Monday, July 27, 2026

Oğluma

Gözümü götürüb gözünə nur qat,

Al mənim canımı, məndən çox yaşa. 

Adında gizlənən igidi oyat

Çiynimdən atlanıb çatasan başa. 


Tamahın düşməsin əsla az yerə,

Keçdiyin hər qarış torpağın olsun.

Ayağın əsməsin, möhkəm bas yerə 

Qorxduğun nə varsa tapdağın olsun.


Səni göy üzündən yerə göndərən

Yolunu yenidən göyə açacaq. 

Ay mənim köksümü dağa döndərən,

Günəşin dağlardan işıq saçacaq.

Friday, July 24, 2026

Mən səni sevəndə

Mən səni sevəndə quşlar oxurdu,

Güllər həvəslənib səndən qoxurdu,

Ömür yaşamamış gülü dərərdin,

Amma baharı da sən gətirərdin.


Mən səni sevəndə sular duruydu,

Yağışlar narındı, əynim quruydu. 

Gözümü günəşlə qamaşdırardın,

Saçımı küləklə dalaşdırardın. 


Mən səni sevəndə qış gəlməmişdi,

Dənizdə dalğalar yüksəlməmişdi. 

Sonra boran oldu, külək, yel oldu,

Gözüm leysan oldu, axıb sel oldu. 


Mən səni sevəndə dağlar ucaydı,

Dağlara aparan yol balacaydı,

Sonra mən böyüdüm, dağlar kiçildi,

Keçilməz deyilən yollar keçildi. 


Mən səni sevəndə hələ uşaqdım,

Gəl gör ki sevgidə necə qoçaqdım. 

Sən mənə çox idin, bir təkim oldun,

Mən sənsiz kimsəydim, sənlə kim oldum. 

Friday, July 17, 2026

Dar ağacı

Məndən bu dağların yaşını soruş,

Özümə tən deyim, sənsə inanma.

Məndən budaqların yaşını soruş,

Quruya od vurum, oduna yanma.


​Amma soruşma ki, əllərim necə

Asılıb qalıbdır daraq saçında.

Gör ki bədənim də elə beləcə

Asılıb qalıbdır dar ağacında.


​Əlimdə bir şeir varağı kimi

Ömrümü yazıram sənin əlinə.

Dilimdə bir şeir var, ağı kimi.

Bil ki, yapışacaq ölsəm dilinə.

Bezar

Məndən soruş necəyəm

Mən boynumu bükmədən,

Bil nə vaxt gələcəyəm

Yollara su tökmədən.


​Məndən soruş hardayam,

Bir qəliz bezardayam.

Örtülü bazardayam

Yel damını sökmədən.


​Axtarıb tap yerimi

Bitirmədən səbrimi.

Ölürəmsə, qəbrimi

Bir özgəsi tikmədən.

Wednesday, June 17, 2026

Tellərin

Küləyin saçına düşəndə meyli

Çırpılır üzümə sillə tellərin,

Nəzərim simanı gəzir tüfeyli

Kəsir baxışımı güllə tellərin.


​Gördükcə mənim də qabarır sinəm,

Heyrətlə baxıram onun rəqsinə,

Soyuqda gizlənir qarlı köksünə

Açılır baharda güllə tellərin.


​Ətrinə bürünsə çiçəkli yamac,

Sönük nəfəsimə olacaq əlac.

Həm də əllərimə qal deyə möhtac

Qarışsın hər səhər yellə tellərin.

Sunday, May 17, 2026

Altında

Gözlərin doludur buludlar kimi

Yanağın səhradır quru altında.

Çarəsiz halına ürək qar kimi

Əriyir üzünün nuru altında.


​Görürəm, üstünə kaman tuşlanıb,

Bu kimdir yuvana atır daşları?

Ruhunun nəğməkar qaranquşları

Əzilir ovçunun toru altında.


​Vaxtdır, qiyamətə nə qalıbdı ki?

Susmusan, dilini kim alıbdı ki?

Qaşların o qədər çatılıbdı ki,

İsrafil gizlədib suru altında.


​Məni gücsüz bilib yanılmayasan!

Qoluma gir ki tək sanılmayasan.

Örtün yaşmağını, tanınmayasan,

Yorğun gülüşünü qoru altında.

Wednesday, May 13, 2026

Adam içində

Gövdəmin içində tək bir əsirəm,

Qalanım dolanır xatirələrdə.

Özümü qayğılı gündə gəzirəm,

Amma ki tapıram fasilələrdə. 


Mən elə bilsəm də silinib tamam,

Baxıram, hər yola bir iz salmışam.

Sanırdım mən elə eyni adamam,

Hərədə bir özgə adam olmuşam.


Anamın yadında hələ uşağam,

Atamın yadında cavan qalmışam,

Babamın yadında mən də torpağam,

Qızımın yadında tez qocalmışam. 


Görəsən qəlbinin bir qırağında

Sənin də yadında nə cürsə varam?

Bəlkə qocalanda, ahıl çağımda

Hələ də ağ atlı oğlan olaram. 


