Friday, February 24, 2017

kiçik insanlar

biz çox kiçik insanlarıq, dünyamız da bizim kimi kiçikdi, bu gün varıq, sabah kim bilir hardayıq, bu səbəbdən xoşbəxtliyə gecikdik. ya da həyat tutdu bizi, qoymadı qaçaq, çataq gözəl, günəşli günlərə, ayağımız bu yollara uymadı, qulağımız bir xoş kəlam duymadı, gözlərimiz açıldı hüzünlərə. yorulduq addım-addım, hər addımda travma, hər addımda azaldıq, hər addımda kiçildik, kiçik olduq, alçaq olmadıq amma.

Tuesday, February 14, 2017

neft qoxulu məzarlar

palçıqla boyadıq göyün üzünü, qucaqladıq gecəni, gizlədik qarasını... ürəklərdə boğub min-min hüzünü sildik xatirəmizdən başımızdan keçəni, dağladıq yarasını məzarsız ataların yetim övladlarının... önündə adlarının, "itkin" yazısı qaldı, təskin etmək də olmur, xəstə deyil deyəsən "səbr et, bəlkə sağaldı". kaş ki durardı zaman, bəlkə də çox olardı o alovdan qaçanlar.. fəryad etdi asiman, yandı, kül oldu canlar... neft qoxulu məzarlar qazdıq dəniz altına, "kağızlardan pozarlar" düşünərək hər şeyi yazdıq dəniz altına. yazdıq kimdi günahkar Xəzərin ən dərin çökəkliyinə, susdu estakadalar, dəmirdən tikilmiş süni adalar ağladı təkliyinə odda boğulanların, dənizdə yananların..

Tuesday, December 27, 2016

uşaq

qəmli gözlərindən
yaş daman uşaq,
saçını sığallayan
əlləri yadda saxla.

üzündə min ağrı yaşadan uşaq,
höngür-höngür ağlayan
ürək dağlayan uşaq,
az qalıb bir az da döz.

bax, sənə söz verirəm,
yenə oynayacaqsan
yamyaşıl bağçalarda.
daha qalmayacaqsan
yalnız və boynu bükük..

ağırdı çəkdiyin yük,
zəifdi çiyinlərin,
bilirəm, gəlir çətin.

amma bax, görünür yol,
bir az da səbirli ol.

izin vermə göz yaşın
ola yoluna əngəl..
yox göz yaşın durmursa,
dön gəl,
heç olmasın, olmursa..

Saturday, December 10, 2016

...

Zaman keçir, gün keçir,
Saydığım gün azalmır,
Gör nə vaxtdı qış gəlib,
Neçə ildi yaz olmur...

Günün hər saatında
Qaranlıq olur səma.
Bakı gəlir ağlıma,
Xəzər düşür yadıma.

İşıq dolu gecələr,
Günlər düşür yadıma...

İndi üzünü görsəm
O günlər geri dönər.
İndi üzünü görsəm,
Göy üzü təmizlənər.

Sənsiz keçən hər günə
Göydə bir ulduz sönər.
Buna darıxmaq desəm,
Necə zəif səslənər!

Tuesday, November 1, 2016

Səni sevdiyim qədər

Səni sevdiyim qədər
Göy üzünü sevmədim mən,
Gül üzünə həsrətim qədər
Özləm olmaz, bilirəm,
İmdad umuram əllərindən.

O əllərindən ki
İstisini günəş,
Qoxusunu çiçəklər qısqanar.
Ürəyimə elə yerləş ki
Əllərin nəfəsimə toxunsun,
Onda küləklər qısqanar
Əllərinə toxunmuş nəfəsimi.

Səni sevdiyim qədər
Gül tökülsün saçlarından
Yollarına hər səhər.

O saçlarından ki,
Dənizə meydan oxuyur
Və hörüklərini
Doğma küləklər toxuyur,
Mənim nəfəslərimlə.

Səni sevdiyim qədər
Ulduzları bilirəm bircə,
Və göy üzü örtəndə onları
Hər səhər,
Yadıma düşür gecə.

O gecə ki,
Göz qapaqlarımın altında
Səni gözləyir ulduzlarıyla birgə,
O gecə ki,
Mən hər gözümü yumanda
Ulduzları üzə çıxır birər-birər,
Səni sevdiyim qədər...