Tuesday, December 29, 2015

Sənin üzün..

sənin üzündə nəsə var. məni özünə əsir edən birşeylər var sənin üzündə. hər şey elə yerli yerindədi ki, gözlərin, kirpiklərin, qaşların, yanaqların, burnun, ağzın, çənən.. sanki mən ömrümcə bu üzü axtarmışam, sanki gözümü açan andan ağlımda sənin üzün varmış da, gözümün önündə üzünün kölgəsi dururmuş da, kölgənin sahibini tapmışammış kimi. sənin üzündə nəsə var, aşiq olmaqdan, sevməkdən, bağlanmaqdan daha artıq. şiddətli küləyə qarşı qaçırammış, üzümə iri yağış damcıları vururmuş da, gözümün önündən keçən damlalarda gözümün əksini, gözümün içindəysə sənin üzünü görürmüşəm kimi, üzün hər yerdəymiş kimi. səmada, yağışda, dənizdə, qumsalda. dünya mən sənin üzünü görüm deyə varmış kimi, üzünü görməsəm ölüm deyə yaşayırmışam kimi..

Thursday, December 17, 2015

....

susqunluğun arxasında
hayqırışlar duyuram,
ürəyində saxlasan da
bilirəm,
bir şey var səni yoran..

saçları gül qoxulum,
əllərin niyə yorğun?
yanaqların incimiş,
və gözlərin yuxulu?

dumanları səngimiş
şəhərin, amma niyə
baxışların dumanlıdı hələ də?
bax üfüqdə
yoxa çıxan gəmiyə,
kədərlərin var həmən göyərtədə..


əl elə, getsin gəmi,
itsin nəhəng dənizdə..
ürəyin dənizdə mi?
qollarımdan qayıq qurum,
sən istə..

ürəyimdə yandırdığın ocaqla
isit indi özünü,
təki daha üşüməsin ürəyin,
qollarımı möhkəm-möhkəm qucaqla,
mənə döndər üzünü,
qəlbim olsun dirəyin..

söykən ağırlığınca,
bu qəlb daşıyar səni,
bu ruh yaşayar səni
can bədəndən çıxınca..

söykən, kədərlərinə
çarə olsun əllərim,
toxunsun əllərinə..
söykən, yuxusuzluğun
çöksün çiyinlərimə..

Tuesday, December 1, 2015

Biz bu dağın zirvəsinə qalxacayıq..

Biz bu dağın zirvəsinə qalxacayıq,
Biz bu dağın zirvəsinə
Yağan qar olacayıq,
Şaxtayla dost olacayıq,
Üşümək olmaz bu yolda,
Yorulmaq
Və geriyə baxmaq olmaz bu yolda..

Biz bu dağın zirvəsinə qalxacayıq,
Biz susacayıq zirvəyə çatınca,
Sonra hayqıracayıq
Səsimiz batınca,
Dağın ətəyindən sədamız duyulunca..

Biz bu dağın zirvəsinə qalxacayıq,
Zirvədən alçaq olan hər şeydən
Daha yüksək olacayıq,
Alçaq olan hər kəsin
Üstündən keçəcəyik
Bilərək ya da bilmədən..

Biz bu dağın zirvəsinə qalxacayıq,
Əl-ələ, qol-qola, çiyin-çiyinə..
Amma bilsən zirvənin soyuqluğunu,
Diş-dişə dəyir,
İsitmir alovlu odun yığını
Ürəkləri, əlləri..

Biz bu dağın zirvəsinə qalxacayıq,
Gözlərimizdən tökülənlərlə yüngülləşib,
Qollarımızdan tutanlarla ağırlaşıb,
Buludlar qədər olunca hündürləşib
Qalxacayıq,
Və istəmsizcə darıxacayıq
Geridə buraxdıqlarımızdan ötrü..

Biz bu dağın zirvəsinə qalxacayıq,
Qaya-qaya, cığır-cığır
Yeni dostlar tapacayıq özümüzə,
Bilirəm, olsa da ağır
Köhnə dostlara yad olacayıq..

Biz bu dağın zirvəsinə qalxacayıq,
Biz ormanları keçib,
dumanlarda itirmədən yolumuzu
Düşünəcəyik uzun-uzun
Dəyər mi bunca zəhmətə
Bizi gözləyən zirvə?

