Monday, September 30, 2013

Biz..

Sən nə qovuşmağından danışırsan? Biz körpülərlə birləşmiş şəhərlərdə çayları bəhanə edirik ayrı qalmaq üçün. Gözlərimiz toqquşmasın deyə əllərimizlə divarlar hörmüşük pəncərələrə. Daş qaldırmağa ərinməzkən bir-birimizin əlini tutmağa ərinən biz idik. Əllərimiz yox, qəlblərimiz yorğun idi. Gəl gör ki, bircə addım qalmışdı xoşbəxliyə, o addımı atmağa vaxt tapmayıb da, bir-birimizi ayaqlar altına atıb əzən də biz idik, sən nə qovuşmağından danışırsan? Biz bir evin içində qapıları bəhanə edirik ayrı qalmaq üçün..

Gözlərini çək indi


Gözlərini çək indi,
Yalvarıram
bağışla..
Çünki bu can sənindi,
Ən çoxu bir baxışla..

Gözlərini çək indi,
Bacardıqca dərin çək,
Necə dəniz dərindi,
Dərin olsun dəniztək..

Gözlərini çək indi,
Çək ki,
Külək dəyməsin..
Qara kirpiklərini
İncitməsin,
Əyməsin..

Gözlərini çək indi,
Mən kömək edim sənə..
Gözlərindəki dərdi
Çəkim sənin yerinə..

Sunday, September 29, 2013

Güvənməmişdin

Kim sənə
Pis desə
"Yalan" demişdim..
Sən isə
İnandın hər səsə,
Yaman dəyişdin..
Hər nəsə, 
Sən mənə 
Güvənməmişdin..

Saturday, September 28, 2013

Peşman kimi baxırdı

Son dəfə qarşılaşdıq
Yenə yağış yağırdı..
Hiss elədim, elə bil
Peşman kimi baxırdı..

Yağışdanmıydı, nəsə
Yanağı islanırdı..
Titrəyirdi əlləri də,
Baxışımdan utanırdı..

Üzünü döndü, getdi,
Çox gördü bir salamı..
Özü köhnədə qaldı,
Yenilədi yaramı..

Yağan yağış deyildi,
Gözümdən yaş axırdı..
Hiss elədim, elə bil
Peşman kimi baxırdı..

Bir gedən bir də gedər

Səssiz ol, deyəsən
Qəlbim dayanıb..
Mənimçün vaxt eləcə
Sən gedən gündə qalıb..

Duyuram, kimlərsə yenə
Gülüşür bizdən uzaqda.
Mənim göz yaşlarım isə
Danışır gözlərin haqda..

Elə bil oyundu bu,
Biz iki küsmüş uşaq..
Bəsdi üzdün özünü,
Geri dön, gəl barışaq..

Bilirsən, dönsən əgər
Bitəcək onca kədər.
Ya da qal, qayıtma heç
Bir gedən bir də gedər..

Wednesday, September 25, 2013

Saçsız qadın

Güzgüyə bax,
Tanı özünü indi.
Gör, saçları tökülmüş,
Bu aciz qadın
Sənin nəyindi?
Bəlkə də kimliyin
Çıxıb yadından..
Sən qara saçını
Rənglərə satan
Saçsız qadınsan..

Tuesday, September 24, 2013

Bilmirsən..


Sən hardan biləsən
Nədir ağlamaq?
Səninki odur ki,
deyib güləsən..

Nə bilirsən nədi vicdan?
O danışsa
İki büklüm olur insan..

Bəs xəbərin varmı sənin
Ayıq keçən gecələrdən?
Bilirsən mi ağlayıram
necə hərdən?

Ölmək nədi bilirsənmi?
Ürəyimdə ölən mənəm,
Yoxsa sənmi?

Monday, September 23, 2013

Bax, gör, ana..


Bax, gör, ana
Oğlun yenə dərd axtarır..
Bunca dərdin arasında
Aşiq olmağa vaxt tapır..
O eşqi səndən öyrənib,
Səndədi səhv, bilirsənmi?
Bax, gör onun gözlərində
Öz əksini görürsən mi?
Gözlərindən qəlbinə bax,
Soruşma ki, "nədi dərdin?"
Gərək ona sevməyi yox
Unutmağı öyrədərdin..

