Thursday, September 12, 2013

İşıqsız otaq


İşıqsız otaq və mən
Yenə gecə, qaranlıq..
Ürək dayana bilmir,
Öz varlığım da bəzən
Yaddan çıxır bir anlıq..
Sönmüş gecə lampası,
Pərdəli pəncərələr..
Əvvəllər görünürdü
Burdan çaylar, dərələr
Dağlar, başqa haralar..
İndi heç nə görünmür..
İndi dərədən dərin
Var ürəkdə yaralar..
Sıxılıram..
Sıxır məni otaqlar,
Sıxır məni dörd divar,
Divar kağızları,
Pərdələr..
Dilimdə bir musiqi,
Ürəkdə nələr-nələr..
Qarışıq düşüncələr,
Yarım qalan arzular,
Qanayan əlin üstə
Tökülür duzlu sular
Bir gün bəlkə kim bilir
Bunlar da unudular..
Silinər səndən mənə
Qalan ağrılı izlər,
Quruyar qəlbdə coşan
Gur, dalğalı dənizlər..
Və sonda qalar mənə
Bükülən qamət, bilək,
Yenə günəşsiz otaq,
Bir də ki sənsiz ürək..

No comments:

Post a Comment