Sunday, December 15, 2019

Qəlbimdəki uşaq

Mən gedirəm, uzağın
Adını dəyişməyə,
Qəlbimdəki uşağın
Yarasını deşməyə.

Yol boyu bir zümzümə
Dilinə ilişəcək.
Ağlayacaq, gözümdən
Bütün cahan düşəcək.

Başına sığal çəkib
Qəmini paylaşacam,
Böyük bir qayıq tikib
Dənizləri aşacam.

Düzəltdiyim qayığın
İçində tək qalmışam,
Qəlbimdəki uşağın
Oyuncağı olmuşam...

Saturday, December 14, 2019

Qoca

Bura bir dərədir dağlardan uca,
Dağların bu yerə yetmir sorağı...
Gözünü yollara zilləyən qoca,
Yolların sonunu bilirsən axı...

Bilirsən harada başlayır, bitir,
Bilirsən harada yağışlar yağır..
Gözünün işığı yox olub itir,
Yerinə qəlbinin odu işarır.

Qocalıb düşmüsən əldən ayaqdan,
Əsanı ayağın özündən bilir,
Ciyərin büzüşüb, donub soyuqdan
Aldığın hər nəfəs gözündən gəlir..

Saçların içində qalıb ayazın,
Buz tutub, ağarıb, solub bir-bə-bir,
On yeddi yaşında sevdiyin qızın
Sabah cüməsidi, səni tərk edir..

Thursday, November 28, 2019

gecikdim

səmada olanı yerə endirib
torpağı ayaqlar alta sərmədim,
uzaqda olana salam göndərib
yanımdan keçənə salam vermədim.

gözlədim yorulsun kişnəyən atlar,
yorulmaq bilmədən qaçıb getdilər,
belə gözləməklə keçən saatlar
ömrümün payından uçub getdilər.

gecikdim günəşin çıxan vaxtına,
dolunay vaxtı da qismət olmadı.
yağışlar çaylara dönüb axdılar,
fəqət, ovucumun içi dolmadı.

sürünmək gərəkdi indi yenidən,
yenə sürünərdim sürünməyinə,
çatmalı yer deyil gözə görünən,
gecikdim gözlərə görünməyənə..

Thursday, October 31, 2019

ədalət

qələmlər güllədən iti deyilmiş,
gülüş göz yaşını basdıra bilmir,
barsız ağacın da başı əyilmiş,
iki əl tək əli susdura bilmir.

günəş qaranlıqdan çıxmağa qorxur,
küləklər dənizə boyun əyirlər,
dağların canında qalmayıb qürur,
qarğalar başını təpikləyirlər.

yerimək bizi yox yolları yorub,
doğru yolları da yıxıb söküblər,
ədalət axtaran qolları qırıb
yerinə tikanlı güllər əkiblər.

Tuesday, July 30, 2019

meyvəsiz ağac

çinarın kölgəsindən
məhrum olan çiçəyin
ağlamaq səsi gəlir
aldığı nəfəsindən...

heyhat, bu nə cür olar?
gözlərini açanda
nəhəng dağ boyda çinar
yoxa çıxır bir anda.

səyyahlara bənzəyir
qırılan budaqları.
yol alır uzaqlara,
duyulmur soraqları...

ələ gəlmir meyvəsi,
dostu deyil acların.
belədir hekayəsi
meyvəsiz ağacların...

qırılanda bir günə,
kötüyündən qırılır,
çiçəklər ona deyil,
bir-birinə sarılır,
elə həmişəkitək..


Sunday, June 30, 2019

Dənizlərin məhbusu

Göy üzünə dənizlərin
Dərinindən baxırıq
Ki bizləri
Dənizlərə həbs ediblər,
Arada bir çıxırıq...

Xəzər vurur dalğaları,
Biz dərində...
Bakı sənin gözlərində,
Elə mən də...

Nə gözəldi səhərləri
Gözlərində əksi olan
Şəhərlərin...
Və gözlərin...

Və küləkdən
Qaçıb gələn saçlarına
Sığal çəkir barmaqlarım..
Bu dənizə həbs edilən
Saçlarına...


Monday, April 1, 2019

Manyofobiya 3

Yaşamın anlamsızlığını və necə bəsit, gülməli əsaslara söykəndiyini anlamaq və anlamağın verdiyi tükənmişlik hissi hər gün özünü yeniləyir. İşin ən yorucu yanı həyatın anlamsızlığı deyil amma, bu anlamsızlığı bölüşmək məcburiyyətində olmaq bezdirir. Sanki bir anlamı var imiş kimi davranaraq həyatdan dörd əllə yapışan qorxusuz, vəhşi və ruhsuz insan yığını ilə ən adi bir ortaqlığa belə səbrim çatmır, hər gün eyni səmaya baxmaq, eyni havadan nəfəs almaq, eyni dildə danışmaq, yaxud eyni səsləri duymaq kimi. Xoşbəxtlikdən qaçmağı dayandırsam da insanların çirkinliklərini görməkdən özümü saxlamaq günəşin işığını görürəm deyə yaratdığı susuzluğu görməzdən gəlmək kimi olardı, bacarmıram. Bəlkə də bacarmaq istəmirəm, hətta bundan utanıram. Dəyişmək, dəyişib murdar cəmiyyətin təbii bir parçasına çevrilmək düşüncəsi neçə illərdir beynimin hüceyrələrini gəmirən dəli olmaq qorxusundan daha vahiməli bir hal almağa başlayır - iyrəndiyim çirkabın içində boğulmaqdan yox, çirkaba çevrilməkdən qorxuram. Yorulmuşam.

Monday, March 11, 2019

Ağlama görüm...

Gözlərin qəlbinin astar üzüdü,
Bağlama, görüm.
Sıxma ürəyini, qaldır üzünü,
Ağlama görüm...

Sən belə susduqca qəlbim üzülür,
Qəlbində saxladığın
gözlərinə düzülür,
Saxlama görüm,
Ağlama görüm...

Sunday, February 10, 2019

Su

gedənin arxasından
gözlər də su atır ki,
geri qayıda bəlkə...