Monday, March 3, 2014

Kəpənək dedi..

ölülərin canı yanmırmış,
elə dedi..
və insan inanmırmış
öləcəyinə,
öldüyü günəcən..
elə dedi kəpənək..
o idi aramızda
ölümə ən yaxın..
bilmirdim bu günədək
kəpənək dostuymuş insanın..

ölülərin dostu olmurmuş,
bunu da kəpənək dedi..
qorxmurmuş,
dostsuz qalmaqdan..
utandı..
başını yerə əyərək dedi..

ölülər sevməyi bacarmırmış,
ilk ürək gedirmiş
cansız bədəndən..
insan qocalmırmış
öldüyü gündən..
qocalsa qaçarmış
öz ölüsündən..

ölülər qaçırmış
keçmişlərindən..
sarı pas axırmış
ağ dişlərinən..
onunçün açmırmış
ağzını ölü..
kəpənək dedi ki,
ilin bu günü
kim xəbər gözlər ki
ölmüş birindən?

No comments:

Post a Comment