Saturday, September 26, 2026

Sığdırır

gördüyün gövdənin daxili boşdur,

məni yığsan qum dənəsi qədərəm. 

ayağım zəncirdə, ruhum ki quşdur,

yer tutmasa qalxıb göyə gedərəm.


boyuma aldanıb yanılma amma,

bir əlim göydədir, biri yerdədir. 

yıxıla bilərsən, mənlə dayanma,

yolları düz deyil - dünya girdədir. 


rəngləri göstərir mənə qaradan,

dünyaya bu qara gözdən baxdırır,

bəs məni bu qədər kiçik yaradan

cahanı ağlıma necə sığdırır? 

Saturday, September 19, 2026

Aşkar eləmə

məni soyuq bilmə, mən qış deyiləm,

içimdə bir bahar günəşi çıxır,

amma ki qorxuram çiçək açmağa.


nə tənbəl nə də ki yavaş deyiləm,

yerimi, yolumu yaxşı bilirəm,

hələ tələsmirəm sənə qaçmağa. 


olar ki dilimə sahib durmaram,

səni pıçıldaram, səni anaram,

dilimdən adını oğurlayar yel. 


olar ki eşqinə düşüb yanaram,

səni daşqınına alıb aparar

mənim alovumu söndürən bu sel. 


üzünə baxanda ağlamıram ki

gözümün yaşına qarışıb, axıb 

kövrək yanağımdan süzülməyəsən. 


açıq ovucumu bağlamıram ki

yarımçıq qalmasın dualarım, sən

əlimin içində əzilməyəsən. 


səni ürəyimdə saxlamıram ki

iş ola canımdan can gedə bir gün

olar ki səni də alar içindən. 


səni gizlədirəm sərt qışlarımda,

yerini özüm də tapa bilməyim,

adını çəkəndə dilim tutulsun. 


səni gizlədirəm qarğışlarımda,

gözünə baxanın gözü tutulsun,

əlinə dəyənin əli tutulsun. 


sənin gülüşünə şər qarışmasın,

sənin ayağına daş dolaşmasın,

hər nəyə, hər kimə nə olur olsun.


qoy mənim varlığım da unudulsun,

bir daha adımı təkrar eləmə,

qurbanam, yerini aşkar eləmə.

Tuesday, September 15, 2026

Ocaq yanır

ocaq yanır, tüstüsündən bilirəm,

çöküb paltarıma, çöküb saçıma,

çöküb ürəyimə - qanım qaralıb. 

üstünü örtmüşəm, günüm qaralıb.


üfürmüşəm, su tökmüşəm,

sönməyib,

ömür keçib,

qaralmışam hisindən.

ömür keçib,

əlim yanıb közündən.

ocaq yanır, istisindən bilirəm.


ocaq yanır,

kim inanmır, kim inanır

bilmirəm...

ocaq yanır, 

yanır yansın, bilmirəm

el-aləmi oda verən bu ocaq

niyə mənim ürəyimi isitmir? 


ocaq yanır, işığından bilirəm.

gözlərimi qamaşdırır,

məni yolumdan çaşdırır. 


ocaq yanır,

ürəyimi qaynadır,

göz yaşımı daşdırır.

üst-başımı sel yuyur.

el-aləmi suya boğan bu yağış

niyə mənim ürəyimə su səpmir?

Sunday, September 6, 2026

yazımı qış eləmə

özüm sənə gəlmişəm,

bəxtim səndən yan keçib,

kölgəmin izi düşən

yerdən bir insan keçib. 


öz-özümdə varmışam,

səndə başa çatmışam.

yolumu səhv salmışam,

soyuq qışa çatmışam.  


elə bilmə mən qaram,

yazımı qış eləmə. 

yad ürəkdə qalmaram,

mənə qarğış eləmə. 

Dənizin balası

üzümə külək vurur,

bu hiss mənə tanışdı,

ayağımı su yuyur,

dəniz mənə tanışdı. 


dalğalar ürəyimi

niyə qəribsəyir bəs? 

silib ayaq izimi

niyə təmizləyir bəs? 


qoynuna sığındığım

sahil məni yad bilir,

quşlar məni qul görür,

balıqlar azad bilir.


bir ovuc göz yaşını

borc alıram dənizdən,

buludların qoynuna

ucalıram dənizdən. 


divar-divar dalğalar

ovulub toza dönür,

dəniz kimsəsiz qalan

bir yetim qıza dönür. 


aldığım borc sonuncu

qalasıdı dənizin. 

gözlərimdən tökülən

balasıdı dənizin.