Saturday, September 21, 2013

Təhlükəli oyunlar (Oğuz Atay)

Allah lənət etsin, insan danışmaq istəyir, polkovnik. Belə axmaqca bir hissə qapılır. Bir yandan da heç danışmaq istəmir. Eyniylə oyunlardakı kimi qarışıq duyğuların altında əzilir. Amma mənim də sevməyə haqqım yoxdu mu, polkovnik? Yox. Yaxşı, polkovnik.. Mən də susaram. Gecəqondumda oturar anlaşılmağı gözləyərəm. Fəqət, polkovnik, adresimi bilmədən məni necə tapıb anlayacaqlar? Soruşuram sizdən: "Necə?", kim biləcək mənim insanlardan qaçdığımı? Mən ölmək istəyirəm, cənab polkovnik, ölmək. Bir yandan da göz ucuyla ölümümün necə qarşılanacağını izləmək istəyirəm. Təhlükəli oyunlar oynamaq istəyir insan. Bir yandan da qılına zərər gəlsin istəmir. Kiçik oyunlar istəmirəm, polkovnik..

Kəlmələr, polkovnik, bəzi mənalara gəlmir...

Oğuz Atay | Təhlükəli Oyunlar

Göz yaşı

Bəlkə gündüzdü Bakıda,
Bəlkə də mən kor olmuşam..
Qaranlıqda anlayıram,
Bir zamanlar sənə qarşı
Deyəsən nankor olmuşam..
İndi soyuq ürəyimin
Gecələrdi tək sirdaşı,
Səndən mənə qala qala
Qalıb bir damla göz yaşı..

Elə get ki..

Elə get ki, getdiyini
Özün belə bilməyəsən.
Elə get ki,
Yuxuma da gəlməyəsən..
Gedirsənsə aramızda keçib gedən
Onca anı itirib get..
Gedirsənsə, yoxluğunda eşitdiyim
Səsini də götürüb get..
Hara gedirsənsə, çıx get,
Elə get ki, qalmayasan..
Cismən mənə uzaq ikən
Ruhən yaxın olmayasan

Unudaq..

Xatırladım bir anda
Unutmuşam çoxunu..
Özün qalmısan kənarda,
Unutmuşam qoxunu..
Unutmuşam yanağımda
Göz yaşımı qurutmağı,
Unutmaqla məşğul ikən
Unutmuşam unutmağı..
Unutmadan deyim sənə,
Hərdən mənə ol qonaq,
Dərdlərini al əlinə,
Gəl birlikdə unudaq..

Saçlarını

Əllərim sənin olsun,
Al, dara saçlarını..
Hörüklə, 
Bir çiyninə
Sal qara saçlarını..
Nəfəsim külək olsun,
Bu külək aparacaq
Gör hara saçlarını..

Thursday, September 19, 2013

Bir şeirlik canın var

Saçlarına yağıb qar
Gör indi nə haldasan?
Bir şeirlik canın var..

Sən əvvəl də tək idin,
Yenə də tək qalmısan..
Deyəsən qocalmısan..

Deyəsən səni də
Fəsillər yorub..
Sən yoxsan,
Qarşımda
18 yaşında
Bir qarı durub..

Ona deyin..

Ona deyin ki, çox da gözəl deyil, incisə də fərq etməz.. Mən onu gözəl sevmişdim, deyin, qoy xətrinə dəysin..
Ona deyin ki, daha səninçün darıxmır.. Fikir vermisən mi, deyin, üz-üzə gələndə sən olan tərəfə baxmır. Deyin, sevinsin..
Ona deyin ki, bu qədər qaraqabaq olmasın.. Gülümsəməsi çirkin olsa da, bir vaxtlar o gülümsəməyə aşiq olan biri var idi, deyin.. Deyin, gülümsəsin..
Ona deyin ki, ölüb eləməsin, onsuz da ağlayan deyiləm.. Sonuncu göz yaşını o gedəndə tökmüşəm, hardan bilsin..

Wednesday, September 18, 2013

...

Dost, düşünürsən ki, səni məndən çox sevəcək? O sevməyi bacarmır. İnan, səmimiyəm, paxıllıqdan ya qısqanclqdan deyil elədiyim. Qəlb qırılması nədi, bilirəm, başqasını incitməsini istəmirəm. İndi o sənə çox söz deyəcək. İnanma, dost, məni də elə aldatmışdı. Bilirsən, onun xarakteri belədi, hər işdə hərəyə fərqli münasibət göstərir, amma hamıya eyni cür xəyanət edir.

Susacağam

Sevgilim, yenə aşiq olmuşam.. Sən yaxşı bilirsən mən necə asan aşiq oluram. Deyəsən, yaxşı biridi, ən azından səndən yaxşıdı. Gülürsən.. Çox mu gülməlidi? Qorxuram indi soruşacaqsan ki, bu neçəncidi məni unutmaq üçün? Deyəcəksən ki, ayıb deyil mi öz hisslərinlə oynayırsan? Susacağam..

