Monday, March 31, 2014

YALNIZLIQ..

.. axşamüstü asılqana asılmış köhnə pencək bilir yalnızlıq nədir.. yenilərin arasında bircə köhnə sənsən.

tək qalırsan..

hər gün eyni əzab.. hər gün eyni çirkabın içində bir az da parçalanırsan.. və hər günün gecəsində yalnızlıq çəkirsən..

əslində çox da sıxıcı deyil tək olmaq. öz qədrini bilməyə başlayırsan. amma ətrafdakıların sənin qədrini bilməmə səbəbini anlaya bilmirsən, bu əzabdı. başqalarından nəyin əskikdi, anlamağa çalışırsan.. üstün başın tozludur, qayğına qalan heç kim yoxdur, ya da sən görmürsən.. bəlkə də yalnızlığa səbəb axtarmaq elə ən başından yanlış idi..

yalnızlığı sevmək lazım idi əslində.. gör kimlərlə bir asılqanda asılmısan. yalnız qalsan belə, köhnə damğası yeyib bir kənara atılmamısan, atıla bilərdin.. amma ən böyük əzab da, çoxluğun arasında tək qalmaqdır.. yalnızlığını bölüşməyə məcbur olmaq..

yararsızmışsan sanki..

əslində isə heç kimə yararı olmayan bir kütlənin içindəsən.. onlar yararlı görünür, sən əzilirsən.. ən çox çalışan da sənsən, ən çox çırpınan da.. sevdiklərini qoruyan da sənsən.. ən gözəl yerlərə isə onlar layiq olurlar.. sən isə yalnız qalırsan..

ehh, pencək.. deyəsən, toya gedirlər axı, hə? hamısını apardılar, sən yenə tək qalacaqsan.. sən ki köhnəsən.. ağlama, yalnızlığa məhkum olanların üsyanı qədər anlamsız nə var ki?..

ağlama, yalnızlığın da bezib tərk etməsin səni, ağlama..

No comments:

Post a Comment