Biz bu dağın zirvəsinə qalxacayıq,
Biz bu dağın
Ətəklərində böyümüşük,
Söz vermişik dostlarımıza
Bir gün bu dağın zirvəsini görəcəyik,
Və biz söz vermişik
Ki bu dağın

Zirvəsində öləcəyik..

Monday, November 16, 2015

Yük qatarı..

Quraqlıq və susuz səhradan keçən
Bir qara kimsəsiz yük qatarının
Tək, yeganə sərnişini mənmişəm..
Bu böyük səhrada bəlkə də heçəm,
Bu kiçik vaqonda bir nəhəngmişəm..

Yaddaşım silinib tamam niyəsə,
Görən bu qatara necə minmişəm?
Görəsən vağzala tək mi gəlmişəm?
Yoxsa biriləri yola mı salıb?
Axı hansı kimsə
Və axı necə
Səhralar boyunca yük daşıyacaq
Qatara sərnişin bileti alıb?

Relslərin səsindən ağrıyır başım,
Bir insan səsinin həsrətindəyəm,
Bu nədir?!
Siçanlar olub yoldaşım..

Dayan?!
Bu qatarı kim sürür belə?
Deməli qatarda tək deyilmişəm..
Qalxıram yerimdən tez gülə-gülə,
Vaqondan vaqona doğru qaçıram,
Yavaş-yavaş ağlım gəlir başıma,
Yaddaşım qayıdır, bilirəm kiməm.

Və sonuncu qapını da açıram,

Görürəm, sükanda oturan mənəm..

Saturday, November 7, 2015

Balıqçılar..

bir ulduz,
bir şamın yanan alovu,
qalın buz
və cəsur balıqçıların
buzu parçalayıb keçən tilovu..

buzun da, qarın da
dərdi mənə qalıbmış..
qışı anlaram yenə,
günəşli baharın da
dərdi mənə qalıbmış..

küsməyin balıqçıdan,
sizi satan dənizdən
ay zavallı balıqlar,
inciməyin acı taleyinizdən,
tilovların ucunda
soxulcan olmaq da var..

Monday, November 2, 2015

Dəniz qızı..

üzü məsum,
yanaqları qar bəyazı
saçları qum,
gözəl gözlü dəniz qızı,
gözünü yum..

qəlbini aç,
alın yazım,
ürəyindən yollarıma
işıq saç,
saç ucların
kürəyindən qollarıma
tökülsün..

üzün gülsün
ki, dan yeri sökülsün..

yarpaqların bükülsün,
özün solma,
dağ çiçəyi,
qəmli olma,
parıldasın hər ləçəyin..

gir qoluma,
dəniz qızı,
bax beləcə
qışı keçək,
görək yazı,
amma bircə
yanağından azalmasın
qar bəyazı..

Sunday, October 11, 2015

Gül..

gül, qadın, gül,
gül qadın, gül,
gül ki çöllər olsun dəniz,
bir yanım od, bir yanım kül,
alovlansın qəlblərimiz..

gül ki, sussun küləklər,
musiqilər duyulsun,
bağçamızdakı bülbül,
oxumaqdan yorulsun,
amma sən yorulma,
gül..

gül ki yanaqlarımın
buzları dizə gəlsin,
ərisin gülüşünlə..
pası qulaqlarımın
silinsin gülüşünlə..

gül ki, parlasın günəş,
gül ki, dursun yağışlar,
gül ki, bahara dönsün
ömrümüzdəki qışlar..

gül, qadın, gül,
sən ki güllərdən gözəl,
sən ki yuxu kimisən,
gül, güldükcə yaxın gəl,
sən gündüzün günəşi,
gecənin tilsimisən..

Sunday, September 27, 2015

Payız...

payız niyə oldu yaxın?
hər tökülən quru yarpaq
qollarımla dirçəltdiyim
bir ağacın..

çiçəklər niyə tez soldu?
niyə yağdı yenə leysan?
bir xahişim oldu
mənim
ən dəyərli dostlarımdan,
yerə vurdular sözümü..

çıxardılar gözlərimdə gizlədiyim
yalvarışı yadlarından..
dönmədilər axmaq inadlarından..

incitdilər,
ürəyimi sındırdılar,
qollarımdan tonqal qurub
yandırdılar..

bir kimsəyə dönüb daha
dərdimi aça bilmədim,
yarpaqlarım xəzan oldu,
payızdan qaça bilmədim..