Monday, September 16, 2013

Skamya

Çıx get, oturma burda, bu skamya tək mənimdi! Yalnızlığımı paylaşdığım yerə layiq deyilsən.. Bütün bu çirkaba, bütün bu acı xatirələrə layiq deyilsən.. Acılarıma dəymirsən sən, səninki xoşbəxtlikdi, sevincdi, gülüşdü.. Bu skamya belə saxta hisslərin yadigarı deyil! Sən xoşbəxliyimin dadını çıxaranda mən burda tək oturmuşdum, acılarım və mən.. İndi isə gəlib ortaq olmaq istəyirsən sahib olduğum hər şeyə.. Bu köhnə skamya dözər mi xoşbəxtliklə acını eyni anda üzərində saxlamağa?! Elə isə, göz yaşımda boğulmamış get! Skamyam qırılmamış get!

Tanımaq istəmirəm

Səni tanımaq istəmirəm. Yanlış tanımaqdan qorxuram, sənsiz qalmaqdan qorxmadığım qədər. Xəyal qırıqlığı nədi, bilirəm. Çox yaxşı bilirəm, çətindi, bilmək istəməyəcəyin qədər. Ona görə də, yaxşısı sən uzaq qal məndən, qoy belə sevim. Uzaqdan, qarşılıqsız, səndən xəbərsiz..

Səndən baxım..


Bəsdi daha sənə baxdım,
Gözlərini uzat mənə,
Qoy bir az da səndən baxım..
Keçim sənin yerinə,
Hərdən baxım
Gözlərindən özümə..
Qoy bir az da səndən baxım,
Görüm bu qəlb
Necə görünür ordan?
Bəlkə mənim gündüzlərim
Gecə görünür ordan..
Gözlərindən axmaq üçün
Göz yaşına dönüm gərək?
Bircə dəfə baxmaq üçün
Bəlkə də mən ölüm gərək..

Ürək üsyan edir


Bir ürək üsyan edir,
Kim bilir, dünyanın harasında..
"Gəl!" deyir, "öldür məni!
Bir ürək tək qalıb ürəklər arasında.."
Tək qalan tək ürəkmiş kimi ağlayır..
Aid olduğu bədəni parçalamaq,
Azadlığa çıxmaq,
Xoşbəxt olmaq istəyir..
Ürək üsyan edir bu gecə,
Son gecəsiymiş kimi..
"Yetər!" deyir, "bəsdi məni incitdiniz!"..
Titrəyərək çırpınır..
"Sevən sizsiz, unudan siz!
Niyə əzab mənə qalır?"

Saturday, September 14, 2013

Gəlsəydin.

Gəlsəydin nə edərdim bilmirəm. Bəlkə də sevərdim yenə, bəlkə də üzümü çevirib gedərdim, sənin etdiyin kimi. Onda başa düşərdin döydüyü qapı açılmayınca insanın nələr hiss etdiyini. Mənə çox tanışdı belə hisslər, təşəkkürlər, sənin sayəndədi hamısı. Gəlsəydin bəlkə də heç bunları yazmayacaqdım, bəlkə də gülümsəyirdim indi. Ya gəlişinə, ya da peşman oluşuna. Bilmirəm, əslində gəlməsən yaxşıdı. Bir gedən, bir də gedər..

Bütün sevgilərin sonu eynidir..

Bütün sevgilərin sonu eynidir..
Gedən gedir,
Qalansa qala bilmir.

Ayrılıq, həsrət, acı..
Nə qardaş dada çatır
Nə də ki bacı..

Ana qucağına ehtiyac olur..
Heyif, böyümüsən..
İnsan məhəbbətə sanki ac olur..

Gecələr uzun keçir,
Tərk etdiyi an qədər..
Acı bir yalan qədər..

Mahnılar qalır geri..
Nəqarətə çatanda
Onun görünür yeri..

Bütün sevgilərin sonu eynidir..
Son olmasa
Demək, əsl sevgidir..

Dəyişib..


Hələ də özümdən utanıram mən
Səni unutmağa necə qıymışam..
Ara bir özümə deyirəm, görən
Neçə ilimizi yarım qoymuşam?

Bilirsən, bəlkə də, günah səndədi,
Saçların dəyişib, üzün başqadı..
Gəzdiyimiz küçə öz yerindədi
Amma o küçənin dəyişib adı..

İndi bütün şəhər dəyişsə belə,
Görüş yerimizin yolu eynidi.
O yerdən sağ çıxan olmayıb hələ,
Bütün sevgilərin sonu eynidi..

Hardasan ay gələcək?!


Hardasan ay gələcək?
Səsin də eşidilmir..
Necə gizlənmisənsə
Yerini kimsə bilmir..
Həmişə gəlmisənsə
Yenə də gələcəksən,
Axı sən gələcəksən!
Hardasan ay gələcək?
Halından yoxdu əsər..
İndi mənə gərəksən
Heç olmadığın qədər..
Olmayaydın gərək sən
Ya da tez gəl birtəhər..
Dünya dağılacaq mı
Azca tez gəlsən əgər?!

