Thursday, September 25, 2014

Sahibsiz məktublar

Sahibsiz məktublar..


1-ci məktub

getmək mi istəyirsən?
get, amma unutma, yaxşı mı? yanımdan getməyin yox, qəlbindən atmağın ağır gələr, qaldıra bilmərəm bu yükü.. 
insan illərcə üst-üstə yığılmış xatirələrini unutmaz ki.. unutmaz da, elə mi? de ki, düz deyirsən, de ki unutmaram..

niyə belə oldu, can parçası, niyə? hardasan, göz nurum, neylərsən mənsiz? özünə yaxşı baxırsan mı, bahar çiçəyim?
hərdən yaxşı oldu deyirəm, canın cəhənnəmə deyirəm.. hərdən keşkə heç tanımasaydım deyirəm.. amma tanımasaydım o yağışlı gündəki təlaşı yaşamazdım ki. o metro stansiyasındakı ilk gülümsəməni ya da.. 

sözlərim incitməsin səni, can ağrısından nə dediyini bilməyən çarəsizəm mən.. çarəsizəm, qırılmış, əzilmiş.. ən əsası yorğun..

sən mənə çox fikir də vermə, can parçası, yuxusuz gözlərinə heyfin gəlsin.. kirpiklərinin qovuşduğu an qarşında məni görməyin diləyiylə, hələlik..


2-ci məktub

bizi ən çox sevdiklərimiz incidir. elə biz də ən çox sevdiklərimizi incidirik. mən də səni incidirdim elə mi? bütün sevinclərini ürəyində qoyurdum, necə də insafsızam..
amma sevən sevdiyindən inciyər mi ki? sevən qəlb kin götürər mi ki? demək asandı, bilməzmiyəm sevdiyindən küsməyin acısını..

bu səhər yuxudan oyananda ilk sən ağlıma gəldin, eynən əvvəllər olduğu kimi. gecə gördüyüm yuxunun təsirindən idi, yoxsa çox da xatırlayan biri deyiləm ki mən, bilirsən. tez unuduram, tez silirəm..
səni silə bilməmişdim amma. qəlbimə basdırmışdım, bir zaman sonra dərinlərdə bir yerdə varlığını duymuşdum da sevinim yoxsa kədərlənim bilməmişdim.. 

mən peşman deyiləm, ürək param, qəlbimin səninçün atdığı günləri, ayları, illəri xoş xatirələr kimi saxlayıram.. sən də elə et, yaxşı mı? adımı eşidəndə üzün gülməsə də, qəbinə nifrət yox, gözünün önünə xoş anlar gəlsin, can parçası.. 


3-cü məktub 

insan öyrəşir.. hər acıya, hər yoxluğa, hər boşluğa. amma mən öyrəşmişəm desəm yalan olar bəlkə. mən ki əvvəldən hazır idim, mən ki ilk gündən bilirdim sonumuzun belə olacağını..

bilirsən, can parçası, sevgi elə də vacib deyilmiş. insan sevdiyi üçün birlikdə olarmış bəlkə amma yalnızlığında sevginin yox verdiyi dəyərin peşmanlığını yaşarmış, elə deyirlər.. 

sevməmişəm desəm bir yalan, sevmişəm desəm bir.. necə olar da bir qəlb bunca eşqi bunca sevgini bunca qadını daşımağı bacara bilib? adın qədər dərd düşəydi qəlbimə, qadın, sevgin qədər dən düşəydi saçlarıma da sevməz olaydım səni..

niyə insan sevdiyinin onunçün darıxmasına sevinir axı? onun ki canı yanır darıxmaqdan, hər kəs tək özünü mü düşünər? can parçası, mənsiz darıxırsan mı heç? sən darıxma ki mənsiz.. darıxma yaxşı mı? darıx, amma az darıx, incitmə özünü..

4-cü məktub

bu hala necə gəldim bilmirəm. günahı səndə mi görüm? neyləyim can parçası? sən gəldin o getdi, sən getdin bir başqası sən oldu, başqası getdi özgəsi gəldi, hər kəs gəldi də bir sən gəlmədin.. 
gələnlər sən olmadı, amma hər gedən səni xatırlatdı. onunçün ağlaya bilmədim gedənlərin arxasından, sən gedəndə ağlamışdım axı, gedənlər sən olmadı axı.. 

göndərdiyim salam çatdı mı sənə? sevgimi qoymuşdum içinə, məndən sənə son bir xatirə olsun istədim. çox bir şey də deyildi ki.. bir ovuc sevgidən də xatirə mi olarmış?

hardasan gözəl gözlüm? sevgi dolu salamımı qəlbinin ən baş köşəsində saxlarmısan görəsən? gözlərin gülər mi ki adımı eşidəndə? gülsün yetər ki, bəhanəsi mən olmasam da olar..

hər dəfəsində sevgim qədər kəlmələrim, sözlərim də tükənir.. biz də tükənirik, az-az, zərrə-zərrə.. 

