Monday, March 31, 2014

YALNIZLIQ..

.. axşamüstü asılqana asılmış köhnə pencək bilir yalnızlıq nədir.. yenilərin arasında bircə köhnə sənsən.

tək qalırsan..

hər gün eyni əzab.. hər gün eyni çirkabın içində bir az da parçalanırsan.. və hər günün gecəsində yalnızlıq çəkirsən..

əslində çox da sıxıcı deyil tək olmaq. öz qədrini bilməyə başlayırsan. amma ətrafdakıların sənin qədrini bilməmə səbəbini anlaya bilmirsən, bu əzabdı. başqalarından nəyin əskikdi, anlamağa çalışırsan.. üstün başın tozludur, qayğına qalan heç kim yoxdur, ya da sən görmürsən.. bəlkə də yalnızlığa səbəb axtarmaq elə ən başından yanlış idi..

yalnızlığı sevmək lazım idi əslində.. gör kimlərlə bir asılqanda asılmısan. yalnız qalsan belə, köhnə damğası yeyib bir kənara atılmamısan, atıla bilərdin.. amma ən böyük əzab da, çoxluğun arasında tək qalmaqdır.. yalnızlığını bölüşməyə məcbur olmaq..

yararsızmışsan sanki..

əslində isə heç kimə yararı olmayan bir kütlənin içindəsən.. onlar yararlı görünür, sən əzilirsən.. ən çox çalışan da sənsən, ən çox çırpınan da.. sevdiklərini qoruyan da sənsən.. ən gözəl yerlərə isə onlar layiq olurlar.. sən isə yalnız qalırsan..

ehh, pencək.. deyəsən, toya gedirlər axı, hə? hamısını apardılar, sən yenə tək qalacaqsan.. sən ki köhnəsən.. ağlama, yalnızlığa məhkum olanların üsyanı qədər anlamsız nə var ki?..

ağlama, yalnızlığın da bezib tərk etməsin səni, ağlama..

Saturday, March 29, 2014

Səsin..

həzin səsindən alsın
sətirlər nəfəsini..
ilk duyduğum o anda,
elə o anda qalsın,
dəyişməsin zaman da..

susma, sən sussan əgər
susacaq neçə arzu..
elə gözəldir səsin,
gecəni edər səhər,
suya çevirər buzu..

nəğmələr söylə mənə
nəğmə ol, duyum səni..
və dinləyə-dinləyə
nəğmələrdən çıxarıb
qəlbimə qoyum səni..

Thursday, March 27, 2014

Gözəl qız

Gözəl qız, bilirəm elə də gözəl deyilsən, amma bağışlayasan gərək, ürəkdi də, sevdisə gözəl görür. Narahat olma, bilirəm, sən məni sevən deyilsən, mən daha yaxşılarına layiqəm, sən məni dost kimi çox istəyirsən, bir də axı biz ayrı dünyaların insanlarıyıq. Gözəl qız, inan, vecimə də deyil, sevmirsənsə cəhənnəmə sev, amma nə olar, olduğun kimi qal.

...

üzü mələk, şeytan baxışlı qadın,
baxışının həsrətində qoyma məni..
bu nə kindi? əzab verməyə doymadın,
anlamıram əzab vermək istəməni..

Wednesday, March 26, 2014

gecikmisən..

mən nə eşqlər itirmişəm
xəbərim də olmayıb.
hansı yönə gedirmişəm
yollarında süründüyüm
illərimi yox sayıb..
yoxluğunda büründüyüm
sevgiləri tanırmısan?
yoxsa mən də sənin kimi
unutmadım sanırmısan?
gecikmisən..
sönmüş ümidlərin kimi..
gecikmisən..
gecikmisən mənim kimi..

Saturday, March 22, 2014

Gecə yuxusunu böldüyüm qız..

bir uçqunun kənarından keçirdik
mən və gecə yuxusunu böldüyüm qız..
yolumuz vardı bir illik..
dört ata qoşulmuş qara fayton
faytonçu özüm..
və daş çıqqıltıları..
bizə doğru gəldikcə son..
kiçilirdik..
kiçildikcə kiçilirdik..
əzildikcə əzilirdik qaranlığın altında..
yuxusuz idi gözlərimiz..
bu gecə ay yox idi ulduzların yanında..
ona görə qorxurduq gecədən..
bir də qurd səsləri səngimirdi..
deyəsən
şüuraltımızın bizə oynadığı bir oyun idi hamısı..
buralarda qurd olmazdı..
qorxumuza əngəl deyildi hər şeyin yuxu olması..
sevgimizə əngəl qalmazdı 
bitməsəydi yuxu..
bu uçqunu keçmədən etiraf etməliydim..
sonrası daha da qaranlıq idi..
onun gözlərindən də, saçlarından da qaranlıq..
yuxu idi axı bu, illərimiz bir anlıq idi..
bir andaca keçdik nəhəng uçqunun kənarından
bircə anlıq uzaq düşdüm illərimi bölüşdüyüm yarımdan..
bir uçqunun kənarından keçdik
iki yalnız..
bir gecənin qaranlığında seçdik
bir birimizi
mən və gecə yuxusunu böldüyüm qız..

