Wednesday, December 27, 2017

həyat və ölüm

biz həyatı
içinə sığdığımız,
keçmişə yığdığımız, 
biz ölümü
gələcəyə saxladığımız
günlər qədər tanıyırıq.

həyat
elə içinə sığdığımız,
keçmişə yığdığımız 
günlər qədərdi.

amma ölüm
gələcəyə saxladığımız
günlər qədər deyil.

biz həyata 
bir an qədər yaxın,
bir ömür qədər uzağıq. 
biz ölümə
bir an qədər yaxın,
zaman qədər uzağıq. 

ölüm həyatın
ən böyük parçasıdı.
həyat
ölümə gedən yolların
ən qısasıdı. 

Friday, December 22, 2017

Qüds məsələsi

ağaclar qırılmır külək səsindən,
qüvvədən qırılır, gücdən qırılır.
ölümdən gizlənən qan ölkəsində
körpələr elə bir ucdan qırılır.

üzünü gizlədən körpə, dayanma,
qaç, yenə əli-boş deyil gələnlər.
həqiqət hər yerə yazılır, amma,
güllənin önündə sınır qələmlər.

Thursday, December 21, 2017

gümüş bilərzik

günəşə baxanda qamaşdığıtək
gözlərim gözündən ayrılan deyil.
gümüş bilərziyin düşdüyü bilək,
qorxma, əllərimdən sıyrılan deyil.

yoxsa ki

vurulmaq qəlbini bölmək deməkdi,
qoparıb özgəyə yollamaq deyil.
unutmaq üstünü örtmək deməkdi,
yoxsa ki ağıldan tullamaq deyil.

gözləmək zamana yenilməməkdi,
zamanla döyüşmək, yarışmaq deyil.
gizləmək bir şeyi heç bilməməkdi,
yoxsa ki özünə danışmaq deyil.

sarılmaq belinə kəmər hörməkdi,
əlləri, qolları bölüşmək deyil.
darıxmaq güzgüdə onu görməkdi,
yoxsa ki yuxuda görüşmək deyil.

Wednesday, December 13, 2017

qundaq

əsgər, ayaq saxla, keçmə son dağı,
bu ki yer üzünün son dağı deyil.
körpələrin gül qoxulu qundağı
sənin silahının qundağı deyil.

Sunday, December 10, 2017

ağac və insan

pəncərəmin önündəki
xəzəl yığını
ağacın torpağa borcudu,
ağacın torpaqdan çəkdiyi sudu,
geri qaytarır.

mənim gözlərimdən axan
şəxsi mülkümdü,
canımın suyudu, tökülüb gedir.
buxarlanmış göz yaşımdan
yağış yağan
viran qalmış ölkəmdi,
sökülüb gedir.

ağaclar bu fəsil
budağından tökdüklərini
gələn il
yenidən bitirmək üçün
canından atır.
ağaclar torpağa gömdüklərinin
üstündə yatır.

insan bu gün
gözündən tökdüklərinin
içində özü də süzülür.
insan torpağa gömdüklərinin
altında əzilir.

pis şeir

əzablarla dolu bir əhvalatı
bəyənirsənsə,
əzablarla dolu bir həyatı
bəyənirsən mi?
axı şeir elə həyatdandı.
bu şeirin həyatdan fərqidi bəlkə?
pis həyat ən dolu keçəndisə,
pis şeir ən boş olandı.

Saturday, December 9, 2017

Sənin əllərin

sənin əllərinə bəyaz yaraşır,
mənim əllərimə
sənin əllərin.
mənim əllərimə öz adını yaz.

sənin saçlarına
sığal yaraşır,
sənin saçlarına günəş can verir.
mənim saçlarıma sənin əllərin
həyəcan verir.

sənin yanağına
gülüş yaraşır,
gülüş yanağına sədaqətlidi.
mənim yanağıma sənin əllərin
əmanət kimi.

sənin ürəyinə
sevinc yaraşır,
sənin ürəyinə mənim əllərim
toxunur, çaşırsan,
donub qalırsan.
mənim ürəyimə sənin əllərin,
mənim ürəyimə
sən yaraşırsan.