Monday, September 22, 2014

mən səni qucaqlamaq istəyirəm..

mən səni qucaqlamaq istəyirəm,
başını çiynimdə hiss etmək,
gözlərinə baxıb
sevincimdən ağlamaq istəyirəm..

mən səni qucaqlamaq istəyirəm,
nəfəsinin səsini eşitmək,
saçlarının küləyində itmək,
bütün hər şeyi atıb
səninlə ulduzlara getmək istəyirəm..

mən səni qucaqlamaq istəyirəm,
qəlbinin istisində yuxulamaq,
əllərini əlimə alıb
qoxulamaq istəyirəm..

mən səni qucaqlamaq istəyirəm,
məsumluğun qarşısında əzilmək,
qəlbinin dərinində sezilmək,
bir eşq kəlməsi olub
dodaqlarından süzülmək istəyirəm..

Sunday, September 14, 2014

Kişi ağlamaz

Ağlamaq kişi işi deyilsə
Darıxmaq insan işi deyil,
Belə də dərd olar?
Yanaqların əsə-əsə
Saxlamalısan göz yaşını..
Yazıq yanaqlar..

Yazıqdı, yazıqdı amma
Yanaqlar mı insan mı?
İnsanlıq yox kişilik dərdinə düşürlər,
İndi bu insanlara gülsən mi?
Ağlasan mı?

Kişi ağlamazmış,
Qadın gülməzmiş,
Qadının yaşı
Kişinin maaşı deyilməzmiş..
Utanc pul və yaş imiş,
Bu da dərddi, daşıya bilsən daşı..

Ürəyində bu nə yasdı?
Ölənin var deyəsən,
Qayıt, özünə qayıt!
Gözlərində bu nə yaşdı?
Ağlama, sən kişisən!
Göz yaşını ürəyinə doğru axıt..

Xeyir gəlməz

Bu gecənin yuxusundan xeyir gəlməz,
Keçmişimə bənzəyir bu gecə,
Diqqətlə bax..
Qaranlığın altında gəz,
Buludların üstündə,
Ya o get dediyim cəhənnəmin dibində,
Ya da məndən uzaq
Hansısa bəxti üz çevirmişin qəlbində yaşa.. 
İstəyirsən dost olaq
Buludların xətrinə, qaranlıq qorxusundan..
Bu gecə də yatmayaq,
Xeyir gəlməz bu gecənin yuxusundan..

Friday, September 12, 2014

Gecə..

Gecələr düşündürür,
Gecələr yorur məni..
Sevinc olub güldürür,
Acı olub,
Ən zəif
Yerimdən vurur məni..

Gecənin rəngi solub,
Necə çiçəklər solur
İlin ən acı fəsli..
Hər gecə eyni olur,
Amma dərdləri fərqli..

Neyləmək olar axı,
Qaçmaq olmur gecədən..
İstəmirəm dönüb geri baxmağı
Mənə verirsə ağrı
Ürəyimdən hər gedən..

Ağrılara doymuşam,
Bir daha qəm yemərəm..
Gecəylə dost olmuşam,
"Gecə pisdi" demərəm..

Sunday, September 7, 2014

Kabus

"Necə gedir..
..həyat?"
Getmir desəydim gərək..
Zaman keçir,
Gecikirəm həyata..
Yenə də qalmışam tək,
O da yoxdu, kabus olub
yuxulardan qışqırıqla oyada..

Məsumluğa inanmışdım
Bəlkə də..
Hazırlaşıb dayanmışdım
Elə bil ki, gəlməyini gözləyirdim
Heç özüm də istəmədən..
Gəldi..
..sonra getdi yenidən.

Yenidən getməsi deyil,
Dönmüş olması incidir insanı..
Qırılır qəlb,
Quruyur dil..
Əşi, hamı gedir.. hamı..

Necə darıxdığımı
Kaş ki özü bilməsin..
İstəmirəm qayıtsın,
Yuxuma da gəlməsin..
..nə olar,

Kimsə məni bu kabusdan ayıltsın..

