Qara daşlar içində
Elə bilirdim zərəm,
Qaranquşlar içində
Göyərçintək gəzirəm.
Köynəyim qana batdı
Bu nə əcaib izdi?
Sinəmi kim qanatdı?
Baxdım əlim təmizdi.
Açdım yoxladım için,
Ürəyim para imiş.
Demə ağ göyərçinin
Kölgəsi qara imiş.
Qara daşlar içində
Elə bilirdim zərəm,
Qaranquşlar içində
Göyərçintək gəzirəm.
Köynəyim qana batdı
Bu nə əcaib izdi?
Sinəmi kim qanatdı?
Baxdım əlim təmizdi.
Açdım yoxladım için,
Ürəyim para imiş.
Demə ağ göyərçinin
Kölgəsi qara imiş.
Suyum elə qurudu ki
Torpağa hopa bilmədim.
Mənim yerim haradı ki?
Axtardım, tapa bilmədim.
Çörək tapmağa çalışdım,
Bir ovuc unla qarışdım,
Təndirdə özüm alışdım,
Kömbəmi yapa bilmədim.
Pay düşmədi gözəlindən,
Yolum daşdı əzəlindən,
Yorğa atların belindən
Yıxıldım, çapa bilmədim.
Dostlarımdan ayrı düşdüm,
Düşmənimlə dərd bölüşdüm,
Mən ki əliboş döyüşdüm,
Tutdular topa, bilmədim.
Ürəyim də yarıtmadı,
Yoruldu, gücü çatmadı,
Ha lay-lay dedim yatmadı
Heç ipə-sapa, bilmədim.
Gözümü götürüb gözünə nur qat,
Al mənim canımı, məndən çox yaşa.
Adında gizlənən igidi oyat
Çiynimdən atlanıb çatasan başa.
Tamahın düşməsin əsla az yerə,
Keçdiyin hər qarış torpağın olsun.
Ayağın əsməsin, möhkəm bas yerə
Qorxduğun nə varsa tapdağın olsun.
Səni göy üzündən yerə göndərən
Yolunu yenidən göyə açacaq.
Ay mənim köksümü dağa döndərən,
Günəşin dağlardan işıq saçacaq.
Mən səni sevəndə quşlar oxurdu,
Güllər həvəslənib səndən qoxurdu,
Ömür yaşamamış gülü dərərdin,
Amma baharı da sən gətirərdin.
Mən səni sevəndə sular duruydu,
Yağışlar narındı, əynim quruydu.
Gözümü günəşlə qamaşdırardın,
Saçımı küləklə dalaşdırardın.
Mən səni sevəndə qış gəlməmişdi,
Dənizdə dalğalar yüksəlməmişdi.
Sonra boran oldu, külək, yel oldu,
Gözüm leysan oldu, axıb sel oldu.
Mən səni sevəndə dağlar ucaydı,
Dağlara aparan yol balacaydı,
Sonra mən böyüdüm, dağlar kiçildi,
Keçilməz deyilən yollar keçildi.
Mən səni sevəndə hələ uşaqdım,
Gəl gör ki sevgidə necə qoçaqdım.
Sən mənə çox idin, bir təkim oldun,
Mən sənsiz kimsəydim, sənlə kim oldum.
Məndən bu dağların yaşını soruş,
Özümə tən deyim, sənsə inanma.
Məndən budaqların yaşını soruş,
Quruya od vurum, oduna yanma.
Amma soruşma ki, əllərim necə
Asılıb qalıbdır daraq saçında.
Gör ki bədənim də elə beləcə
Asılıb qalıbdır dar ağacında.
Əlimdə bir şeir varağı kimi
Ömrümü yazıram sənin əlinə.
Dilimdə bir şeir var, ağı kimi.
Bil ki, yapışacaq ölsəm dilinə.
Məndən soruş necəyəm
Mən boynumu bükmədən,
Bil nə vaxt gələcəyəm
Yollara su tökmədən.
Məndən soruş hardayam,
Bir qəliz bezardayam.
Örtülü bazardayam
Yel damını sökmədən.
Axtarıb tap yerimi
Bitirmədən səbrimi.
Ölürəmsə, qəbrimi
Bir özgəsi tikmədən.
