Monday, June 30, 2014

....

Qəlbin bir yanı da qırıldı sevgi uğruna, 
Dəyməzdi bəlkə də incidilməyə, 
Dəyməz bəlkə əlim əlinə mən nəfəs aldıqca..
Şüşə parçaları batar görünməz qanadlarıma, 
Söndürsəm də qaranlığı görünməz qəlbimdəki ləkələr 
Sən qəlbimdə qaldıqca..
Yarım qalmış hekayənin sonunu da bilmirəm,
Uzaqlaşıram öz hekayəmin başlağıcından
Vurduğun yaralar sağaldıqca..
Üzünə baxmağa cəsarət lazım imiş,
Bunu da anladım bir boş küçədə
Məni məndən alan üzünü yada saldıqca..

Sunday, June 29, 2014

Bilirsən?

Bilirsən necə çətindi? Bilirsən necə əsir əllərim? Bilirsən, hər yerdə səni görürəm? Hər insanda, hər qoxuda, hər küçədə, hər göz yaşında səni axtarıram, tapa bilmirəm, bilirsən? Bilirsən necə darıxıram? Bilirsən bəs bütün bunların səbəbkarı da sənsən? Bilirsən gecənin uzunluğunu? Bilirsən gülümsəməyin çətinliyini? Bəs bilirsən yalandan gülümsədiyimi? Bilirsən necə ağırdı yanından keçərkən başımı aşağı salmaq? Bilirsən necə çətindi üzünə baxa bilməmək? Bilirsən necə əzablıdı günahsız ola-ola günahlı imiş kimi rəftar görmək? Bilirsən necə incidir sevdiyin qarşında ola-ola görə bilməmək? Və sevdiyinin səni görmək istəməməsi nə deməkdi bilirsən? Bilmirsənsə sus, heç olmazsa sus da qoy bilənlər danışsın!

27.04.2014

Monday, June 23, 2014

bax..

Nə ədəbi cümlələr nə də şişirdilmiş kəlmələr, heç biri kifayət deyil ağlımdakıları ifadə etməyə.. İndi bir düşün ağlımda olanları ifadə etməyə gücün çatmadığı halda, ürəyimdəkiləri hansı məntiqə sığdırım? Acizəm.. Yazılar, şeirlər, sözlər.. Heç biri kafi deyil.. 
Bir musiqi bəlkə danışar mənim yerimə.. Danışardı amma belə bir musiqini yazacaq bəstəkardı çatışmayan..
Bir göz yaşı.. Bir damla danışsa mənim yerimə. Ürəyimdəki ağrıların yansıması olan göz yaşı.. Onun ki heç özünə xeyri yoxdu..
Bəlkə də lazım deyil bütün bunlar, bəlkə də gözlər danışar.. Baxsan bəlkə də hisslərimi oxuya bilərsən gözlərimdən.. Bir baxışda gizlənib bütün sirrlərim.. Yetər ki bax.. Sən bax, gerisini boş ver.. Unut bütün qayğıları, bütün sualları çıxar ağlından.. Bax..

qonaq..

Axı hər şey yolunda idi.. Sən hardan gəldin axı? Günü-günə bağlayıb bir-təhər yaşayırdım özümçün.. Qayğısız, məqsədsiz.. Başqa işin mi yox idi gəlib qəlbimdə taxt qurdun? Başqa qəlb mi tapmadın oğurlayacaq? Yoxsa bir zərər mi görmüşdün məndən? Gəlməyini istəməmişdim əslində.. Heç kimin gəlməyini istəmirdim.. Sən, dəvətsiz qonaq, səni kim çağırdı axı? Və sən, dəvətsiz qonaq, həmişə qal, qonaq kimi yox amma.. Ağladığında göz yaşını silim, ağladığımda göz yaşımı silən ol.. İzin vermə yıxılım, üstüm-başım kirlənər, qəlbim kirlənər.. Gələndə izin almamışdın, heç olmasa getmək istəsən izin istə, izin veməyim.. Qəlbimdəsən, qəlbimdə qal.. Günlük yox amma, ömürlük.. 

...

