Tuesday, January 27, 2026

Bitməyən qış

Köksümün içində bir külək əsir 

Səsindən ürəyim əsməcədədir, 

Qorxunun izləri gövdəmi gəzir, 

Zaman da səbrimi kəsməcədədir.


Canımı üşüdür söykəndiyim daş, 

Yerimi dəyişsəm yıxılacağam, 

Boynumun üstündə daşıdığım baş 

Yük olur, dözməyib dağılacağam.


Bu soyuq, qar, boran bitmir ki bitmir, 

Qış bitir, yerini qış əvəzləyir. 

Yollar da bağlıdır, qatar da getmir, 

Tunelin sonunda uçqun gözləyir.

Saturday, September 6, 2025

Elə bilirdim

Mən uşaq olanda elə bilirdim

Adamlar yalnızca gecə ölürlər.

Mən uşaq olanda ölə bilirdim,

Böyüdüm, unutdum necə ölürlər.


Mən uşaq olanda elə bilirdim

Ölüm özgələrə toxunur ancaq.

Mən uşaq olanda ölə bilirdim -

Güllələr oyuncaq, silah oyuncaq. 


Mən uşaq olanda elə bilirdim

Böyüsəm qorxmaram daha ölümdən. 

Mən uşaq olanda ölə bilirdim,

İndi yaşamaq da gəlmir əlimdən. 


Ağır gəlmədi

Ürəyimə daş bağladım, 

Bağladım, ağır gəlmədi,

Göz yaşımı kirpiyimdə

Saxladım, ağır gəlmədi. 


Özümdən ötdüm, nə təhər?

Mən edəni kimlər edər?

Vicdanımı hər nə qədər

Yoxladım, ağır gəlmədi. 


Nəfsini öldür dedilər,

Zəhərli güldür dedilər,

Qoxusu küldür dedilər,

Qoxladım, ağır gəlmədi. 


Ah, dünya durub tərsinə,

Qüvvətə sinə gər, sinə!

Ədalət tərəzisinə

Ağladım, ağır gəlmədi. 

Tuesday, July 15, 2025

Dostum

Dünya girdədi, dostum, 

Yıxılanda tutmağa künc tapmasan

Etibarsız bilib onu ağlama. 


Ümid göydədi, dostum,

Əl açanda yerdən cavab almasan

Ovucunu büküb bağlı saxlama.


Həyat kölgədi, dostum,

Əslini görməyə gözlər bəs deyil,

Qəlbini əridib ayna etməsən. 


Həqiqət nədi, dostum?

Nə dəri, nə sümük, nə nəfəs deyil.

Güzgüdə gördüyün, bax, heç kəs deyil

Gözünü bağlayıb çıxıb getməsən. 

Üzsüz gəmiçi

Çağlayan dənizdi zehnimin içi

Alnıma zərbələr vurur dalğalar,

Gözümdən tökülür duzlu suları.


Mənimlə dalaşır üzsüz gəmiçi,

Çiyninə oturub qara qarğalar,

Solundan sağına düzmüş sıralı. 


Dilimdən bir-iki kəlmə söz çıxır,

Bilmirəm şirindi, acıdı, şordu.

Üzümə gözümün içindən baxır,

Üzsüz gəmiçinin gözü də kordu.


Mənim gözlərimdən baxır cahana,

Mənim qulağımla duyur aləmi,

Mənim əllərimə möhtacdır, fəqət.

Mənimlə döyüşür yıxan-yıxana.


Mən onu öldürsəm deyərlər dəli,

O məni öldürsə öz canına qəsd.

Saturday, December 21, 2024

Dünya

Bəxti göy əskiyə bürünüb amma

Canında gizlədir külünü dünya,

Üstündə yaşatmır dirini amma

Köksündən buraxmır ölünü dünya.


Qəlbi çox titrəyib, üstü qabardı,

Soyuqdan üzündə göz yaşı qardı,

Sanırdım şövqümü yollar apardı,

Məndən ötürübmüş selini dünya. 


Dərinə endikcə hürkdüm və qorxdum,

Qeyb oldum, bilmədim təkdim ya yoxdum.

Nə yaman yerdi ki gedəni çoxdu,

Görməyib qayıdıb gələni dünya.

Gənc ölən şairlər

Gənc ölən şairlərin yası çiynimə ağır,

Sahibsiz sətirləri yetim uşaqlar kimi

Bir-birinə sarılır.