Gecə

Bu gecə də adi bir
Payız gecəsi olsun,
Nəsə uzun gecədir
Gəlib keçəsi olsun..

Yuxulara gəlməsən
Çətin yata bilərəm..
Bax elə sən öləsən
Yuxunu gizlədərəm!

Necə keçəcək gecə?
Yuxum da yoxdu yenə..
İndi poçt da işləmir
Salam göndərim sənə..

Səni düşünəcəyəm
Yuxum gələnə qədər..
De, bir şəklə baxarlar
Bir gecədə nə qədər?

Yaxşı olacaq

Yaxşı olacaq deyirdi, saf kimi inanmışdım. Əslində çox şey deyirdi, mən "yaxşı olacaq"dan sonrasını dinləməmişdim. Onun dediklərini yox, eşitmək istədiklərimi dinləyirdim. Elə hesab edirdim ki, mən nəyə inansam onu da yaşayacağam. Yanılmışammış. Amma düz deyirdi, yaxşı oldu mənə. Hər deyilənə inanmasaydım, yaxşı olardı.

Friday, September 13, 2013

Kor qız


Kor bir qız sevəcəyəm
Gözləri olacağam..
Rəngləri sərəcəyəm
Qaranlığın önünə..
Kor bir qız sevəcəyəm
Görənləri gördüyünə
Peşman edəcək qədər..
Qaranlığı gözlərindən
Çıxıb gedəcək qədər..
Kor bir qız sevəcəyəm..
Səsimdən tanıyacaq..
Mən onun görən gözü,
O nəfəsim olacaq..

Thursday, September 12, 2013

SAÇLARINI KÜLƏKLƏRƏ SATAN QIZ

Saçlarını küləklərə satan qız!
Sən də mi eşq acısında yanırsan?
Yağışları yorğan edib
Buludlarda yatan qız!
Göy üzündə mən yoxam mı sanırsan?

Saçlarını küləklərə satan qız!
Bilirsən mi kirpiklərim 
Neçə gecə ağlayıb?
Sevgi dolu ürəyimi nifrət dolu edən qız!
Əllərimə buz bağlayıb
Məni atıb gedən qız..

Saçlarını küləklərə satan qız!
Bircə ovuc yalnızlığa satdın məni,
Sən gündüzün ortasında
Qaranlığa atdın məni..

Saçlarını küləklərə satan qız,
Tanı məni! 
Səni tutan qollaram!
Saç ucları qollarıma batan qız,
Saçlarının hər telində mən varam..

Günəş


Bu səhər gördüm günəşi..
Geyib qızıl paltarını,
Açıb mənə qollarını
Nurunu üzümə vurur..

Bu səhər gördüm günəşi..
Boğdu ürəyimi qürur..
Axı günəş neçə aylar gəlməmişdi,
Qaranlıqda mənim nələr
çəkdiyimi bilməmişdi..

Həsrəti dondurub məni,
Yoxluğu öldürüb məni,
Neçə aylar sonra gəlib
Gör necə güldürüb məni..

Bu səhər gördüm günəşi..
Günəş və sən...
Və əslində günəş sənsən..
Bu səhər görmüşəm səni,
Günəşə bənzətmişəm səni...

Bacarmıram


Etiraf edirəm, bacarmamışam
Nə sevməyi, unutmağı,
Nə də başqaları tək
Bir məqsədə tutunmağı..

Bacarmadım, alınmadı,
Ürəyim də saxta imiş..
Bunları dərk etmək üçün
Qismətim bu vaxta imiş..

Daha şeir də yazmaram,
Yazmağı çoxdan atmışam..
Utanıram özümdən ki
Şeiri eşqə satmışam..

Səninçün..

Daha keçib ağlamaqdan,
Bircə damcı göz yaşın var,
Yaman gecdi..
"Ağladanlar ağlasınlar"
Deyə deyə
Aylar keçdi,
illər keçdi..
Sığışdırsan milyon aya
Xoşbəxt olduq bir neçə gün..
Bilirsən mi
Bu dünyaya
Gəlməmişdim sənin üçün..

Yağış


Əllərimlə hörərdim
İslanmış saçlarını..
Kaş son dəfə görərdim
İçli baxışlarını..

Saçlarında görmüşdüm
İç üzünü yağışın..
Bəlkə də ağlayırdı
Dərdinə payız qışın..

Məndən sonra yağış da
Yanında qalmayacaq,
Bax, bizim dərdimizə
Ağlayan olmayacaq..