Thursday, September 24, 2015

Əllərim..

boğazıma yığılıb
söz yığını,
nəfəs almağa qoymur,
yerə düşüb qələm qabım,
tez yığ onu,
əllərim..

udqunuram zəif-zəif,
yuxuları
saçlarımdan asmışam,
çayımın da uçub gedir buxarı,
tez tut onu,
əllərim..

gülüşlərim,
göz yaşımdan yuxarı,
gəlişlərim
bu yollara ağırdı,
sallandığım körpülər də qırılır,
burax onu,
əllərim..

ümidsizəm? deyiləm..
ümidliyəm? deyiləm..
çox sevincli
çox dərdliyəm,
qoyma belim əyilə,
qaldır onu,
əllərim..

başımı tut, ol çətirim,
yağışlardan qorxmayım,
gözlərimi bağla mənim
baxışlardan qorxmayım,
hələ göz yaşım axmayıb,
saxla onu,
əllərim..

nə vaxt kimsəsiz olsan
bir cüt əl görəcəksən,
bir qadınındı onlar,
yaxın gəl, görəcəksən..
qoru onu,
əllərim..

sən də, qadın, yaxın dur,
qoyma gözlərim dolsun,
imkan vermə yorulsun,
sənin olsun
əllərim..

Saturday, September 12, 2015

Biz..

biz iki dost idik körpüdən keçən
palçıqlı sulara yıxılmadıq ki..
olmadı anımız sevgidən bezən,
bir yerdə olmaqdan sıxılmadıq ki..

bax, biz yeridikcə yollar uzandı,
amma az da olsa yorulmadıq biz,
sel axan dərələr geridə qaldı,
bir sənsən, bir mənəm, bir də sevgimiz..

bilirsən, qarşıda hələ nələr var?
sənin gücün var mı mənlə gəlməyə?
dağlar var, daşlar var, gur dərələr var,
hazırsan bir gəzib bir büdrəməyə?

mənim qollarıma tutunacaqsan,
küləkli küçələr, yollar gəzəndə..
bütün tufanları unudacaqsan
üzünü yağışdan gizləməsən də..

ümidsən bu qədər dərd arasında,
olmasan ümidsiz qalacağam mən..
nə vaxtsa büdrəsən yol yarısında
dönüb ayaqların olacağam mən..

Monday, August 24, 2015

Darıxma..

əllərimdən möhkəm yapış,
buraxma,
yağış yağır,
gün çıxacaq, az qalıb,
gözəl üzlüm, darıxma..

günü qısqandıracaq
gözlərinin gülüşü,
unut ağlamağı sən..
təbiətin bəxşişi,
baharların müjdəsisən axı sən..

boz sahildə dayanmışam,
qızmar istidə yanmışam,
günəşlərdə qaralmışam,
qumsallarda saralmışam,
dəniz qumu gözlərimə hopub,
gəl,
dalğalardan, küləklərdən qopub gəl..

gəl, sarılım saçlarına,
sən yuxulu-yuxulu
gözlərimə baxınca,
mən sürünüm
gül qoxulu
yanaqların boyunca..

tut əlimi sonra yenə,
buraxma,
daha yağış yağır demə,
gün çıxacaq,
gözəl üzlüm, darıxma..

Monday, August 3, 2015

...

Bir də getdim o yerə,
Ağaclarla görüşdüm..
Köhnə bir xizək tapıb
Qar üstündə sürüşdüm
Uşaqlığımdakıtək..

Elədim ələk-vələk
Nənəmin taxçasını,
Bir qoğal da tapmadım..
Gör nə günə qoyublar
Babamın bağçasını,
Almaları çürüyüb..

Yolları his bürüyüb,
Yağış da yağmır daha,
Dağlarda qar qalmayıb,
Su da gəlmir bulağa..

Oysa necə gözəldi
Buranın bir vaxtları,
Addım-addım gəzərdim
Yaşıl, sərin bağları..

Mən gedim, gecdi daha,
Getməsəm tək qalaram..
Bir azdan yol alaram,
Çətin bir də nə vaxtsa
Dönüb uşaq olaram..

Friday, July 24, 2015

Darıxıram..