Görəsən o da sevir məni? Görəsən o da hiss edir mi eyni şeyləri mənə qarşı? İnanmaq istəyirəm bu şirin yalana, özüm özümü aldadıram, bilirəm, amma xəyalı belə gözəldir bunun. Niyə sevsin ki səni, ay axmaq?! Səbəb yoxdur onun sənə qarşı birşeylər hiss etməsi üçün! Saxla düşüncələrini sonraya, saxla ümid etməyi illərin axışına, düşünmə. Sevmir o səni, qiymətsizdir hisslərin və ən əsası dəyərsizdirlər.. Sənin kimi insanlar sevilmirlər, sevilməyə layiq olmurlar, məhkumsan sən də sevgisizliyə.. Qəlbini fəda etməyin kifayət etməz.. Özümlə mi danışıram yenə? Dəli mi oluram? Varlığı qeyri-müəyyən olan bir yerə zilləmişəm gözlərimi, onu düşünürəm yenə, qarşımda dayanıb bütün gözəlliyi ilə birlikdə.. Parlaqlığının təsiri ilə varlığımı hiss etmirəm, beynimdə isə qarışıq düşüncələr. Məntiq və sevgi son rəqslərini ifa edirlər qarşılıqlı, son tanqo.. Xəyalımda canlandırdığım əsrarəngiz musiqi, notların bir-birinə xəyali toxunuşu, ağlım al-üst olur bütün bunlardan.. Ağlımdakıları dedim bacardığım qədər, eşitməsən belə.. Bir də ürəyimdə olanlar var, deyə bilmərəm onları.. Özümə belə deyə bilməyəcəyim sirrlərim gizlidir qəlbimdə.. Gözlərimdən oxuna bilər sadəcə.. Sən isə gözlərimə baxmaq istəməyəcək qədər aşağı sayırsan məni.. Bəs indi sən cavab ver! Layiqsən mi bu cür saf sevgiyə? Layiqsən mi yuxusuz gecələrə?

Friday, June 20, 2014

...

dərdləri yerləşdirərək
bir nəfəsə,
dərindən bir ah çəkərək
gizləyirəm..
bir də əlim titrəməsə
duyduğumda səsini..

nə zamandır gözləyirəm,
geri ver nəfəsimi..

dirçələ bilsəm yenidən
əlini tutacağam
qıraraq qəfəsimi..

bəlkə bir gün səni mən
elə unudacağam
ki, saçının telindən,
ya da kirpiklərindən
yadıma düşməyəsən..

çıxıb gəlib dərindən
yaramı deşməyəsən..

Saturday, June 14, 2014

Yazmaq üçün..

yazmaq üçün çox şey gərəkməzdi,
bir parça vərəq, bir qələm
və bir az da sən bəsdi
əslində..
amma nə qədər yorulmuşam bilsən,
yazmaq nədi,
nəfəs almaq dərdindəyəm..
kaş ki gəlsən,
burda göz yaşları şərab yerinədi,
və mən
saf eşqlər əsrindəyəm..

Thursday, June 12, 2014

Ağlama..

ağlama zülfü qaram,
çeşmini qan bağlamasın.
ağlama sən,
mən ağlaram,
ürək param ağlamasın..

ağlama ki müjganların
əzilməsin,
əyilməsin..
ağlama, ağladanların
xüsranımız var bilməsin..

ağlama,
israfdı axı
gözlərinin şərbətinə,
o ki bir abı-ömür bulağı,
qırmızı ləl qiymətinə..

Friday, June 6, 2014

zaman və divarlar

ilk salamdan son sağola
üç sevgilik vaxt var idi,
və beş susqunluğun..
qəlbim
çürük kərpicləri dağıla-dağıla,
yavaşca çökən bir divar idi,..
yanına gəldim,
divarları və zamanı
yox saydım,
məhv oluşumun hər anı
kaş yadında qalsaydım..
dərd adında nə var idi
yanında olsaydım?

Tuesday, June 3, 2014

.....

məndən üz çevirmə qadın,
bu ürək yoxluğuna dözə bilməz,
bilirsən,
zəif, gücsüz tərəfi var hər insanın,
ən zəif tərəfimsən..

gözlərini gözlərimdən qaçırma,
işığına məhrum etmə
göz nurunun..
bax, bu axmaq gözlərini açırsa
ümidsizcə hər günə,
buna səbəb yoxluğudur qoxunun..

axtar, məndən özgə kimi taparsan
adına yazılmış sözlər içində?
sayarsan,
yazdığım bu neçəncidir?
bax onda anlayarsan
həsrətin qəlbimi necə incidir..

Sunday, June 1, 2014

....

neçə illərdən sonra,
saçlarım ağaranda,
yanımda tapım səni
adını çağıranda..
işdi, birdən səsləsəm
səsini eşitməsəm,
qəlbə qar yağar onda..
küsməzsən, həmin anda
sənə nifrət bəsləsəm..