Friday, May 25, 2018

Güzgü

Göy üzündən yerə düşən damlalar yağış deyil,
Buludların cəsədidi ki, üstümə yıxılır.
Gözlərindən qaçıb gələn adicə baxış deyil,
Yüz illərin həsrətidi, gözlərimə yığılır.

Günəş gəlib pəncərədən mənə baxır səhərdən,
Yaxın gəlib dur önümdə, o da gözünü çəksin.
Güzgülərə baxan zaman səni görürəm hərdən,
Görən məni görə bilir güzgüdən baxan əksin?

Bu güzgünün arxasında hardasa bir yerdəyik,
O yerdi ki, uzanıram, çata bilmir əllərim.
Bəlkə elə dünya kimi özümüz də girdəyik,
Dığırlanım, çatım sənə, dəyişsin fəsillərim.

Sunday, May 13, 2018

Fırlanan zərrələr

Asiman qucağımdan daha böyük olsa da,
Kəhkəşan gözlərimin qapağından kiçikdi.
Dünyada mənim kimi zərrələrdən bolsa da,
Gendə dursan dünyanın özü də zərrəcikdi.

Gözümdə böyütmüşəm bu dünyanı, amma ki,
Gözümün sərhədindən kənara çıxa bilməz.
Fəqət, ayağa qalxsa, yıxar məni. Sanma ki,
Ayağımın altdadı, əzərəm, yıxa bilməz.

Bəlkə bundandı qorxum, başına dolanıram,
O da qorxur işıqdan, çevrəsində dövr edir.
Beləcə dövran dönür, fırlanır aram-aram,
Beləcə var oluruq, beləcə zaman gedir.

Zərrələr də birləşir fırlanaraq, beləcə,
Və insan fikirləşir, "Mən bir ovuc torpağam.
Və elə torpağa da dönəcəyəm bir gecə,
Sonra dünyayla birgə mən də fırlanacağam."