Monday, July 21, 2014

Manyofobiya 2

Özüm özümü aldatmaqdan və hər dəfəsində dediyim yalana inanmaqdan, azmış kimi yalana inandığımı özümdən gizlədiyimi bilməkdən utanıram. Təsəlli verilməsinə elə ilk gündən nifrət edirəm, "düzələcək". Heç nəyin düzəlməyəcəyinə, istəsəm də istəməsəm də hər zaman acı çəkəcəyimə əminəm. Əmin olmasaydım bəlkə də heç acı çəkməzdim, ya da yenə özümə yalan deyib utanc içində çırpınardım. Əlimə bir şüşə götürüb yerə tullamaq, parçalanarkən çıxardığı səsdən və yalın ayaqla şüşə qırıntılarının üstündə yeriməkdən - canımın yanmasından həzz almaq istəyirəm. Bu ki dəlilikdi. Mənə qızmar günəş altında, səhrada kilometrlərlə uzanan asfalt yollar lazımdı, yeridikcə yanan ayaqlarımı, günəş vurduqca kor olan gözlərimi hiss etmək, o əzabın içində yaddaşımı, bütün bildiklərimi unutmaq - hər şeyi yenidən başlamağa hazır olmaq, özümü aldatmaq istəyirəm. Yalnız belə olarsa mən öz yalanıma inandığımın fərqinə varmaram. Bilsəm də bir şey dəyişən deyil, özümdən utanmağa, yaşamaqdan bezməyə çox səbəb tapa bilərəm, bu ki gülümsəməkçün bəhanələr tapmaqdan çox daha asandı. Amma mən çox gülümsəyirəm. Çox düşünürəm. Ən böyük problemim də bəlkə elə budu: lazımsız hadisələri, lazımsız insanları, lazımsız hər nə varsa hamısını düşünürəm. Dəli olmağa bəs edəcək qədər düşünürəm, dəli olmuram.. Ağlımı itirmədiyim hər anı ağlımı itirmək qorxusuyla keçirirəm, bezmişəm. Bezmişəm!

No comments:

Post a Comment