Wednesday, April 30, 2014

Tərk olunmuşlar ölkəsi

tərk olunmuşlar ölkəsi,
gözləməkdən
yorulmuşlar ölkəsi..
qamətimiz əyilsə də küləkdən
şux dayanır ürəklərin kölgəsi..
gündə min yol ölməsi
yaşamaq həvəsinin,
insanın nəfəsinin
"yaşama" deyər kimi
anidən bölünməsi..
yelkəni sınmış gəmi
və daş ürəklər kimi,
o gəmiylə bərabər
batan diləklər kimi,
de, başqa nə məhv edər,
viran qoyar ölkəni?

Friday, April 25, 2014

...

qorxularımı bir ovuc torpağa basdırıb
qırılmışlıqlarımı iki sevgi arasına gizləmişəm..
üstündən nə həvəslər keçirib,
hər nəfəsə, hər salama nə şeirlər yazdırıb
kim bilir..
nə sevgilər itirib,
cəmi bir mən etməz toplasan..
az da bəxti gətirib,
nə bilərdi eşq nədir mən olmasam..

Wednesday, April 23, 2014

Olaydım..

İt hürüşmələrindən,
böcək cırıltılarından
gizlənirdim,
Səni tapdım,
Tapmaz olaydım..

İzlənirdim..
Yağışlarda ildırım,
dənizlərdə dalğalar
Qaçırdılar dalımca..
Qara vəhşi qarğalar
Uçuşarkən yanımca
Bizi qayadan atdım,
Atmaz olaydım..

Susuz dəniz yaratdım,
Dalğalardan qaçmağa..
Gözlərini açmağa
Günü gecəyə qatdım
Qatmaz olaydım..

Göyləri eşqə satdım
Dənizləri sevgiyə
Qarğaları vicdana
Səni yalana satdım,
Satmaz olaydım..

Edam

susuz qalmış ağac kimi,
çörək gözləyən ac kimi
başqa heç nə gözləmirəm..
elə bil ki gözlərinəm
baxışına möhtac kimi..

edam edildiyim o gün
mənə qulaq asmaq üçün
cəllad olman gərəkmidir?
qorxudan qızarmış üzün..
cəsəd səndən ürəklidir..

pıçıltıyla eşidilən bu sözləri
əllərinə yazaydılar..
çıxar boynumdan ipləri,
kaş ki məni
saçlarından asaydılar..

Sunday, April 20, 2014

fırtına..

dinlə yağmurun səsini
yel əsəndə saçlarına..
damlalarda eşit məni,
kimsəsizəm..
ayaqyalın..
acqarına..

qəzəblidir mənə göylər,
alov kimi tökülür qəm
üzərimə..
bu fırtına nə vaxt dinər,
bilmirəm..

hə bir də ki,
tək olmaqdan qorxuram..
qoca, yalqız ağac kimi
qırılmaqdan qorxuram..
yorulmaqdan qorxuram..

bilirsən ki, çox yadam
əllərinin ətrinə..
heç olmaya görün mənə
yada düşsən qan ağlayan
gözlərimin xətrinə..

Thursday, April 17, 2014

Belə..

geri dönüb baxmadan
hara gedirsən belə?
gözündən yaş axmadan,
üstəlik gülər üzlə
hara gedirsən belə?

bu nə həvəsdi səndə?
dərdin nədi mənimlə?
yaşamaqdan bezəndə
mən ölürəm desəm də,
niyə gülürsən belə?

kim var axı yanında?
söylə..
yalvarıram, söylə..
bircə göz qırpımında
niyə itirsən belə?

insan nə qədər susar?
bir kəlmə gətir dilə..
axı sən bilə-bilə
səsinə həsrətim var,
niyə susursan belə?

Sunday, April 13, 2014

qalma yolundan..

qızılgül qoxusu mu
yoxsa gözündən tökülən
məsumluq yuxusu mu?
mənzərəni görürsən?
yağış sonrası torpaq,
yaşıl otlu baxçamız,
əlləri titrəyən qız..
bir az da qəlbi qorxaq..
yalansız..
ayıl yuxudan axmaq!
qorx ki, keçər yanından
bircə kəlmə salamsız..
həmin an..
Vallah, elə həmin an..
ya da nəysə,
sən get, qalma yolundan..

Friday, April 11, 2014

...

Onun maraq duyduğu başqa qızlar da var idi. Hamısı onu bəyənirdilər. Onun sözlərini ciddiliklə dinləyirdilər. Çox doğru danışırdı. Necə də gözəl ifadə edirdi. Ona haqq verməmək imkansız idi. Bu yaşda bir gəncin belə əsaslı sözlər danışması necə də gözəl idi. Belə ciddi və təmkinli bir insana ancaq heyranlıq duyula bilərdi. Başqa bir şey hiss edilə billməzdi. Bu səbəbdən də bütün qızlar, bu ciddiyət və təmkinliliyə özlərini layiq görmədikləri üçün, daha yüngül gənc oğlanların qoluna girərək ondan uzaqlaşırdılar.

Oğuz Atay | Tutunamayanlar

Saturday, April 5, 2014

qorxuram..

duzlu göz yaşım qədər
sevgi varmış gözlərimdən
yanağıma süzülən..
əzablıdır hər səhər
dərdli gecələrimdən..
əlim səndən üzülən
o acı gündən bəri
ölü xəyallarım var
gecə boyu düzülən..
yox kimsənin xəbəri..
dəyərliymiş tez ölən,
elə xəyallar kimi..
ayaqlarımdan çıxıb
sənin qəlbinə gedən
dağılan yollar kimi..
ümidləri bir-bir yıxıb
torpaq edən,
boğazıma düyünlənmiş
zərif titrək əllərindən
çox qorxuram..
mənəm gözlərində itən,
qaranlıqdı, mən dərindən
çox qorxuram..
getmə, olmur axı dönən,
yox, qorxuram..