Ürpərirəm,
Qarğaların səsi gəlir uzaqdan,
Gizlənirəm,
Yox oluram qərib tində bucaqda,
Səslənirəm,
Duyan yoxdu bu kimsəsiz bataqda,
Niyə belə yad olmuşam
Keçmişimə?
Yorulmuşam,
Gücüm çatmır öz leşimə..
Yıxılmışam,
Göz dəyib yerişimə..

Darıxıram,
Dağlarıyçün kəndimin,
Yollarıyçün obamın,
Qırış-qırış əlləriyçün nənəmin,
Balta tutan qollarıyçün babamın..
Darıxıram,
Böyüdüyüm təpələrdən,
Sal qayalardan ötrü,
Ovuc-ovuc yeməkdən doymadığım
Ləpələrdən,
Qapımızın qarşısına
Yığılan qardan ötrü..

Elə möhkəm yağış yağır,
Yolda qalmır ayaq izim,
Yıxılıram,
Parça-parça olur dizim,
Ağlayıram..
O yaranı dizim üstə
Yadigartək saxlayıram..

Nə fərqi var?
Yüz yadigar qalsın mənə,
Nə ürəyim soyuyar,
Nə də susar qarğalar..
O günlər dönməz geriyə,
O insanlar
Və leysanlar
Bu yad yerdən alıb aparmaz məni,
Yaramı sarmaz mənim..
Nə ayağa qalxanam,
Nə də duyulmaz səsim..

Tuesday, June 23, 2015

Yazmamışam

mən ən gözəl şeirlərimi
sənə yazmamışam
çünki
mən ən gözəl şeirlərimi
hələ yazmamışam..

yazmamışam gözlərini,
mən ən gözəl misraları
gözlərinə saxlamışam..

əllərini yazmamışam,
saçlarını yazmamışam,
əllərimlə saçlarını
qarış-qarış gəzəcəyəm
və ən gözəl şeirləri
saçlarına düzəcəyəm..

Saturday, June 20, 2015

...

bir gülüş
bir ürək döyüntüsünə
çevriləndə, qızaranda yanağın,

hər baxış
bir gözəllik qatanda gülüşünə,
məsum məsun baxmağın..

ya da bilməm ki nə,
hər görüşdə barmaqlarım
dönüb olur darağın..

saçların,
saçların bezsin özgə daraqlardan,
qoy əllərimlə hörüm..

özün də gözlərimə
tez-tez görün,
bir də ki, uzaqlardan
duyulmasın sorağın..

Wednesday, June 17, 2015

Kabus

sənsiz bircə xəyal gəlməyib dilə,
sənlə məna tapır bütür arzular
yuxuma gəlirsən,
bəs deyil hələ
kabusu şən nağıl etməyin də var..

toxun qollarıma,
toxun əlimə,
varlığını az da olsa hiss edim..
gəl yanıma,
ürəyini
kabuslarımdan gizlədim..

sən də mənim ürəyimi
götür saxla ovucunda,
bir kabusa qurban gedib əzilməsin..
məni də tut,
əsir saxla saç tellərinin ucunda,
saçlarında yırğalanım həzin-həzin..

Wednesday, June 3, 2015

Göy üzü

sərsəm xəyallardan başımı qaldıranda göy üzünə aşiq olacağımı bilməzdim.. bəlkə də ilk gündən sevirmişəm üzərimə tökülən yağış damcılarını, gözlərimi qamaşdıran günəş şüalarını, üzümün bir tərəfinə kölgə salan buludları, hər biri bir ulduzu xatırladan qar dənələrini, ulduzları, ayı.. bircə anlıq başımı qaldırmaq imiş bütün məsələ, hər şey o ana məhkum imiş illərcə.. qəlbimin göy üzüylə üzləşmə anına.. o an təbiət öz qanunlarını pozmuş, günəşlə ayı, ulduzlarla buludları, göy qurşağıyla dumanı eyni anda cəmləmişdi göy üzündə. gerçəklərin fərqinə varım deyə, qəlbimin dərinində gizlənmiş eşqi qəfəsindən azad edib göy üzünə buraxım deyə.. üzümə vuran isti küləyin yanaqlarımı dondurmasından anlamalıydım əslində hər şeyi, saçlarıma düşən qar dənələrinin od tutub yanmasından, kölgəmin çevrəmi aydınlatmasından.. anlamalıydım göy üzünə necə dərin bir eşqlə sevdalandığımı.. hara baxsam göy üzü idi oysa.. hara baxsam səma.. hər yerdə sən varmışsan, hara baxsam səni görərmişəm, göy üzüymüşsən, buludlarmışsan, ulduzlarmışsan, aymışsan, günəşmişsən.. güzgüdəki əksim belə sənmişsən.. tək gərək olan sərsəm xəyallardan başımı qaldırmaq imiş, göy üzünə baxmaq imiş, üzünə baxmaq imiş..

