Monday, April 20, 2020

Sən sevən şeirlər

Sən sevən şeirlərin
Üstünə günəş vurur,
Sətrini yağış yorur,
Bəndini külək qırır.

Sən sevən şeirlərin
Güzgüyə əksi düşmür,
İçində dərd yetişmir,
Hekayəsi dəyişmir.

Sən sevən şeirlərin
Hərfləri həzindir,
Səslənişi səsindir,
Görüntüsü üzündür.

Sən sevən şeirlərin
Dərininə hopmuşam,
Öz-özümdən qopmuşam,
Səni burda tapmışam.

Sən sevən şeirlərin
Bədənim kölgəsidir.
Mən - sevən, şeirlərim
- Ürəyimin səsidir.

Friday, April 17, 2020

Özümü seçməmişəm

içimdə özümə nə kinlər yatır,
səhvlərimdən keçməmişəm, neyləyim?
şikayət etməyə haqqım da çatır,
özümü mən seçməmişəm, neyləyim?

bilirəm verdiyim, aldıqlarımı,
saymışam heç nəyə satdıqlarımı.
geriyə atdığım addımlarımı
cürət edib ölçməmişəm, neyləyim?

yorucuyam, başdan-başa inadam,
özümə doğmayam, hamıya yadam.
bağışlayın, mərhəmətli bir adam
olmağa and içməmişəm, neyləyim?

bəlkə bir gün heç ruhunuz duymadan
oyanaram bu zamanlı xülyadan.
məni mənə həbs eləyən dünyadan
bu günəcən köçməmişəm, neyləyim?

Friday, April 10, 2020

Mən kiməm? (2)

Bədənim, üzüm, qollarım
Mənimkidir, ya mənlədir?
Seçimim, izim, yollarım
Kimindir? Başım hərlənir...

Gözümdəki kölgə kimdi?
Üfüqümdə batan kimdi?
İçimdəki körpə kimdi?
Aynadakı adam kimdi?

Varlığım imdad diləyir
İçimdə mənlər dalaşır,
Ağlım mənə hökm eləyir,
Ürəyimdə ruh dolaşır.

Qoymur məni rahat yatım,
Qoymur unudum hər kiməm,
Bəlkə məndən yox yaradım?
Var "mən" olmağı tərgidən?

Monday, April 6, 2020

Pərişan qoca

Qırılmış pəncərə, tutulmuş baca,
Çatlamış divarlar kədərsizdi mi?
Saçları küləkdən dağılmış qoca
Pərişan halından xəbərsizdi mi?

Yağış ki isladır yanaqlarını,
Gözündən bir gilə yaş axmaz daha.
Eşitməz, bağlayar qulaqlarını,
Qayıdıb dünyaya da baxmaz daha.

Bircə ürəyinin döyüntüsü var,
Onu da küləyin səsi susdurub.
Ürək ki, həm beşik, həm də ki, məzar,
Sevdalar böyüdüb, eşqlər basdırıb.

Könlünün qırığı pəncərələrdə,
Əlinin qırışı divarda qalıb,
Gözünə ən doğma mənzərələr də
Sonuncu qazdığı məzarda qalıb.

Bilir mi, adını qalmayıb bilən?
Düşünür dünyada izi qalacaq?
Torpağa nəzərən yer dəyişdirən
Növbəti doğması özü olacaq.