Friday, March 14, 2014

....

saçlarında qaldı xəyalı ruhumun,
yaralı qəlbə ağır gəldi tellərin..
Allah, məsum baxışına bax bunun,
bağla üzünü, gözünü örtsün əllərin..

salma yadıma sevmədiyini bir daha,
ürək məni sevmədikcə məni unut..
nəysə, əsası indi gəlmisən yanıma,
əlin əlimdə tərlədikcə əlimi tut..

səndən eşq mi istədilər? dinmə, sus,
məndən özgə vermə qəlbi heç kimə..
ya sən də sev, sevim səni qorxusuz..
ya da kilidlə öz qəlbini qəlbimə..

dinlə indi, səsini duy ki pianonun,
şeirlərdə yazılmayanı anlayasan..
getmə, dayan, yalnız olmaq olar sonun,
mənimlə qal, istəmirəm tək qalasan..

Yalan

düz danışmır şairlər,
inanma, qadın, mənə..
yalan bütün bu sözlər,
yalandı bu sətirlər..
düz danışmıram yenə..

üzümə baxma elə,
günah məndə deyildi..
yalançı olsam belə
inandın bilə-bilə
mənə gör neçə ildi..

yalandı sevgi filan,
bu nə həvəsdi səndə?
yalan!
başa düş, yalan!
can ağrısından özgə
heç nə olmur sevəndə..

elə sən də yalansan
yalanıq biz səninlə,
amma bir gün inansan,
sus,
qadın,
məni dinlə..

Sunday, March 9, 2014

1. var.. 2. Qısqanıram

1.

yorğun düşmüş barmaqların titrəməsi..
parçalanmış fağır, üzgün gözlərimin
ağlamağı bilməməsi..
yoldan keçənlərin baxıb gülməsi var..
damarları üzə çıxmış quru dərimin,
saçlarının qoxusunu itirməmiş əllərimin
həsrəti var..


2. 

öldürəsiyə sevirəm səni
günəşdən qısqanıram, 
saçlarına məndən yaxındı, 
zəhrimara qalsın!
küləkdən qısqanıram!
gözlərdən, 
nəfəslərdən..
Allah bəlasını versin, 
havadan qısqanıram!
başqası udmasın sən udduğun havanı,
nəfəssiz qalsınlar!
öldürəsiyə sevirəm, 
öləsiyə qısqanıram.
özümdən də qısqanıram,
elə səndən də,
elə o dirsəkləndiyin masadan,
elə geyimlərindən də..
ağlamaq istəyirəm,
gizləyə bilmirəm səni,
görürlər!
kor olsunlar istəyirəm,
cansız bədənləri önümə sərilsin,
baxmasınlar,
görməsinlər!
tanımasınlar, qız, səni..
bu şeirdən də qısqanıram səni,
lənətə gəlsin, 
şeir də deyil.
söz yığınıdı, söz..
sənə nifrətimdi..
qafiyəsiz, 
mənasız,
eşq dolu..
nifrət dolu..
qısqanclıq dolu..

Friday, March 7, 2014

dost

dost..
bilirsən,
bəzi şeylər deyilmir..
onları hiss edirsən..

dost..
bilirsən,
gözəldi sənlə söhbət..
səsində doğmalıq var,
sözlərində həqiqət..

dost..
bilirsən,
ürəyim necə yanır
üzündə dərd görəndə?
sanki dünya dayanır
gözlərin gülməyəndə..

dost..
bilirsən,
dostlar da bir gün gedər..
düşünmə bir gün gedən
bəlkə də mən olacam.
bircə bunu bil yetər,
yanındayam sonacan..

dost..
bilirsən,
üzünü asmaq deyil,
gülmək yaraşır sənə..
bundan sonra elə gül,
gülüş dolsun qəlbinə..

dost..
bilirsən,
bilirəm ki, bilirsən..

Monday, March 3, 2014

Kəpənək dedi..

ölülərin canı yanmırmış,
elə dedi..
və insan inanmırmış
öləcəyinə,
öldüyü günəcən..
elə dedi kəpənək..
o idi aramızda
ölümə ən yaxın..
bilmirdim bu günədək
kəpənək dostuymuş insanın..

ölülərin dostu olmurmuş,
bunu da kəpənək dedi..
qorxmurmuş,
dostsuz qalmaqdan..
utandı..
başını yerə əyərək dedi..

