Saturday, April 16, 2016

"Xala"lar və onların cəmiyyətdə fəaliyyəti

Azərbaycan insanının davranışlarını həmişə analiz etməyə, hansısa məntiqə sığdırmağa və ya səbəblərlə əsaslandırmağa çalışmışam. Son zamanlarda xalqımızın nümayəndələri arasında mənim nəzərimdə qısaca "xalalar" adlandırıla biləcək bir insan kütləsinin mövcudluğunu aşkarlamışam. Analarımızın bacıları olan xalalarımızı və ya hörmət əlaməti olaraq xala deyib çağırdığımız şəxsləri haqqında danışacağım "xalalar"la qarışdırmaq olmaz. Bu kütlənin nümayəndələrinə "xala" adı verməyimin əsas səbəbi onların çox böyük əksəriyyətinin orta yaşlı qadınlardan ibarət olmasıdır. Bununla belə, "xala" statusu daşıyan orta yaşlı kişilərin, gənclərin, yeniyetmələrin sayı da az deyil.

Bu məsələni, yəni xalaların cəmiyyətimizdə rolunu və fəaliyyətini analiz etməzdən əvvəl bir neçə cümlə ümumi məlumat vermək istərdim. Xalalar hər yerdədirlər, gəlirləri, təhsil səviyyələri, yaşadıqları mühit və s. onları xala olmaqdan uzaqlaşdırmır. Cəmiyyətdə insanların gur olduğu ərazilərdə daha aktiv fəaliyyət göstərirlər. İnsanlar yox imiş kimi davranır, ətrafda olan bütün canlı və cansız varlıqlara zərər verərək hərəkət edirlər. Onlar özlərini hər kəsdən üstün hesab edirlər. Onların nəzərində hamı onlara yer verməlidir, hamı onların yolundan çəkilməlidir.

İndi isə spesifik şəraitləri nəzərdən keçirərək xalaların fəaliyyətini anlamağa çalışaq.


XALALAR növbədə

Bir xala əsla növbə gözləməz. Qarşısında insanlar bir düz xətt üzrə düzülüb növbə gözləyirsə belə o, mütləq ən qabağa keçib, ilk duran adamı çiyni ilə kənara itələyib birinci olmalıdır. Qarışıq növbələrdə isə xalaların fəaliyyəti daha bəlirgin forma alır, insanların arası ilə, onlar heç yox imiş kimi yeriyərək hədəfə çatırlar. İnsanlardan yol vermələrini xahiş etmək, ayaqlarını tapdaladıqları qeyri-xalalardan üzr istəmək və s. kimi xüsusiyyətləri özlərindən uzaq tutan xalalar qarşılarında eyni hədəf uğrunda mübarizə aparan digər bir xalanın varlığını arzu etməzlər. Bu zaman çaxnaşma başlayar, xalalar-arası mübarizə bütün ətrafa yayılan çığırtı səsləriylə, ekzotik qarğışlarla müşaiyət olunar. Normal dava-dalaşlardan fərqli olaraq növbələrdə baş verən xala davalarına polis müdaxiləsi də çox rast gəlinən bir hal deyildir.


XALALAR nəqliyyatda

Piyada keçidləri xalaların gözündə daimi keçid yeridir. Qırmızı rəngi görməzlər, istənilən an yola tullanaraq sürücülər üçün təhlükəyə çevrilə bilərlər. Onlar yerüstü və yeraltı keçidlər əvəzinə yolun sürətli hərəkət edən hissəsinə üstünlük verərlər. Əgər siz maşınla gedirsiniz və qarşıda bir avtobusun dayandığını görürsünüzsə, ehtiyatlı olun. Hər an bir xala yola baxmadan, heç nəyi nəzərə almadan avtobusun qabağından çıxa bilər.


XALALAR metroda

Bir xala metropolitenin pilləkənlərindən aşağı düşdüyü andan etibarən qatara çatdığı ana qədər özündən başqa insanların onun yanından zərərsiz keçə bilməməsi üçün əlindən gələni edir. Bunun üçün ən effektiv vasitə nəhəng ölçülü, sərt materialdan hazırlanmış sumkalardır. Sumkaları yanlarından keçən və ya özlərinin ötüb keçdikləri insanların diz nahiyəsinə sürətli zərbə ilə vurmaq ən geniş görülən hücum üsuludur. Vay o gündən ki, iki xala yan-yana yerisin. İki xala və iki nəhəng sumka, düşünmək belə qorxuludur.

Metro kartındakı məbləği yöndəmsizcə nizamlayan xalalar bəzən kartlarında 3-4 AZN olmasına baxmayaraq böyük kütlələrin arasına daxil olub karta 20 qəpik vura bilərlər. Və bu prosses zamanı yuxarıda danışdıqlarımızın (xalalar növbədə) hamısını tətbiq etməyə səy göstərərlər.