Nə olardı?


Ondan sonra mənə qalıb
Məni səhra sanan yağış..
Nə olardı? 
O olardı,
Xırda-xırda yağan yağış
Saçlarını isladardı..

Yollar

Sanki gələcəkmişsənmiş kimi yollara baxmağı adət etmişəm. Bilirəm, gələn deyilsən, amma ümid sonda ölür axı. "Bəlkə" deyirəm içimdən, bəlkə gördüyün bir əşya, dinlədiyin bir musiqi, ağladığın bir çiyin sənə məni xatırladar da, dönərsən. Amma dönsən nəsə düzələcəkmi, ya yox, heç bir fikrim yoxdu. Birinci gəlişin - sonuncu gəlişin hər şeyi elə düzəltmişdi ki.. Ya da mənə elə gəlirdi. Bəlkə də özümü aldadırdım. Özümü aldatmadığıma inandırmışdım özümü, ta ki sən "özünü aldadırsan" deyənə qədər. Həmin an canımın necə yandığı ağlıma gəldikcə səni qaytarmasın deyə yollara yalvarıram..

Yan, ürək.


Yan, ürək, yan!
Bu dəfə də səbəbsiz yan..
Yan, isinsin atəşinlə
Qaranlıqda qalan dünyan..
Yan, ürək, yan!
Yanmadığın an mı olub?
Bu günəcən sevgisindən
Alışmayan can mı olub?
Yan, ürək, yan!
Yandıranlar utansınlar..
Səni məqam düşən kimi
Sındıranlar utansınlar..

Qəddarsan

Unutduğumu sandığım günlər yadıma düşəndə gülməyim gəlir. Gülmək deyəndə, sevincdən yox, əsəbdən. Bəlkə heç əsəb də deyil, sadəcə öz səhvlərim özümə gülünc görünür. Əsəb olması üçün heç səbəbim də yoxdu, həmişəki kimi yenə də öz günahımdı. Hə, elə hər şey mənim günahımdı. Əslində unutduğumu düşünməyim üçün haqlı səbəblərim də var idi, ən azından neçə ay idi ki, səni xatırladan köhnə mahnılardan uzaq idim. Yenilər isə səni xatırlatmırdı nədənsə. Və elə ki mahnılar səndən danışmağa başladı, aylar sonra sən bir də çıxdın qarşıma. Mən qulağımda qulaqlıq səni xatırladan mahnını dinləyərkən sən gəl keç yanımdan, nə üzümə bax, nə salam ver, çox qəddarsan..

Gör nə qədər uzaqsan..

Gör nə qədər uzaqsan ki,
Şeirlərim səndən qaçır..
Günəş olsan isidərdin,
Ay yalnızca işıq saçır..

Gör nə qədər uzaqsan ki,
Yaxınlara çatmır səsin.
Uzaqlarda bir pıçıltı
Nəfəsinə çatmır sənin..

Gör nə qədər uzaqsan ki,
Gör deməyə dilim gəlmir,
İstəsəm də görünmürsən,
Görünsən də əlim dəymir..

"sağ ol"

Vaxt keçdikcə sənə olan artıqlığımı anlayırdım, əskikliyin artırdı. Bəli, sənə mən lazım deyildim. Və bunları anlamaq qürurumu incitdikcə mən də səni incitməyə başlayırdım. Ən çox da qürurumu basdırmaq təsir edirdi, əlbəttə, günahkar mən deyildim. Səndən getməyini istəməyimə baxmayaraq israrla qalmağın və ən əsası bunu məni incitməmək üçün etməyin özümə nifrət etməyimə səbəb olurdu. Günlər keçdikcə özümə olan narazılığımın artdığını hiss edirdim. Əlbəttə, o günlərdə fikrimdə ancaq özüm olduğum üçün sənin düşüncələrindən xəbərsiz idim. Sonda da elə xəbərsiz getdin, bir kəlmə səmimi olmayan "bağışla", bir də ömürlük "sağ ol"..

Ayrılığa inanmışam


Və oyandım ki bir səhər
Ayrılığa inanmışam..
Yaşamışam nələr-nələr,
Hamsını yuxu sanmışam..
Nə yamanmış ayrılığı anlamaq?
Gündüzləri deyib gülmək..
Gecələri öz-özünü danlamaq..
Sanki mənəm çıxıb gedən,
Sanki mənəm ayrılığın günahkarı..
İstəmirəm sən olmayan yuxulardan
Sonra gələn sabahları..
Nə acıymış unudulmuş yuxular?
O getdiyi yuxularda dayanmışam..
Bir də onu unutduğum gecə var,
O gecədə ayrılığa inanmışam..