Tuesday, May 26, 2015

Yel dəyirmanı

bu qız kimdi göy üzünə bənzəyir?
yanağında buludlar parçalanır..

saçlarının küləyi kirpiklərimə dəyir,
gözlərimdə fırlanır
yel dəyirmanı..

elə bil yaddaşım sıfırlanır,
"yaxın gəl, məni tanı,
sonra əgər unutsam öz adımı,
mənə xatırladarsan.."

nə deyirəm mən belə?
günəş vurub deyəsən,
"ey,
bəs yıxılsam tutarsan?"

"şşş, zarafat elədim
bəsdi yağış çilədin qəzəbdən sifətimə"
min-min eyiblər olsun mənim mərifətimə,
hər şeyi də korladım..

nə isə,
əsas odu,
yanağından bir bulud oğurladım
quraq zamanı üçün..

əlbəttə ki, bir nəfəslik də külək,
yel dəyirmanı üçün..

Tuesday, May 19, 2015

Sənmisən?

sən, qadın,
sənmisən əllərimi əllərinə həbs eləyən?
sən, qadın,
sənmisən gözlərimi yuman kimi
ürəyini kirpiklərimdə yelləyən?

sənmisən bu, duman kimi
gözlərim önünə çökən?
məni dərd içindən,
acı içindən
bircə kəlmə sözü ilə tutub çəkən
sənmisən?

gül üzündən ovucuma gül tökülən,
gözlərimə baxıb gülən,
pəri nağılı kimi
yuxumu yarı bölən
sənmisən?

saçlarında incə-incə gəzinən
barmaqlarımdır mənim..
düzünü de,
neçə zamandır mənim
qollarımda rəqs eləyən
sənmisən?

Friday, April 3, 2015

Bahar

baharın müjdəsini o vermişdi. əlləriylə qar dənələrini əridib çaylar axıtmışdı qəlbimin dərinlərinə. hüzünlü bülbüllər geri gəlmişdi yaşıl bağçalarına, qanadlarında sevgi nəğmələri. gülümsəmişdi incə-incə, təbəssümündən qopan ulduz parçalarını ovcuma yığmışdım, qaranlıq otağımın tavanında parlaq səma yaratmışdım ulduzları asaraq. hər ulduz öz anlam yüküylə sallanırdı tavandan, hər ulduz səma həsrətiylə çırpınırdı pəncərəmə doğru. çatlaq pəncərədən yorğun gecəyə doğru qaçmaq, qaranlıqla qovuşmaq, bir ulduz nə istərdi ki başqa? ulduz istərdi də, ay uzatmazmıydı əllərini ona doğru? o gəlmək istərdi də uzatmazmıydım əllərimi? sərməzmiydim baharın ən gözəl çiçəklərini ayaqlarının altına? istərdi.. sərərdim, gülümsərdi, gözləriylə işıq saçardı üzümə, kirpiklərimin yanağıma düşən kölgəsindən tutub nur olardı gözlərimə.. gözlərimdən keçib qəlbimə axıtdığı sevgi çaylarına qarışardı, qəlbimə dolardı, "mən baharın müjdəsiyəm" deyərdi.. gəldi, dedi. baharın müjdəsini o verdi.. o ki dörd fəslin müjdəsidi.. o ki təbiətin qəlbimə bəxşişidi, körpə fidan budaqlarında islanan tumurcuqların, köhnə evlərin navalçalarından sallanan sırsıraların, yağışlı ormanların, quru çöllərin, qızmar qumsalların, güllərlə bəzənmiş yamacların bəxşişi.. o ki müjdəsidi sevginin, o ki sahibidi qəlbimin..