stəkan

masamın üstündə duran istəkan,
istisən, soyuqsan bilə bilmirəm,
necə sən bu qədər kirli olmusan?
səni təmizləyib, silə bilmirəm.

için də, çölün də bir idi sənin,
indi ürəyində nələr var nələr.
qəlbinin dibinə çökən kir nədi?
çay deyil, çay olsa qoxusu gələr.

kimlər, kimlər samovara od vurub,
gördülər qəlbi boş, tək qaldığını,
beyninin içini nəylə doldurub,
aldılar əlindən şəffaflığını?

bir söz də deməyə qorxuram sənə,
ürəyin qırılsa, əlim qanayar.
buraxıb get desəm, sənin səsinə
qonşular yuxudan hürkər, oyanar.

olmaya könlünə eşq düşüb, nədir?
sevdiyin qadın ki qırıq aynadı!
sən mənim işimə yara hələ bir,
hazırlaş, çayımın suyu qaynadı.

Wednesday, December 6, 2017

Olsun

Gülüşün suda qaçan uşağın
Ayaq səsi kimi olsun,
Kirpiklərin qapısı açıq bülbül qəfəsi kimi,
Gözlərini azadlığa səsləsin.
Ağlasan, göz yaşların
Su həsrəti çəkən ağacları bəsləsin,
Saxlasan göz yaşlarını,
Qəlbinə su çiləsin göz bəbəklərin,
Ya da islatsın saçlarını
İçəridən...
Dilindən çıxan kəlmələr
Piano üzərində rəqs edən barmaqlar kimi,
Barmaqların
Saçlarına sığal çəkən daraqlar kimi,
Yanaqların
Yarpaqlar kimi olsun,
Bir hava soyuyanda
Bir də utananda rəngini dəyişsin.
Ürəyinin istisində
Ən gözəl yeməklər bişsin,
Səbrinin soyuğunda qızmar əzablar donsun,
Ağrıları örtsün qar, xəzan
Və sevgin günəş kimi olsun,
Görünməsən də bilim ki,
Ordasan.

Sunday, December 3, 2017

Saçını otlara calayan qarı

Bu qədər əzabı necə çəkmisən,
Sənin ki qələmin çoxdan tükənib.
Özünlə arana divar tikmisən,
Kərpicin, torpağın, taxtan tükənib.

Kədər gəlib qapına dayananda
Bir şərik çıxmayıb ağrı-acına,
Nazın çəkilməli olan zamanda
Ürəyin çəkilib dar ağacına.

Özün də özünə həmdəm olmadın,
Üzünün qırışı qanayan qarı,
Canına hopmaqçün qara torpağın
Saçını otlara calayan qarı.

Sənə kimsələrdən fayda yoxdu, yox,
Ölsən də, qalsan da bilən bir mənəm.
Çörəyin qutarıb, çay da yoxdu, yox,
Mən də uzunca ac qala bilmərəm.

Gedirəm, bağışla, qurbanın olum,
Hər nahar qəm yemək çətindi, neynim,
Məni də başa düş, uzaqdı yolum,
Ürək qal desə də, get dedi beynim.

Bilirəm, yenə də tək qalacaqsan,
Yenə divarlara qəm çəkəcəksən,
Saçını otlara bağlayacaqsan,
Torpağın canına dərd əkəcəksən.

Üstünə yağışlar, qarlar yağacaq,
Divarın küləkdən qoruyan deyil,
Gözündən torpağa sözlər axacaq,
Sözlənmiş yanağın quruyan deyil.

Otur tək-başına, ölümü gözlə,
Çıxıb gedəcəksən səssiz-səmirsiz.
Tikdiyin divarı otların üstə
Yıxıb gedəcəksən səssiz-səmirsiz.

yığış gedək

oğullar atalardan əvvəl ölürsə,
demək ki, güllələr
yağır yağıştək.
hələ ki körpələr gülürsə
əgər,
tez ol, gəl,
yığış gedək
ki, nəvələr ölməsin,
babalarından əvvəl.