Sunday, May 17, 2026

Altında

Gözlərin doludur buludlar kimi

Yanağın səhradır quru altında.

Çarəsiz halına ürək qar kimi

Əriyir üzünün nuru altında.


​Görürəm, üstünə kaman tuşlanıb,

Bu kimdir yuvana atır daşları?

Ruhunun nəğməkar qaranquşları

Əzilir ovçunun toru altında.


​Vaxtdır, qiyamətə nə qalıbdı ki?

Susmusan, dilini kim alıbdı ki?

Qaşların o qədər çatılıbdı ki,

İsrafil gizlədib suru altında.


​Məni gücsüz bilib yanılmayasan!

Qoluma gir ki tək sanılmayasan.

Örtün yaşmağını, tanınmayasan,

Yorğun gülüşünü qoru altında.

Wednesday, May 13, 2026

Adam içində

Gövdəmin içində tək bir əsirəm,

Qalanım dolanır xatirələrdə.

Özümü qayğılı gündə gəzirəm,

Amma ki tapıram fasilələrdə. 


Mən elə bilsəm də silinib tamam,

Baxıram, hər yola bir iz salmışam.

Sanırdım mən elə eyni adamam,

Hərədə bir özgə adam olmuşam.


Anamın yadında hələ uşağam,

Atamın yadında cavan qalmışam,

Babamın yadında mən də torpağam,

Qızımın yadında tez qocalmışam. 


Görəsən qəlbinin bir qırağında

Sənin də yadında nə cürsə varam?

Bəlkə qocalanda, ahıl çağımda

Hələ də ağ atlı oğlan olaram. 


Xeyri yox, axtarıb yoruldum əbəs,

Yenə bu adamın yadam içində. 

Hansı köynəyimi geyinim de bəs?

Nə üzlə dolanım adam içində?