Tuesday, July 15, 2014

Yer kürəsinin ən kənarı

qar yağışı kimi torpağın üstünə səpələnən insan parçaları nəfəsləri kəsən küləkdə yer kürəsinin ən kənarına sovrularaq tənhalıqlarından yalançı birliklər yaradırlar. gündüzləri yenilməz yumruq olub çıxırlar yorucu can ağrısının qarşısına. nə çarə gecələr göz yaşlarında boğulurlarsa. hər saçlarına sığal çəkənə ana, hər başlarını yasladıqlarına dost çiyni, hər adı qəlblərinə titrəmə salana eşq deyib aldadırlar bir-birilərini. amma gecəni aldatmaq necə də çətindir, ha çırpınsalar da qəlblərini dindirməkçün uydurduqları təsəllilərə inandıra bilmirlər qaranlığı. heyif sizdən, yer kürəsinin ən kənarına sovrulmuş insan yığını, heyif ən qara vaxtında ağaran saçlarınızdan. sizlər ki yad nəfəslərdən doğma ocaq qalamısınız adsız qalan dərdləriniz isinsin deyə, sizlər ki gecəylə düşmən olmusunuz gündüzün canını yandırmasın deyə. sizlər ki çayı belə ən acı halıyla sevmisiniz, indi göz yaşının duzundan mı, ya kürənin ən kənarını kəşf etmiş olmaqdan mı qorxacaqsınız?

No comments:

Post a Comment