Xeyri yox, axtarıb yoruldum əbəs,

Yenə bu adamın yadam içində. 

Hansı köynəyimi geyinim de bəs?

Nə üzlə dolanım adam içində?

Sunday, April 12, 2026

Qırıq güzgü

Çiynim əllərinin məzarlığıdır,

Gözlərim sulayır başdaşlarını.

Sinəm saçlarının bezarlığıdır,

İlişir qəlbimin tikanlarına.


​Kədərin tanıyır gur qaşlarımı,

Çatılır dost olur kirpiklərimə.

Bəlkə bir əzabdır, bəlkə də qəzəb

Sənin surətində gördüklərimə.


​Amma qəribsəmə, demə nə kindir,

Demə ki, nə qəmdir üzündə gəzən?

Gördüyün üz deyil, sənin izindir,

Qəlbimin əksidir, qırıq güzgüdür.


​Fəqət ki taledir, ta ki ölməsəm

Ha qaçsam varlığın yoldur, cizgidir...

Wednesday, March 11, 2026

Göstər mənə

Suyuma zəqqum gəzdirən

Yanır, əlimdən od tutur.

Məni həyatdan bezdirən

Gəlib ölümlə qorxudur.

Acizi zülmə əzdirən,

Gündür, zəfər göstər mənə!


​Könüllərdə nə gizlənir,

Görmək olmur, gündüz deyil

Əyridir ayaq izlərim,

Hər getdiyim yön düz deyil,

Sən haqq səfər göstər mənə!


​Təkrarı olmaz təkliyin,

Məni var edir varlığın.

Göy üzünə yüksəltdiyin,

Yoluna işıq saldığın

Bir Müzəffər göstər mənə!


Tuesday, January 27, 2026

Bitməyən qış

Köksümün içində bir külək əsir 

Səsindən ürəyim əsməcədədir, 

Qorxunun izləri gövdəmi gəzir, 

Zaman da səbrimi kəsməcədədir.


Canımı üşüdür söykəndiyim daş, 

Yerimi dəyişsəm yıxılacağam, 

Boynumun üstündə daşıdığım baş 

Yük olur, dözməyib dağılacağam.


Bu soyuq, qar, boran bitmir ki bitmir, 

Qış bitir, yerini qış əvəzləyir. 

Yollar da bağlıdır, qatar da getmir, 

Tunelin sonunda uçqun gözləyir.

Saturday, September 6, 2025

Elə bilirdim

Mən uşaq olanda elə bilirdim

Adamlar yalnızca gecə ölürlər.

Mən uşaq olanda ölə bilirdim,

Böyüdüm, unutdum necə ölürlər.


Mən uşaq olanda elə bilirdim

Ölüm özgələrə toxunur ancaq.

Mən uşaq olanda ölə bilirdim -

Güllələr oyuncaq, silah oyuncaq. 


Mən uşaq olanda elə bilirdim

Böyüsəm qorxmaram daha ölümdən. 

Mən uşaq olanda ölə bilirdim,

İndi yaşamaq da gəlmir əlimdən. 


Ağır gəlmədi

Ürəyimə daş bağladım, 

Bağladım, ağır gəlmədi,

Göz yaşımı kirpiyimdə

Saxladım, ağır gəlmədi. 


Özümdən ötdüm, nə təhər?

Mən edəni kimlər edər?

Vicdanımı hər nə qədər

Yoxladım, ağır gəlmədi. 


Nəfsini öldür dedilər,

Zəhərli güldür dedilər,

Qoxusu küldür dedilər,

Qoxladım, ağır gəlmədi. 


Ah, dünya durub tərsinə,

Qüvvətə sinə gər, sinə!

Ədalət tərəzisinə

Ağladım, ağır gəlmədi. 

Tuesday, July 15, 2025

Dostum

Dünya girdədi, dostum, 

Yıxılanda tutmağa künc tapmasan

Etibarsız bilib onu ağlama. 


Ümid göydədi, dostum,

Əl açanda yerdən cavab almasan

Ovucunu büküb bağlı saxlama.


Həyat kölgədi, dostum,

Əslini görməyə gözlər bəs deyil,

Qəlbini əridib ayna etməsən. 


Həqiqət nədi, dostum?

Nə dəri, nə sümük, nə nəfəs deyil.

Güzgüdə gördüyün, bax, heç kəs deyil

Gözünü bağlayıb çıxıb getməsən. 

Üzsüz gəmiçi

Çağlayan dənizdi zehnimin içi

Alnıma zərbələr vurur dalğalar,

Gözümdən tökülür duzlu suları.


Mənimlə dalaşır üzsüz gəmiçi,

Çiyninə oturub qara qarğalar,

Solundan sağına düzmüş sıralı. 


Dilimdən bir-iki kəlmə söz çıxır,

Bilmirəm şirindi, acıdı, şordu.

Üzümə gözümün içindən baxır,

Üzsüz gəmiçinin gözü də kordu.


Mənim gözlərimdən baxır cahana,

Mənim qulağımla duyur aləmi,

Mənim əllərimə möhtacdır, fəqət.

