Tuesday, June 7, 2022

Yaxşı insanlar

Yüngül baş ağrısı ilə və bir az da soyuqdəyməli halda avtobusa mindim. Əyləşmək istəyəndə bir qadın məni itələyərək özü keçib əyləşdi. Başqa yer seçdim. Arxa oturacaqda oturmuş oğlan telefonunda yüksək səslə əcaib musiqiyə qulaq asır, bir yandan da ağzındakı saqqızı şişirib partladırdı. Metroya yaxınlaşanda avtobusdan düşməyimə israrla yol vermək istəməyən kütlənin arasından çətinliklə sıyrıldım. Metronun önündə bir-biri ilə qışqıraraq mübahisə edən taksi sürücülərinin səsi onsuz da artmış baş ağrımı bir az da şiddətləndirdi. Metro stansiyasına daxil oldum, birtəhər platformada olan kiçik oturacaqların birində əyləşib başımı əlimə söykədim. Mənlə yaxın yaşlarda bir oğlan yaxınlaşıb necə olduğumu, köməyə ehtiyacım olub olmadığını soruşdu. Təşəkkür edib qalxaraq stansiyaya çatmış qatara mindim. Soyuqdəymənin təsiri ilə yüngülcə asqırdım, əlimi cibimə atıb dəsmalımı tapa bilmədim. Yanımda oturan qız mənə salfet uzatdı, götürdüm, təşəkkür etdim. Qatardan düşəndə babasının qucağında oturmuş qumral dalğalı saçlı körpəyə gülümsədim, gözlərimi qırpdım, o da mənə gülümsədi, əl etdi. Qatardan düşüb sakit addımlarla çıxışa doğru getməyə başladım. Başımın ağrısı keçmişdi və mən hələ də inanırdım yaxşı insanların varlığına...

Aprel, 2019