Friday, April 3, 2015

Bahar

baharın müjdəsini o vermişdi. əlləriylə qar dənələrini əridib çaylar axıtmışdı qəlbimin dərinlərinə. hüzünlü bülbüllər geri gəlmişdi yaşıl bağçalarına, qanadlarında sevgi nəğmələri. gülümsəmişdi incə-incə, təbəssümündən qopan ulduz parçalarını ovcuma yığmışdım, qaranlıq otağımın tavanında parlaq səma yaratmışdım ulduzları asaraq. hər ulduz öz anlam yüküylə sallanırdı tavandan, hər ulduz səma həsrətiylə çırpınırdı pəncərəmə doğru. çatlaq pəncərədən yorğun gecəyə doğru qaçmaq, qaranlıqla qovuşmaq, bir ulduz nə istərdi ki başqa? ulduz istərdi də, ay uzatmazmıydı əllərini ona doğru? o gəlmək istərdi də uzatmazmıydım əllərimi? sərməzmiydim baharın ən gözəl çiçəklərini ayaqlarının altına? istərdi.. sərərdim, gülümsərdi, gözləriylə işıq saçardı üzümə, kirpiklərimin yanağıma düşən kölgəsindən tutub nur olardı gözlərimə.. gözlərimdən keçib qəlbimə axıtdığı sevgi çaylarına qarışardı, qəlbimə dolardı, "mən baharın müjdəsiyəm" deyərdi.. gəldi, dedi. baharın müjdəsini o verdi.. o ki dörd fəslin müjdəsidi.. o ki təbiətin qəlbimə bəxşişidi, körpə fidan budaqlarında islanan tumurcuqların, köhnə evlərin navalçalarından sallanan sırsıraların, yağışlı ormanların, quru çöllərin, qızmar qumsalların, güllərlə bəzənmiş yamacların bəxşişi.. o ki müjdəsidi sevginin, o ki sahibidi qəlbimin..

Tuesday, March 31, 2015

Yuxu

gördüyüm yuxu sənsən,
və daldığım hər xəyal
səni gətirir mənə,
necə ki yadımdasan,
elə də yanımda qal..

qəlbimi əlinə al,
onu saxla, əzizlə
sevgiylə dolanacan..
saçını çiyninə sal,
toxunsun əllərimə
yuxudan duranacan..

saçlarının ucları
qollarıma batanda
yuxudan oyanacam.
ovucunun istisi
ürəyimə çatanda
yenidən yaranacam..

Tuesday, March 10, 2015

Yük daşıyan qoca

yuxu ortasında,
gecə sonunda,
hər şey yerli-yerində,
hər şey öz qaydasında..
yenə də əllərimdə
qan izləri görünür
hər gecə olduğutək..
şübhələr düşündürür:
yuxudu, yoxsa gerçək?

kürəyinə yük alıb
dağları aşan qoca
bəlkə mənim atamdır..
gör bir necə qocalıb!
ardınca qaça-qaça
ətəyindən yapışıb
yalvarıram getməsin..
mənim üzümə baxıb
"qorxma, getmirəm" desin..

yox, elə yuxudu bu,
və yuxu da qalacaq..
atam ki hara getsə
məni də aparacaq..

bu yer haradır belə?
kəndimizi xatırladır yolları..
yol içində yaz selindən xatirə
dərin-dərin arxları..

necə tanış gəlir palçıqlı küçə..
necə tanış gəlir bu çəpər, Allah!
yaddaşımda bu kəndə dair qalan
bütün anlar bu küçəylə iç-içə..

bir uşaq görürəm,
qanayıb dizi
bir moruq koluna tərəf qaçanda..
hər yuxudan gözlərimi açanda
əllərimdə bu görünən qan izi
bəlkə elə moruqlardı dərdiyim?
tikanları iynə kimi batdıqca əllərimə
qırxca günün içində itirdiyim
nənəm, babam qayıdır xatirimə..

bəsdi daha,
qaçmalıyam bu yorucu gecədən,
bir qocanın arxasınca gəldiyim
keçmişimi xatırladan
üzü yoxuş küçədən..

qaçmalıyam,
amma bilmirəm necə..
gözləyirəm o atama bənzəyən,
qoca adam bu yoldan bir də keçə..

və birdən bir "oyan" səsi duyuram,
yuxudan qaytarır məni həyata,
"görürsən ki, yatıram,
məni niyə oyadırsan, ay ata?"

Bakı, 10 Mart 2015

Saturday, February 21, 2015

Səhərin müjdəsi

yenə susqun gecədir,
yenə kölgəm sürünür,
gecənin zülməti altda..
elə bil kimsə gəlir,
gecədən xeyli uzaqda
gül üzlü bir qız görünür..

saçları azca dalğalı,
kirpikləri düzüm-düzüm,
yaylığı gül naxışlı,
çantası yaşıl..
nə üçün qamaşır gözüm?
yoxsa ki gözləridir
parıldayır işıl-işıl?

parıldasın, işıldasın,
yoldaşı olsun qəmərin,
sonrası olsun ayazın,
qoymasın gecənin vədəsi dolsun
və gəlsin səhərin
müjdəsi olsun..

Thursday, February 12, 2015

Olunmaz

Şeirlə şair olunmaz,
Gözlə aşiq,
Susmaqla sadiq,
Söz tutmaqla dost olunmaz..

Qaçmaqla azad olunmaz,
Bir gül ilə ilk bahar,
Daş üstə daş qoysan hasar,
Məsafəylə yad olunmaz..

Gülüşlə xoşbəxt olunmaz,
Göz yaşıyla ağlamaq,
Qışqırmaqla sərt olunmaz,
Bir qığılcımla çaxmaq,
Bir səhvlə axmaq olunmaz..

Bir nəfəslik canla qorxmaz,
Qorxmaqla qorxaq olunmaz,
Ləkə varsa bəmbəyaz,

Yoxsa qara olunmaz..