən deyəsən
boş qalan vərəqim də..
bəlkə o da yorulmuş,
doluxsunmuş
haldadı..
vərəqimdə boş sətir,
məndə də
güc qalmadı,
bu sənə həsr olunmuş
son şeirdi bəlkə də..

Wednesday, August 27, 2014

Ölüm

"İnsan ölümü adiləşir" dedi. Ölüm hər zaman adi olmuşdu əslində, amma o heç vaxt ölümə bu qədər yaxın olmamışdı. Əslində heç kəs heç bir zaman ölümə indi olduğu qədər yaxın olmayıb. Zaman keçir, zirvəyə çatmaq uğrunda çırpınırıq. Amma hər zirvənin sonrası enişdi. Zirvəyə çatmaq yox, gec çatmaq əsasdı. Bəs zaman gedir axı və heç kim yarı yolda, zirvəyə çatmadan ölmək istəmir. Əslinə qalsa, heç kəs zirvəyə çatandan sonra da ölmək istəmir. Hər ölüm zamansızdır əslində.. Hər ölüm zamansızmıdır? Hər insan gözü açıq mı gedər? Yoxsa ölənin heç mi sobada yeməyi qalmayıb, heç mi yarıyacan baxdığı bir serial, film, bitirməsinə bir neçə səhifə qalmış bir kitab yoxdu? Heç olar mı ki gözü qapıda qalmadan, ürəyində arzusu olmadan, heç bir hekayəni yarım buraxmadan ölsün insan? Hər ölüm bir az zamansızdır, hər ölüm bir az acıdır, hər ölüm bir hekayənin ən ali yarım qalma formasıdır.. Hər ölüm adidir..

Sunday, August 24, 2014

...

gedənçün ağlamağı
tərgidəli çox olub..
sonuncu ağladığım tərk edəli çox olub,
daha gəlmir sorağı..

istəməsəydi tək qalmağı
heç yarıda qoyardı?
amma bilirəm,
tərk edilən o olsa, ağlayardı..

ağlasın,
mən nə edim?
nə vaxtsa qarşılaşsaq,
üzümə də baxmasın..

ya da qarşılaşmayaq..
elə də sevmirmişəm,
bunu anladım bayaq..

Saturday, August 23, 2014

:)

Gedənlərin hamısı
Ürəyimdə qalardı
Zayları çıxmasaydı..
Darıxmaq olmasaydı
Unutmağa nə vardı?

Saturday, August 16, 2014

deyərdim..

göz yaşı gözdən çıxdısa
dəyərli deyil deməli,
axmasaydı,
dəyər verərdim..
o mənə soyuq baxdısa,
daha sevmir deməli,
əgər heç baxmasaydı,
sevir deyərdim..

Şeir..

elə olur ki şeir yazmaq keçmir adamın ürəyindən..
"zamanla keçir" adlı yalan da
bu dərdin yalanı deyil ki, inanasan..
nə olsun, bu qədər ağrını bir dəfəyə atmaq olmur axı beyindən,
gərək bir neçə ömür bu vərdişlə dolanasan,
yazasan, yazasan,
oxusunlar, bir zaman sonra heç oxumasınlar,
yaxşıdı deyib keçsinlər,
sonra özün oxuyasan, bəlkə qulaq assınlar,
sonra sənə xor baxsınlar,
çalışıb özləri də bir iki cızma-qara yazsınlar,
oxuyasan, güləsən..
bu şeir deyilən şey elə zəhərdi ki,
hər gün bir az öldürür,
imkan vermir birdəfəlik öləsən..

Friday, August 15, 2014

Yanılanlar..

eşqi oyun sananlar,
əllərində ürəklə yox, oyuncaqlarla
qapımızı vuranlar olur..

gec yatıb, gec oyananlar
səhər çox tez açılır deyirlər..
insanı ən çox özünə dediyi yalanlar
yorur..

qəlb bir dəfə tərk edilər,
birdən çox tərk olunanlar
bir ürəkdən min ürəyə yer dəyişir,
həyatlar belə sovrulur
küləkdə..

körpə eşqlər doğulduğu bələkdə,
elə doğulduğu gün boğulur..

gözdən iraq olanın qovulduğu ürəkdə
üzdəniraqlar taxt qurur..

Thursday, August 14, 2014

.....

toplanıb qəmlə kədər
yerinə buludların..
buz olub səhər səhər
üstünə yağıb qarın
gözlərimin çeşməsi..

dərd olub ürəyimə
kədərli mahnıların
dilimə ilişməsi..

əlimdən ətəyimə
ümidlərin düşməsi,
sınması,
qırılması..
günəşin parlamaqdan
bezməsi, yorulması,
göylərin ağlamaqdan
boş, buludsuz qalması,
dənizlərin dolması
və ən pisi, bunların 
öz günahım olması
ağır gəlir,
çox ağır..

üzümə bax,
qar yağır..
getmisən, günəş gedib..
günəş ol, göylərə qalx,
buzlarımı yox edib, 
məni yanına çağır..

...

bir salamlıq da dayan,
can başın necədi?
hər fürsətdə ağlayan
göz yaşın necədi?

eşq önündə əyilsən
ürək də gülə bilir..
qəlbi qırılanların
içində tək deyilsən,
hamı inciyə bilir..

mən gözümü zillədiyim
bəyaz tavandan küsmüşəm,
kürəyimi söykədiyim
qırıq divandan küsmüşəm..

sənsə elə bilirsən ki,
yalandan küsmüşəm..