Sevgisiz şəhər

Necə də gözəldir hər şey. Sanki bu şəhərdə yaşayanlar dərdsizmiş kimi, buranın insanları ilin bütün fəsillərində bacarırmış kimi sevməyi, yay-qış fərq etmədən, isti-soyuq ayırmadan.. Buranın insanları sevməyi bacarır mı? Bir-birinin gözlərinə baxmaqdan çəkinən sevgililər varmı ki bu şəhərdə? Ürəyində sevən, üzdə bildirməyə utananlar, gözlərini qaçıranlar, sevdiyinin adı gələndə üzü qızaranlar, bir-birinin əlini tutmamış olanlar.. Varmı?  Yoxsa sevgi əyləncədir burda? Görüşlər, əyləncələr, tutulan əllər, öpüşlər, yalan sözlər, yalan vədlər, yalançı üzlər, yalançı baxışlar.. Sevgi deyil bütün bunlar. Bu şəhərin insanları bacarmır sevməyi.. Birisi gec olmadan iç üzünü açmalıdır bu saxtakar şəhərin..

Gizlicə


Yazın ortasında 
Yağıb qar
Ya da gözlərim çaşır
Neçə qardan adam var
Bir az qartopu
Biraz da külək
Sovurur gözlərimə
Yerdəki qarı
Niyə soyuq hiss edirəm 
isti baharı?
Hərdən bir düşünürəm
Təqvim yalandı bəlkə?
Mənim bu gördüklərim
Gərçək borandı bəlkə?
Üşümürəm, istidi
Belə də qış mı olar?
Bəs yazın ortasında
Bu cürə qar mı yağar?
Bəlkə də qar sadəcə
Yağır ümidlərimə
Bəlkə də
İnsanlardan gizlicə
Səndən gizlicə
Bəlkə sən də burdasan
Məndən gizlicə
Əgər ki burdasansa
Qalın geyin donarsan
Bəlkə donsan yanımda
Həmişəlik qalarsan?
Dayandı boran daha
Sallanır sırsıralar
Səhər açılan kimi
Açılır
Buz bağlamış yaralar..

Nədir ki?


Ay üzlü bir qız sevmişdim 
ölməzdən öncə
O getdi, o yoxsa ölüm nədir ki?
Ölmək istəmirəm bilməzdən öncə..
Getmək səbəbini bilim, nədir ki?


Səhərlər fikriylə oyandığım qız
İndi gecələrə həbs edib məni
İnana bilirsən?
Ayrılmışıq biz!
Ayrılıqdan bətər zülm nədir ki?

Sənsizlik

Güzgü qarşısında oturub ağlamaq.. Ağlamaq və göz yaşlarımı seyr etmək, güzgüyə düşən əksimdə özümü axtarmaq, səni tapmaq.. Səni itirmək hər baxışda. Susmaq.. Və xəyalınla danışmaq.. Cismini unutmaq və xəyalını sevmək, xəyalınla yaşamaq, xəyalını yaşatmaq.. Ölümlə vidalaşmaq.. Ölümə aşiq olmaq həyatı yaşadıqca, səni yaşadıqca.. Həyatı sonlandırmaq istəyi səni tanıdıqca.. Və son damla göz yaşı.. Uğrunda itirdiyim son zərrə.. Sənsizlik..

Susmaq

Yazmaq üçün ən gözəl bəhanə idin. Qələm mürəkkəblə elan edərdi eşqini ağ vərəqlərə, adını yazardı əlim hər toxunuşda. Ağlamaq istəmirdim yazarkən, sən idin gözlərimdən axan, sən idin gözlərimdən düşən.Yanaqlarımdan süzüldükcə sevgi gözyaşları səni xatırlayırdım. İndiysə xatırlamaq da keçmir könlümdən səni boş vərəqlərə həkk edərkən. Sadəcə susmaq istəyirəm bir kənara çəkilib. Susmaq və ölümü gözləmək..

Yolun qırağıyla

Əhəmiyyəti var nəyinsə? Üzün var hələ də danışmağa? Bir kəlmə daha desən qələmi tullayacağam insanlığımın üstünə, qıracağam aradakı divarları! Kəs səsini nə qədər ki ürəyimə sahibəm, sus! Çıx get hara gedirsənsə, çıx get dönməmək üzərə. Öz seçimindir, seçimlərini də apar gedəcəyin cəhənnəmə. Sevgimi də apar özünlə, lazım olar, işıqlandırarsan qaranlıq dünyanı. Mənim qaranlığıma toxunma təki, qoy parıldasın gözlərimdəki nifrət. Nifrətim ruhunu əritməmiş çəkil gözümün önündən, cisminin canı cəhənnəmə! Elə ki imkan verdin səni incitməyim üçün, canını yandıracağam. Alovunun qorxusundan dilin tutulacaq, onda susacaqsan, birdəfəlik. Ya da öz xoşunla sus! Getmək istəyirsənsə, yolun qırağıyla..