Friday, September 5, 2014

gedin, hamınız.

bu ürəkdən hər keçən
dərd qoyub gerisində..
"sən, elə sən, ya da sən,
hamınız eynisiniz.."
zərrə fərq görməmişəm
heç birisində..

siz həmişə təksiniz,
mənsə gecələr təkəm..
ürək sizi istəmir,
sadəcə əzab çəkən
yuxulu gözlərimə
yazığım gəlir..

dönüşü olmayan bir
bilet almışam sizə,
çıxın gedin hamınız,
dərdlənən də deyiləm
daha gedişinizə,
cəhənnəmə canınız..

Wednesday, September 3, 2014

gecələr..

hər gecə min gün qədər,
hər yuxu dərd olanda,
saçlarım qaranlığın
içinə doğru əsər..
kövrəlirəm gecələr tək qalanda,
yetər ağladım, yetər!

keçər, bilirəm, keçər,
gözlərim alışacaq,
kirpiklərim alışacaq zamanla..
"hər şey yaxşı olacaq"
öz-özümü aldadıram yalanla..

heç kim məni başa düşmür, sən anla,
ay yuxuma haram qatan,
sən də getmə, başqaları gedirlər..
bircə sənsən gecələri mən yatandan sonra yatan,
bir də səni sayıqlayan sətirlər..

qurd..

ürək qırıldısa,
bir də sağalmır,
sağını solunu yamayıb sağaldı deyirlər,
yalansa...
bunlarınki də işdi.
qır, sındır,
sonra da "bağışla, bilmədən oldu"..
bu ayrılıq ki var,
incitmək üçün ən asan yoldu,
elə qəlb qırmaq üçün də..
hər şey yoluna qoyular,
istək olsa əgər..
bir almanın iki yarısı olmamaq,
ya da yanlış tanımaq kimi problemlər,
bəhanə idi,
bunlarçün getməz gedən,
bizimkisi başqa dərd idi,
bizi məhv edən
almanın içindəki qurd idi..

Tuesday, September 2, 2014

Yuxuda əlini tutmuşdum gecə #3

yuxuda əlini tutmuşdum gecə
kaş elə yuxuyla yetinəymişəm..
bilirəm bir yerə gəlmişdik necə,
çağırıb demişdin "sənə gəlmişəm"..

niyə inandım ki? niyə peşmanam?
niyə kirpiklərim islanır indi?
mən bir də çətin ki sənə inanam,
Vallah, bu ölümdən daha çətindi..

demişdin bu işdə tək istəyini,
yuxumu həyata keçirəcəkdin..
bilirdim yuxunun bitəcəyini,
bilməzdim belə tez bitirəcəkdin..

bir yara qoymusan məndə çox dərin,
yaranın dibinə enə bilmirəm..
yapışqan kimiymiş sənin əllərin,
izini əlimdən silə bilmirəm..

Monday, September 1, 2014

Səsim çıxmaz..

Xanım, gözəl gülürsünüz, qəsdiniz canımamıdır? Yoxsa taleyimmisiniz siz mənim? Bu nə həvəsdir sizdə, xanım, insan da elə baxarmı heç, 'sevməyə məhkumsan' deyərcəsinə? Siz təslim olacağımı mı düşündünüz yoxsa? Bir gözəl təbəssümə, bir cüt qara gözə aldanacağımı mı sandınız? 'Yanıldınız' desəm yalan olar, xanım, sizi sevmək də sözmüdür, gülüşünüzdə basdırsalar səsim çıxmaz..

.....

məni qələmimə aşiq edənlər
indi vərəqlərə küsdürüb,
niyə?
sevib ya sevməyib çıxıb gedənlər,
həvəsi eşqindən əvvəl bitənlər
məni hər acıya dözdürüb deyə
qələmin önündə baş əysin gərək,
diz çöküb,
yalvarıb,
və gözdən bir damla acı yaş töküb
"mənim üzüm yoxdu, sən gəl" deyərək
utansınlar gözlərimə baxmağa..
utanc nədir?
onlar utandılar mı
yolun yarısındaca əlimi buraxmağa?
dostum, bir az utanc gətir,
maska edib
saxta, iyrənc üzlərinə taxmağa
üzsüz yalançıların..
dostum, o insanların
təkcə yolları deyil,
həm də inancı yarım..
yaşamağa,
gözləməyə,
ya sevgiyə inancı
yox imiş heç onların,
dostum, ayaqqabı gey çirkablıqda gəzməyə,
üstündən keç onların..