Küləyin saçına düşəndə meyli
Çırpılır üzümə sillə tellərin,
Nəzərim simanı gəzir tüfeyli
Kəsir baxışımı güllə tellərin.
Gördükcə mənim də qabarır sinəm,
Heyrətlə baxıram onun rəqsinə,
Soyuqda gizlənir qarlı köksünə
Açılır baharda güllə tellərin.
Ətrinə bürünsə çiçəkli yamac,
Sönük nəfəsimə olacaq əlac.
Həm də əllərimə qal deyə möhtac
Qarışsın hər səhər yellə tellərin.
Gözlərin doludur buludlar kimi
Yanağın səhradır quru altında.
Çarəsiz halına ürək qar kimi
Əriyir üzünün nuru altında.
Görürəm, üstünə kaman tuşlanıb,
Bu kimdir yuvana atır daşları?
Ruhunun nəğməkar qaranquşları
Əzilir ovçunun toru altında.
Vaxtdır, qiyamətə nə qalıbdı ki?
Susmusan, dilini kim alıbdı ki?
Qaşların o qədər çatılıbdı ki,
İsrafil gizlədib suru altında.
Məni gücsüz bilib yanılmayasan!
Qoluma gir ki tək sanılmayasan.
Örtün yaşmağını, tanınmayasan,
Yorğun gülüşünü qoru altında.
Gövdəmin içində tək bir əsirəm,
Qalanım dolanır xatirələrdə.
Özümü qayğılı gündə gəzirəm,
Amma ki tapıram fasilələrdə.
Mən elə bilsəm də silinib tamam,
Baxıram, hər yola bir iz salmışam.
Sanırdım mən elə eyni adamam,
Hərədə bir özgə adam olmuşam.
Anamın yadında hələ uşağam,
Atamın yadında cavan qalmışam,
Babamın yadında mən də torpağam,
Qızımın yadında tez qocalmışam.
Görəsən qəlbinin bir qırağında
Sənin də yadında nə cürsə varam?
Bəlkə qocalanda, ahıl çağımda
Hələ də ağ atlı oğlan olaram.
Xeyri yox, axtarıb yoruldum əbəs,
Yenə bu adamın yadam içində.
Hansı köynəyimi geyinim de bəs?
Nə üzlə dolanım adam içində?
Çiynim əllərinin məzarlığıdır,
Gözlərim sulayır başdaşlarını.
Sinəm saçlarının bezarlığıdır,
İlişir qəlbimin tikanlarına.
Kədərin tanıyır gur qaşlarımı,
Çatılır dost olur kirpiklərimə.
Bəlkə bir əzabdır, bəlkə də qəzəb
Sənin surətində gördüklərimə.
Amma qəribsəmə, demə nə kindir,
Demə ki, nə qəmdir üzündə gəzən?
Gördüyün üz deyil, sənin izindir,
Qəlbimin əksidir, qırıq güzgüdür.
Fəqət ki taledir, ta ki ölməsəm
Ha qaçsam varlığın yoldur, cizgidir...
Suyuma zəqqum gəzdirən
Yanır, əlimdən od tutur.
Məni həyatdan bezdirən
Gəlib ölümlə qorxudur.
Acizi zülmə əzdirən,
Gündür, zəfər göstər mənə!
Könüllərdə nə gizlənir,
Görmək olmur, gündüz deyil
Əyridir ayaq izlərim,
Hər getdiyim yön düz deyil,
Sən haqq səfər göstər mənə!
Təkrarı olmaz təkliyin,
Məni var edir varlığın.
Göy üzünə yüksəltdiyin,
Yoluna işıq saldığın
Bir Müzəffər göstər mənə!
Köksümün içində bir külək əsir
Səsindən ürəyim əsməcədədir,
Qorxunun izləri gövdəmi gəzir,
Zaman da səbrimi kəsməcədədir.
Canımı üşüdür söykəndiyim daş,
Yerimi dəyişsəm yıxılacağam,
Boynumun üstündə daşıdığım baş
Yük olur, dözməyib dağılacağam.
Bu soyuq, qar, boran bitmir ki bitmir,
Qış bitir, yerini qış əvəzləyir.
Yollar da bağlıdır, qatar da getmir,
Tunelin sonunda uçqun gözləyir.