ölülər sevməyi bacarmırmış,
ilk ürək gedirmiş
cansız bədəndən..
insan qocalmırmış
öldüyü gündən..
qocalsa qaçarmış
öz ölüsündən..

ölülər qaçırmış
keçmişlərindən..
sarı pas axırmış
ağ dişlərinən..
onunçün açmırmış
ağzını ölü..
kəpənək dedi ki,
ilin bu günü
kim xəbər gözlər ki
ölmüş birindən?

Saturday, March 1, 2014

İki şair

iki şairin ürəyi
ağır gəlsə bir qələmə,
kirpiklərim qələm olar,
göz yaşlarım mürəkkəb,
dərd eləmə..
əllər elə səndən yazar,
yoxsa səbəb
saçlarında qaranlıq,
əllərində bulud axtararam..
səsin gəlsə bir anlıq,
səsində ümid axtararam..

iki şairin ürəyi
döyünə bilməsə birgə,
qəlbimi edərəm
qəlbinə kölgə..
Günəş batanacan sənlə gedərəm,
qaranlıq düşüncə
kölgənə dönərəm,
görə bilməz bizi kimsə.

Ümid qırıntısı

Sanki qatar düz qarşımda
dayanacaqmış kimi..
Göz yumduğum
ümidlərim
oyanacaqmış kimi..
Çox mu səndən umduğum?
Bir ümid qırıntısı
xəyalını qurduğum..

Vəsiyyət

Vəsiyyət.. Nədir ki bu sözün anlamı? bir ölünün sözləri.. həyatda olmayan birinin son sözləri.. həyatdaykən edə bilmədikləri.. başqalarının onun yerinə etməsini istədikləri.. və biz də düşünmədən əməl edirik bu vəsiyyətlərə.. sümükləri sızlamasın ölünün.. sanki diri ikən çox önəmsəyirdik onu.. sanki ölmədən öncə hər istəyini yerinə yetirirdik.. sanki ölən kimsənin üzünə qayıdan, dəfələrlə qəlbini qıran, nələrisə "edərəm" deyib etməyən biz deyildik.. eləysə bəs nədir bu "yaxşı insan" obrazı? bəlkə də düşünürük ki nə vaxtsa biz də ora gedəndə həmin insan bizə kəfil olar? olmaz.. gözləməsin heç kim bu fədakarlığı.. bəs olmazdı mı o insanları ölmədən öncə sevindirib özümüzə kəfil hazırlasaydıq? məqsəd nədirki? günahlarımızı örtmək, gizlətmək.. anlamsızdı.. ölənin məqsədi nədir bəs vəsiyyət etməkdə? sadəcə kimlərçünsə problem yaratmaq.. diri olanda məni incitdilər, qoy mən də indi onları incidim düşüncəsi.. eləysə mən də incidim bəlkə insanları? bir ip, bir kağız parçası, bir qələm... yaz ürəyindən nə keçirsə, söy səni incidənləri, səni incitdiklərinin on misli yük qoy boyunlarına.. yaz.. əməl etmək onlara qalıb.. incikliklərinin əvəzini çıx insanlardan.. axmaqlara ağıllı olmağı, ağıllılara axmaq olmağı vəsiyyət et.. ikisi də acı çəksin.. elə yaz ki qoy bacarmasınlar dediklərini etməyi.. elə yaz ki qoy ömürlərinin sonunacan çəksinlər vəsiyyəti yerinə yetirməməyin vicdan acısını.. çəksinlər.. az mı acı veriblər sənə? yazığın gəlməsin.. yuxusuz gecələrini xatırla, saxlama əlini.. bir dəfə də sən yarala birinin qəlbini.. sevdiyin qıza sevməməyi vəsiyyət elə, ən yaxın dostuna heç kimlə dərd bölüşməməyi.. əzab ver! yandır ürəklərini.. sonra at qələmi bir kənara.. kağızı cibinə qoy və götür ipi əlinə.. bağla bir yerdən, keçir boynuna.. itələ ayağının altında olan stulu, necə ki bir vaxtlar səni itələyirdilər həyat meydanından.. elə sərt itələ ki soyusun qisas hissin.. və yaşa son nəfəslərini.. ip boynunu incitdikcə, nəfəsin darlaşdıqca xatırla yaşadıqlarını.. yaşadıqların daha acılı deyilmiydi? niyə rəngin dəyişdi? niyə nəfəs almırsan? axı bundan böyük ağrıların qarşısında dik durmuşdun.. və bir nəfəs daha.. əlin iplə boğazının arasında.. çabala qurtulmağa.. yaşa şeytana uymağın peşmançılığını.. və yaşa azadlığa qovuşmanın sevincini.. səndən qalan vəsiyyətin olsun.. və başla özünə cəhənnəmdə sərin bir yer axtarmağa..