Qatara minərkən düşənlərə yol vermək xalaların beyninin qəbul etmədiyi bir haldır. Bunu qatarın içərisində olarkən, qapının ağzında durub yenə də düşənlərə maneə yaratmağa davam etdirdikləri də tez-tez rast gəlinən bir haldır. Əlavə olaraq, qatara minərkən və düşərkən özləri ilə bərabər qatara minmək və ya düşmək istəməyən adamları da sürüyərək öz hərəkət istiqamətinə apararlar. Bəzən isə hədəf olaraq seçdikləri fərdin özünü yox, çantasını və ya qulaqlıqlarını öz çantalarına və ya paltarlarına ilişdirərək məhv edə bilərlər.

Vaqonda olarkən vaqonun fərqli hissəsində çox sayda boş yer olmasına baxmayaraq əyləşmiş gənc oğlan və ya qızın başının üstündə durub ayaqlarını təpikləmək xalaların günlük fəaliyyətinin bir hissəsidir. Adətən bu prosesin nəticəsi gəncin ayağa durması olur.


XALALAR birlikdə olarkən

Bayaq vurğulanan misal (yan-yana gəzən xalalar) xalaların birgə fəaliyyətinin sadəcə cüzi bir hissəsidir. Bir neçə xala yan-yana yol gedərkən heç vaxt arxadan gələn insanın onları ötüb keçməsinə imkan verməz. Əgər yol çox genişdirsə və adam keçə biləcəksə, mütləq ona bir zərər verər. Bir xala yalnız olduğu zaman təhlükəli ola bilər, amma başqa xalalarla bir yerə gəldikdə yaratdıqları sinerji effekti cəmiyyətimizi qarşısıalınmaz bir güclə qarşı-qarşıya qoyur.

Xalalar bir araya gəldikdə insanların həyatlarını məhv edəcək şəkildə qeybət edir, ev yıxırlar. Baş vermiş hadisələri olduğu kimi danışmaq xalalara xas bir xüsusiyyət deyil. Hadisə xaladan-xalaya keçdikcə həndəsi silsilə formasında şişirdilir və yekun nəticə adətən hansısa ailənin dağılması, hansısa yuvanın yıxılması və bəzən də insan ölümü olur.

Növbə misalına bir daha geri dönək. Xalalar bəzən növbəyə kütlə halında daxil olurlar, məsələn, tutaq ki, xalalar konsertə getmək istəyirlər. Kassadan çox sayda bilet almaq bir insanın bacaracağı iş olmasına baxmayaraq, bir yerdə gəlmiş xalaların hamısı o kassanın ətrafına topalanar, və kənar şəxslərin yaxınlaşmasına imkan verməzlər.

Avtobuslarda, xüsusən də uzun yol zamanı, iki xalanın yan-yana oturması heç də arzuolunan bir hal deyildir. Çünki, bütün yol boyunca qışqıra-qışqıra nələrsə danışacaqları açıq-aydın ortadadır.


XALALARla mübarizə

Xalalarla necə mübarizə apara biləcəyimizi bir nümunə ilə göstərmək istərdim. Bir yerdə oxumuşdum ki, ev heyvanları özlərini ailənin ən üstün fərdi hesab edirlər. Məsələn, itlər. Onlar tərbiyə olunmadıqları müddətcə elə düşünürlər ki, evində yaşadığı ailənin sahibidir, hamı ondan aşağıdır. Zamanla isə ailə üzvlərinin ona olan münasibətindən və özünü ailənin, evin böyüyü kimi apardıqda verilən cəzalardan başa düşür ki, o, evin ən kiçik üzvüdür. Öz yerini başa düşür və artıq hərəkətlərinə fikir verir.

Xalalara da eyni sistemi tətbiq etmək olar. Xalalar hər dəfə kiməsə zərər verdikdə, növbələrdə, yollarda insanları yox sayaraq, tapdalaya-tapdalaya, əzə-əzə hərəkət etdikdə onlara güzəşt edilməməlidir. Beləcə onlar öz yerlərini anlayaraq hərəkətlərinə fikir verməyə başlayacaqlar.


Son olaraq qeyd etmək istəyirəm ki, orta yaşlı qadınların arasında "xala" statusu daşımayan çox sayda insan var. Onlar ətrafdakı gəncləri öz balaları kimi görür, insanlara hörmət edir və qarşılıqlı şəkildə də hörmət görürlər. Həmçinin, əvvəldə də qeyd etdiyim kimi, "xala" statusu daşıyan minlərlə "day-day"lar, gənclər, yeniyetmələr və hətta azyaşlı uşaqlar da var. Bütün xalaları insan olmağa dəvət edir, qeyri-xalalara isə Allahdan səbir diləyirəm. 


© Müzəffər Abasov, 17.04.2016

No comments:

Post a Comment