Mənimlə döyüşür yıxan-yıxana.


Mən onu öldürsəm deyərlər dəli,

O məni öldürsə öz canına qəsd.

Saturday, December 21, 2024

Dünya

Bəxti göy əskiyə bürünüb amma

Canında gizlədir külünü dünya,

Üstündə yaşatmır dirini amma

Köksündən buraxmır ölünü dünya.


Qəlbi çox titrəyib, üstü qabardı,

Soyuqdan üzündə göz yaşı qardı,

Sanırdım şövqümü yollar apardı,

Məndən ötürübmüş selini dünya. 


Dərinə endikcə hürkdüm və qorxdum,

Qeyb oldum, bilmədim təkdim ya yoxdum.

Nə yaman yerdi ki gedəni çoxdu,

Görməyib qayıdıb gələni dünya.

Gənc ölən şairlər

Gənc ölən şairlərin yası çiynimə ağır,

Sahibsiz sətirləri yetim uşaqlar kimi

Bir-birinə sarılır.


Mən ölsəm saatlarım oğluma yadigardır,

Ölsəm kitablarıma qızımın otağında

Bir künc illah ki vardır..


Amma ki şeirlərim mənsiz yetim qalacaq,

Sözlərim, fikirlərim silinəcək mənimlə. 

Öləcək şeirlərim, gömüləcək mənimlə.


Qırılacaq qəlblərə salladığım tilovlar,

Soyuyacaq sözlərə gizlədiyim alovlar,

Tükənəcək közbəköz.


Məzarımın içinə qış dolacaq beləcə,

Mənim də yox oluşum başlayacaq beləcə,

Sətir-sətir, sözbəsöz...




Friday, March 29, 2024

Sən mənim qapımdan bir də keçəndə

Sən mənim qapımdan bir də keçəndə

Gözün pəncərədən içəri dəyər,

Görərsən işıqlar yanmır gecə də,

Deyərsən bu insan yaşamır məgər?


Bir siçan gəmirib ayaqqabımı,

Gözlərin axtarar özü hanı bəs? 

Görərsən kilidi yoxdur qapımın,

Keçərsən içəri eləmədən səs.


Görərsən divarda dayanıb saat,

Qolların qoynunda durub baxarsan,

Ağlın qəbul etməz, gözünə inad

Hər şeyə bəhanə, səbəb taparsan. 


Təqvimə sataşar gözün, ay aman,

Burda zaman durub, axmır elə bil!

Fəsillər boyudur gəlib bir insan

Bu evə boylanıb baxmır elə bil.


Sanarsan hardansa sənə baxıram,

Elə gözləyərsən hardansa çıxam,

Elə gözləyərsən səni çağıram,

Axır inanarsan daha mən yoxam.


Mənimlə işıq da, zaman da gedib,

Bu evin ocağı sönüb arxamca.

Üşüyüb, titrəyib, alışıb, bitib,

Kitablar, qələmlər yanıb arxamca. 


Qapıya dəymədim burdan köçəndə,

Təki sən qapımın kənarından keç.

Sən mənim qapımdan bir də keçəndə

Bəlkə də qapımı tanımadın heç. 

Thursday, March 21, 2024

Fırlanır

İlləri saymıram,

Elə bilirəm dayanıb

Məni gözləyir zaman.

Elə bilirəm

Eyni gündü 

Hamı təkrar oyanıb. 

Elə bilirəm eyni ildi

Fəsillər təkrarlanır,

Elə bilirəm gözləməkdən

Ürəyi sıxılır dünyanın -

Fırlanır.

Thursday, November 23, 2023

Sərçə yuvası

sərçənin yuvasına od düşdü, külə döndü.

qanadını qoynuna sıxdı, elə ağladı. 

islanan yanaqları tikanlı gülə döndü,

gözlərindən qan axdı, bilə-bilə ağladı.


günlər sayılı olmuş, bilmədi ki, saymadı.

zaman ona nə verdi, nələr aldı, doymadı.

qaçdı, torpaq tutmadı, uçdu, külək qoymadı,

üzünə sillə vuran əsən yelə ağladı.


yuvasının külündən keçdi ölüm mələyi,

dizləri əsdi, sındı, yerə dəydi kürəyi,

sinəsi parçalandı, parça oldu ürəyi,

göz yaşını qəlbinə silə-silə ağladı...

Saturday, November 11, 2023

Qapımı döymə

Külək dilimdən çıxan bir sözdən başlandısa,

Dodaqlarım quruyub gözlərim yaşlandısa,

Qapılarım dəmirdən, evlərim daşdandısa,

Dayan, döymə qapımı.


Bu fırtına dayanmır, dayanmır ki, gələsən.

Daşına baş qoyduğun məzar boşdu, biləsən.

Olar birdən, yuxuda məni tapmaq diləsən,

Oyan, döymə qapımı. 


Şeirlərim ölüdür, əllərim yas içində,

Paltarlarım, üst-başım palçıq, kir, pas içində,

Özünü öldürəndə məni də as içində!

Aman, döymə qapımı!