Friday, February 23, 2018

Fəsillər (Uşaq şeiri)

Yazda açan güllər nəyin nəsidi?
Onları torpaqda Günəş bitirir.
Dünya ki Günəşin sevgilisidi,
Yanına gələndə çiçək gətirir.

Yayın quruluğu nədəndi belə?
Dünyadan inciyib bulud qardaşı.
Susuz qaldığını o bilə-bilə
Özündə saxlayır, vermir yağışı.

Səbəbi nədi bəs qızıl xəzanın?
Sarı yarpaqları bir-bir dərirlər,
Ağaclar dostudu, gərək, dünyanın,
Ona canlarından pay göndərirlər.

Qış olanda yerə qar yağır, niyə?
Dünya göy üzünün körpə balası,
Qışın soyuğundan donmasın deyə
Dünyanın üstünü örtür anası.

Mən kiməm?

Bu gün göyün üzü kimi bomboşam,
Üfüqlərdən sarılmışam dünyaya.
Qayaları zirvəsindən tutmuşam,
Rəngi olub qarışmışam dəryaya.

Yox olmuşam bir bütünün içində,
Bu bütünün zərrəsiyəm ya necə?
Bədən mənəm insani bir biçimdə,
Yoxsa yaşam həvəsiyəm eləcə?

Sarıldığım dəniz qədər şəffafam,
Bənzədiyim səmacan görünməzəm,
Qum içində zər tanıyan sərrafam,
Zərrələrdən məni tapa bilməzəm.

Sovruluram bilmədiyim bir yana,
Rüzgar axır dayanmadan, durmadan,
Çevrilirəm zaman-zaman insana,
Zaman-zaman yox oluram, olmuram.

Tuesday, February 13, 2018

sənlə gəlir baharım

sənlə gəlir baharım,
əlin qışlar gətirməz,
sən gətirən nübarı
qaranquşlar gətirməz.

əllərim çiçək dərər
ovuclarından sənin,
oxşayıb çələng hörər
saç uclarından sənin.

üz-gözün əzbərimdən
getməz özgə yerlərə,
arabir əllərimdən
tökülər sətirlərə.

hər sətirdə gül bitər
gözünün qarasından,
bir baxarsan il bitər,
gözlə qaş arasında.

Tuesday, February 6, 2018

Özünə çox yaxşı bax

özünə çox yaxşı bax,
gör ki necə birisən,
və özünə baxaraq
səndə məni görəsən.

əllərinə yaxşı bax,
göz-qaşına yaxşı bax,
sol yanını boş burax,
yaddaşına yaxşı bax.

bax ki, xatırlayasan,
özünü mən biləsən,
məni burda sayasan,
hey danışıb güləsən.

mən də sənə getməmiş
çox yaxşı baxım gərək,
sənsizliyim bitməmiş
bir az darıxım gərək.

əlinə yaylıq alıb
sağ ol de ki, olum sağ.
mən gedirəm, az qalıb,
özünə çox yaxşı bax.

Saturday, February 3, 2018

mən idim

meşə idim, yolun məndən keçəndə
düzən olub yollarına sərildim,
payız gəlib bütün quşlar köçəndə
yanağına qonan sərçə mən idim.

gecə idim gözlərini yumduğun,
səhər oldum, budu səni çaşdıran.
zərif bahar mehi idi umduğun,
külək oldum dənizləri daşdıran.

səni yayın qızmarından gizləyən,
kölgəsində dayandığın dağ mənəm,
demisən ki, kimdi məni izləyən?
özüm durub gəlmişəm ki, bax, mənəm.