Tuesday, March 31, 2015

Yuxu

gördüyüm yuxu sənsən,
və daldığım hər xəyal
səni gətirir mənə,
necə ki yadımdasan,
elə də yanımda qal..

qəlbimi əlinə al,
onu saxla, əzizlə
sevgiylə dolanacan..
saçını çiyninə sal,
toxunsun əllərimə
yuxudan duranacan..

saçlarının ucları
qollarıma batanda
yuxudan oyanacam.
ovucunun istisi
ürəyimə çatanda
yenidən yaranacam..

Tuesday, March 10, 2015

Yük daşıyan qoca

yuxu ortasında,
gecə sonunda,
hər şey yerli-yerində,
hər şey öz qaydasında..
yenə də əllərimdə
qan izləri görünür
hər gecə olduğutək..
şübhələr düşündürür:
yuxudu, yoxsa gerçək?

kürəyinə yük alıb
dağları aşan qoca
bəlkə mənim atamdır..
gör bir necə qocalıb!
ardınca qaça-qaça
ətəyindən yapışıb
yalvarıram getməsin..
mənim üzümə baxıb
"qorxma, getmirəm" desin..

yox, elə yuxudu bu,
və yuxu da qalacaq..
atam ki hara getsə
məni də aparacaq..

bu yer haradır belə?
kəndimizi xatırladır yolları..
yol içində yaz selindən xatirə
dərin-dərin arxları..

necə tanış gəlir palçıqlı küçə..
necə tanış gəlir bu çəpər, Allah!
yaddaşımda bu kəndə dair qalan
bütün anlar bu küçəylə iç-içə..

bir uşaq görürəm,
qanayıb dizi
bir moruq koluna tərəf qaçanda..
hər yuxudan gözlərimi açanda
əllərimdə bu görünən qan izi
bəlkə elə moruqlardı dərdiyim?
tikanları iynə kimi batdıqca əllərimə
qırxca günün içində itirdiyim
nənəm, babam qayıdır xatirimə..

bəsdi daha,
qaçmalıyam bu yorucu gecədən,
bir qocanın arxasınca gəldiyim
keçmişimi xatırladan
üzü yoxuş küçədən..

qaçmalıyam,
amma bilmirəm necə..
gözləyirəm o atama bənzəyən,
qoca adam bu yoldan bir də keçə..

və birdən bir "oyan" səsi duyuram,
yuxudan qaytarır məni həyata,
"görürsən ki, yatıram,
məni niyə oyadırsan, ay ata?"

Saturday, February 21, 2015

Səhərin müjdəsi

yenə susqun gecədir,
yenə kölgəm sürünür,
gecənin zülməti altda..
elə bil kimsə gəlir,
gecədən xeyli uzaqda
gül üzlü bir qız görünür..

saçları azca dalğalı,
kirpikləri düzüm-düzüm,
yaylığı gül naxışlı,
çantası yaşıl..
nə üçün qamaşır gözüm?
yoxsa ki gözləridir
parıldayır işıl-işıl?

parıldasın, işıldasın,
yoldaşı olsun qəmərin,
sonrası olsun ayazın,
qoymasın gecənin vədəsi dolsun
və gəlsin səhərin
müjdəsi olsun..

Thursday, February 12, 2015

Olunmaz

Şeirlə şair olunmaz,
Gözlə aşiq,
Susmaqla sadiq,
Söz tutmaqla dost olunmaz..

Qaçmaqla azad olunmaz,
Bir gül ilə ilk bahar,
Daş üstə daş qoysan hasar,
Məsafəylə yad olunmaz..

Gülüşlə xoşbəxt olunmaz,
Göz yaşıyla ağlamaq,
Qışqırmaqla sərt olunmaz,
Bir qığılcımla çaxmaq,
Bir səhvlə axmaq olunmaz..

Bir nəfəslik canla qorxmaz,
Qorxmaqla qorxaq olunmaz,
Ləkə varsa bəmbəyaz,

Yoxsa qara olunmaz..

Thursday, January 15, 2015

...

gözlərin gülməsə çöhrəm nə üçün gülsün axı?
əllərin tutmasa əllər,
qoxun olmazsa ətirlər nəyə lazım?
saçların nə edər ovucumdan yad darağı?

xəyal et,
təbiət rəngli, çiçəklərlə bəzənmiş geyimin əynində,
ürəyindən nə keçir bilməm də,
başın çiynimdə..

elə qalsın..

üzün asma,
gözünün dərdini leysanlar aparsın..