Səsin


Sən deyə gördüyüm hər kəsə
Səni danışdım,
Yenə də
Həsrət qaldığım o səsə
Qovuşdurmadılar məni..
Hər nə qədər sən oldular,
Zərrə qədər
Ovundurmadılar məni..
Bir duyumluq göndər mənə
Öz səsini..
Sənsən deyə dinləməkdən
Utanıram özgəsini..

Necə də!

Necə də gözəl ağlayır qaranlıq, 
Necə də səssizdir göz yaşlarının süzülməsi, 
Necə də ağırdır can yandıran sükut, 
Necə də ruhsuzdur divarlar, 
Necə də möhkəmdir qaranlıqla aramda olan sərhəd, 
Necə də aramsızdır xəyallar, 
Necə də imkansızdır ümid etmək, 
Necə də yalnızdır əllərim, 
Necə də ağılsızam MƏN, 
Necə də "SƏN"sən mənə acı verən..!

Daha

Çox şey istəmirdim, bir sən bəs idin,
Təkcə adın idi qəlbimdən keçən.
Qaranlıq qəlbimdən gələn səs idin,
Halbuki gündüzə dönmüşdü gecəm.

Nəyin qisasını alırdın axı?
De görüm mən sənə nə eyləmişdim?
Keçmişi yadıma salırdın axı!
Qəlbində olmağı çox istəmişdim..

Son dəfə gözünün içinə baxıb
Səni sevdiyimi deməli idim,
İndiysə gözümdən nə yaşlar axıb,
Hisslərimdən qaçıb, hayana gedim?

Kimə baxsam "sən" görünür gözümə,
Gözlərim səninçün darıxır yenə.
Niyə danışıram özüm özümə?
Bunları mən niyə demirəm sənə?

Danışsam, dinləsən dediklərimi,
Bəlkə sən də məni sevərsən daha.
İnanmıram kimsə tutar yerimi,
Bəlkə də qədrimi bilərsən daha..

Məktub


Qarşımda kiçik bir masa, üzərində dünəndən qalmış çay stəkanı, ucu qırılmış bir karandaş, bir neçə qaralanmış vərəq. Bütün bunlar dünən axşamki "məktub yazmaq cəhdi"ndən geriyə qalanlardır. Bunlar bütün bacarıqsızlıqlarımı önümə sərir. Hər işdə olduğu kimi bu dəfə də yalnızca cəhd etməklə kifayətləndim. Nəticəsiz cəhdlər, nəticəsiz olacağını bildiyim halda etdiyim cəhdlər. Sonda isə məyusluq. Əlimdən isə gəlməyəcək olan gələcəyimi gözləməkdən və hər şeyi məhv etməkdən başqa bir işə yaramayan qərarlar verməyə cəhd etməkdən başqa heç nə gəlmir.. Gələcəyin gəlməsi üçün də cəhd edəcəyəm. Amma nəticəsiz qalacağına əminəm. Yorulmuşam. O qədər yorulmuşam ki, hətta əlimi qarşımdakı masaya uzadıb dünəndən qalmış "məktub" qaralamalarını götürüb oxumağa da gücüm çatmır. Gücümü toplayıb oxusam belə bir əhəmiyyəti olmayacağını bilirəm. Mənim bundan daha vacib işlərim də var. Kimliyimi tapmalıyam məsələn. Varlığımın bütün bu həyatlar arasında hər hansı bir mövqe tutub-tutmadığını, insanlar üçün əhəmiyyətim olub olmadığını və ən əsası kim olduğumu öyrənməliyəm. Yox, mənim kimliyimin göstəricisi bir parça kağıza yazılmış "ad və soyad" adlandırılan hərf yığını ola bilməz. Simvollar müəyyən etməməlidir bir insanı, onun şəxsiyyətini. Kimliyimi öyrənməyin son çarəsi o məktubu tamamlamaqdır, bilirəm. Məni məğlub edən, bütün həyatımı alt-üst edən "özüm"ə yazılmalı olan məktub. "Özüm"ün yazdığım məktuba cavab yazacağına şübhə edirəm. Oxuyacağammı bəs yazdıqlarımı? Bilmirəm!
Bəs necə göndərəcəyəm bu məktubu? Bir markasız zərfə qoyaram. Göndərən: Mən, Göndərilən: Özüm, Ünvan: Xəyallar aləmi. Məktubun lazım olan yerə çatması artıq mənim təxəyyülümün inkişaf səviyyəsindən asılı olacaq sözsüz ki. Görünür sahibinə çatmayacaq bu kağız parçası da. Kağız parçaları ilə dəyişir bütün həyatımız. Doğulanda bir kağız parçası verirlər, məktəbi bitirəndə bir kağız parçası daha verilir, univeristet bitdikdən sonra "kağız kolleksiyamız"a daha bir üzv əlavə olunur. Bütün həyatımız boyunca da bir kağız parçalarının arxasınca qaçırıq. Sağlamlığımız, xəyallarımız, uşaqlıq hissimiz, sevgimiz, dostlarımız və bizi biz edən hər şey itirilir bu kağızların uğrunda. Öldükdən sonra isə daha bir kağız. Mən bu ssenarinin qurbanlarından olmaq istəmirəm. Kimliyini kağızlardan oxuyan sıradan biri olmaq qüruruma toxunur, əlimdən isə heç nə gəlmir. Yazmaq da mı gəlmir? Oxunmayacaq bir məktub yaza bilərəm. Yenə kağız. Taxta üzərinə yazsam, daş üstünə qazısam məktubumu. Həm bu daha qalıcı olar. Bəlkə nə zamansa kimlərinsə də öz kimliklərini tapmağına vəsilə olaram. Bəlkə bir gün özüm də taparam kim olduğumu.. Hələlik isə özüm barədə bildiyim tək şey bir parça kağızın üzərinə yazılmış 14 simvolluq hərf yığınıdır. 