Tuesday, August 12, 2014

dəmir və ürək

bir acı min ölümə
bərabər olarmış,
bir gecə bir ömürə..
ürək də paslanarmış,
amma heç bənzəməzmiş
pas bağlamış dəmirə..
"paslanmışam" deməzmiş,
dəyişməzmiş rəngini
son nəfəsi vermədən,
görünmədən solarmış..
sonra gözlənilmədən,
bir anda qırılarmış..

ağlayanda baxmayın..

örtün mənim üstümü,
gizlədin ürəyimi..
bağlayın qollarımı
hiss etdirin ölümü,
bilim öləcəyimi..

zəncir vurun,
nə olar,
yorğun ayaqlarıma..
ya susdurun
səsləri,
ya da vurun möhürü
mənim qulaqlarıma..

baltalayın əlimi
ki hədimi aşmayım..
qamçılayın dilimi,
bir daha danışmayım..

susum,
susum, ağlayım..
bir ürək sevindirib,
on bir ürək dağlayım..

amma bir istəyim var,
məni də insan sayın..
qoymayın ki yox olsun
gözlərimdəki vüqar..

ağlayanda baxmayın..

mahnılar

mahnılar olmasa
nə sevgi bilirdim mən
nə əzab
nə ayrılıq..
indi düşmür dilimdən
dərdlərin zümzüməsi,
hamısı qırıq-qırıq..
hər mahnının bir az da
canımı incitməsi,
səhər gəlib
ayazda
bütün sevinclərimin
gözlərimdən itməsi
zamanla öldürür məni..
amma gülüşlərimin
mahnılar deyil düşməni
eşqdi,
süründürür məni..

hardayam

səhərləri
meh əsməyən şəhərdəyəm..
şəhərləri
küsdürmüşəm..
göz yaşımı yanağımda
üzdürmüşəm,
yorulmuşam
qırılmışam..
əzab içində yatmışam..
tək qalmışam,
kədərdəyəm,
dilimi kəsib atmışam,
sözün bitdiyi yerdəyəm..

qorxuram

hər qəlb ağrısına
bir şeir düşür,
mən kitab imişəm
rəfimdən götür,
cildimin tozunu sil,
qəlbimin tozunu sil,
sonra da silə bilsən
əlinin izini sil
vərəqlərimdən..
yerimə qaytar məni,
özün kənara çəkil,
qorxuram əllərindən..

Monday, August 11, 2014

Narıncı..

nədəndir anlamıram,
amma hərşey narıncıdı bu günlərdə,
narıncı..
sevinclər də, gülüşlər də,
hüzünlər də 
narıncı..

göy qurşağına həsrətəm,
həm də çox..
narıncının birini gizləsəm
altısı ilişər gözlərimə,
hər biri bir-birindən qalıcı,
hər biri
bir-birindən narıncı..

bu nə narıncı sevdasıdı,
payız kimi
xəzan kimi..
bu narıncı nə vaxtacan qalasıdı,
məhv edir təbiəti
pozan kimi..

bu narıncı
naringi narıncısı deyil..
ayrılıq, dərd, acı,
nifrət var bu narıncıda..
bu narıncı
nifrətin narıncısıdı..
bu narıncı 
narıncıların ən acısıdı..

Wednesday, August 6, 2014

Səyahət..

qanımın axışında,
qəlbimə doluşunda
varlığını duyuram..
mənə hər baxışında
titrəyən əllərimi
göz yaşımla yuyuram..

qorxaq uşaqlar kimi
baxıram gözlərinə,
içəri ağlar kimi
axıram gözlərinə,
əriyirəm qar kimi..

enirəm ən dərinə,
qırmızı gül kolunu
bənzədib əllərinə
möhkəm-möhkəm tuturam..
tikanlı olduğunu
hər dəfə unuduram..

sənin bir parçan kimi
kirpiyinin birinə
bürünmək istəyirəm..
gözünü açan kimi
görünmək istəyirəm..
saçlarına dolanıb
sürünmək istəyirəm..

soruş ki, "nə gəzirsən
saçımda, ürəyimdə?"
soruş, "niyə gəlmisən?"
hiss edirəm, bezirsən,
vicdanım var mənim də..

gəldiyim gündən bəri
həyat səni bezdirib,
qorxma, az qalacağam..
gətirdiyim gülləri
saçlarına tac edib,
geri qayıdacağam..

Tuesday, August 5, 2014

SEVİRƏM

qayaları sevirəm
qalxana bənzəyirlər..
meşələri sevirəm,
acları bəsləyirlər..
amma uçurumları,
uçurumları heç sevmirəm..
ölümü səsləyirlər..

yarpaqları sevirəm,
yaşıla bürünürlər..
çiçəkləri sevirəm,
çox gözəl görünürlər..
amma sarmaşıqları,
sarmaşıqları heç sevmirəm..
arsızca sürünürlər..

sobaları sevirəm,
soyuqdan qoruyurlar..
yaş paltarı üstünə
sərirsən, quruyurlar..
amma sobasız otaqları,
sobasız otaqları heç sevmirəm..
yaman tez soyuyurlar..

atları sevirəm,
dayan desən dayanır, get deyirsən, gedirlər..
itləri sevirəm,
insanı qoxusundan seçirlər..
amma pişikləri,
pişikləri heç sevmirəm,
çox nankorluq edirlər..

qağayıları sevirəm,
dənizi izləyirlər..
dalğaları sevirəm,
qumu təmizləyirlər..
amma buludları,
buludları heç sevmirəm..
günəşi gizləyirlər..