düşünürsən gen gəzirəm,
küsmüşəm,
mən ki səndən ayrı qala bilmərəm.
dağlarına qarlar düşür, sezirəm,
hələ tezdi, mən qocala bilmərəm.
razı idim sənə yağan qara da,
razı idim ki qoynunda qocalım,
indi hərdən tükənirəm, bezirəm.
bağışla ki hər addımım özgədi,
gəlib-gedib axsayırsan arada,
mən də səni qınayıram, ar olsun.
dönüb-dönüb sənə gəlir yollarım,
yenə sənə gəlib çatır,
neyləyim?
ayaqlarım palçığına bulaşır,
yenə sənin yağışını gözləyir.
bəlkə sənin bu dolanbac küçələrin doğmadır,
mən də səni buna görə sevirəm?
sərvətinə, mal-mülkünə baxdım gördüm
bir uçulmuş daxmadır,
mən ki səni buna rəğmən sevirəm.
boyun qədər dərdin-sərin mənə qaldı,
dinmədim,
ürəyimə yük elədim,
hər kədərin mənə qaldı,
dinmədim.
indi niyə yaralanır, incinir
gül-çiçəkli çəpərinə toxunduqca əllərim?
indi niyə qapıların bağlı qalıb üzümə?
paralanır sənin adın oxunuduqca
tikə-tikə olur dodağım dilim,
niyə susmur dilimdəki bu kədərli zümzümə?
indi daha sənin üçün sızıldayan
bu ürəkdə para-para olmusan.
üz-gözünə buladığın hər nədirsə
sən də ona oxşamısan,
sən də qara olmusan.
mən görürəm boğazacan batdığın o bataqlığı, gizləmə,
mən uduram nəfəsinə qarışan bu çirkabı, bu kiri.
sən dedikcə alnım hələ təmizdir
eşidirəm səsindəki qorxaqlığı, gizləmə.
daha məndən sədaqət də gözləmə,
daha mənim ayaqlarım tutmaz sənin yerini,
daha mənim saçlarıma sənin qarın yaraşmaz.
ağız-ağız, ovuc-ovuc gəzdirərəm indi sənin sirrini,
daha heç kəs səndən niyə getdiyimi soruşmaz.
No comments:
Post a Comment