Bilməlisən

Bilirsən, uşaq, əslində çox şeyi bilmirsən. İndi gəlib də sənə doğrularımı danışsam gülməkdən başqa reaksiya verməyəcəyinə əminəm. Amma, əmin ol ki, mən bu doğruları yalanlardan ayırana, onları sarsılmadan qoruyana qədər yuxusuz gecələr keçirmişəm.. Bilirsən, bilmirsən, bilməlisən.. Çox şeyi bilməlisən.. Gözlərini yumsan yalnızca sənin üçün qaranlıq olduğunu bilməlisən. Əksər dostlarının əslində sənin yox, oyuncaqlarının dostları olduğunu bilməlisən. Parta yoldaşın olan o qızın heç vaxt səni sevməyəcəyini bilməlisən. Bilməlisən ki, sənin qalın geyinməyin heç kəsin vecinə deyil və soyuq havada nazik geyinəndə qızlar sənə aşiq olmayacaqlar və hamısının gözü yuxarı siniflərdədi. Bilməlisən, uşaq, bilməlisən, atan üstünə qışqırdısa bunun səbəbi onun "kaş vaxtında atam üstümə qışqırsaydı, məni məcbur oxutsaydı" düşüncəsində olmasıdı. Bilmirsən, valideynlərin sən yanlarında olmayanda səndən fəxrlə danışırlar. Bilmirsən, sənə hamının içində lağ edən o oğlan sadəcə paxıllıq çəkir, bilməlisən, ruhdan düşməməlisən. Uşaq, bilmirsən, sevmək qorxuludu. Bax o hər tənəffüs arxasınca düşdüyün qız bir gün gedib başqasını sevəcək, sən vecinə olmayacaqsan, amma bilmirsən. Bilməlisən! Bilməlisən ki, ali məktəb nə əsgərlikdən qurtuluş, nə də sürüdən biri olmaq məqsədli bir hədəf olmamalıdı, xəyalların varsa, reallaşdırmalısan. Bilmirsən, uşaq, bilmirsən! Ətrafında olan onlarla dost saydığın insandan yalnızca bir ikisi çətin günündə yanında olacaq. Bilməlisən, hamısını bilməlisən! Bilməlisən ki, sənin fikirlərin dövlətə maraqlı deyil, bilməlisən ki, bir siqaretə görə adam satırlar, bilməlisən ki, pul insanı insanlıqdan çıxarır. Bilməlisən, uşaq, bilməlisən! Atan həmişə ən güclü olmayacaq, dostluqlarının çoxu ailə qurana qədərdi və sevdiyin qadın heç vaxt anan qədər dadlı yemək bişirməyəcək. Bilməlisən, uşaq, bilməlisən!

Gəl gedək bu sahildən


Gəl gedək bu sahildən
Bir dəniz qalsın bizə, bir ovuc torpaq
Bir də dalğalar qalsın küləyi xatırladan..
Dalğadan qaçaq, küləkdən qorxaq..
Əllərini gizlə, itməkdən qorxaq..
Tükənməkdən qorxaq, bitməkdən qorxaq..
Heç kimsə olmasın , tək biz görək günəşi
Baxaq göz qamaşıncan, işığa baxaq..
Gəl! Gəl gedək bu sahildən..
Bir dəniz qalsın bizə, bir ovuc torpaq..