Mən ölsəm saatlarım oğluma yadigardır,

Ölsəm kitablarıma qızımın otağında

Bir künc illah ki vardır..


Amma ki şeirlərim mənsiz yetim qalacaq,

Sözlərim, fikirlərim silinəcək mənimlə. 

Öləcək şeirlərim, gömüləcək mənimlə.


Qırılacaq qəlblərə salladığım tilovlar,

Soyuyacaq sözlərə gizlədiyim alovlar,

Tükənəcək közbəköz.


Məzarımın içinə qış dolacaq beləcə,

Mənim də yox oluşum başlayacaq beləcə,

Sətir-sətir, sözbəsöz...




Friday, March 29, 2024

Sən mənim qapımdan bir də keçəndə

Sən mənim qapımdan bir də keçəndə

Gözün pəncərədən içəri dəyər,

Görərsən işıqlar yanmır gecə də,

Deyərsən bu insan yaşamır məgər?


Bir siçan gəmirib ayaqqabımı,

Gözlərin axtarar özü hanı bəs? 

Görərsən kilidi yoxdur qapımın,

Keçərsən içəri eləmədən səs.


Görərsən divarda dayanıb saat,

Qolların qoynunda durub baxarsan,

Ağlın qəbul etməz, gözünə inad

Hər şeyə bəhanə, səbəb taparsan. 


Təqvimə sataşar gözün, ay aman,

Burda zaman durub, axmır elə bil!

Fəsillər boyudur gəlib bir insan

Bu evə boylanıb baxmır elə bil.


Sanarsan hardansa sənə baxıram,

Elə gözləyərsən hardansa çıxam,

Elə gözləyərsən səni çağıram,

Axır inanarsan daha mən yoxam.


Mənimlə işıq da, zaman da gedib,

Bu evin ocağı sönüb arxamca.

Üşüyüb, titrəyib, alışıb, bitib,

Kitablar, qələmlər yanıb arxamca. 


Qapıya dəymədim burdan köçəndə,

Təki sən qapımın kənarından keç.

Sən mənim qapımdan bir də keçəndə

Bəlkə də qapımı tanımadın heç. 

Thursday, March 21, 2024

Fırlanır

İlləri saymıram,

Elə bilirəm dayanıb

Məni gözləyir zaman.

Elə bilirəm

Eyni gündü 

Hamı təkrar oyanıb. 

Elə bilirəm eyni ildi

Fəsillər təkrarlanır,

Elə bilirəm gözləməkdən

Ürəyi sıxılır dünyanın -

Fırlanır.

Thursday, November 23, 2023

Sərçə yuvası

sərçənin yuvasına od düşdü, külə döndü.

qanadını qoynuna sıxdı, elə ağladı. 

islanan yanaqları tikanlı gülə döndü,

gözlərindən qan axdı, bilə-bilə ağladı.


günlər sayılı olmuş, bilmədi ki, saymadı.

zaman ona nə verdi, nələr aldı, doymadı.

qaçdı, torpaq tutmadı, uçdu, külək qoymadı,

üzünə sillə vuran əsən yelə ağladı.


yuvasının külündən keçdi ölüm mələyi,

dizləri əsdi, sındı, yerə dəydi kürəyi,

sinəsi parçalandı, parça oldu ürəyi,

göz yaşını qəlbinə silə-silə ağladı...

Saturday, November 11, 2023

Qapımı döymə

Külək dilimdən çıxan bir sözdən başlandısa,

Dodaqlarım quruyub gözlərim yaşlandısa,

Qapılarım dəmirdən, evlərim daşdandısa,

Dayan, döymə qapımı.


Bu fırtına dayanmır, dayanmır ki, gələsən.

Daşına baş qoyduğun məzar boşdu, biləsən.

Olar birdən, yuxuda məni tapmaq diləsən,

Oyan, döymə qapımı. 


Şeirlərim ölüdür, əllərim yas içində,

Paltarlarım, üst-başım palçıq, kir, pas içində,

Özünü öldürəndə məni də as içində!

Aman, döymə qapımı!


Saturday, November 4, 2023

Teatr bitdi

Teatr bitdi,

Maskanız düşdü,

Makiajınız axdı,

Üzünüz göründü.


İnsan deyil,

Heyvana oxşamır,

Haqqı yoxdur.


Bu ikinci kibir,

Bu sonuncudur,

Məscidə girmək vaxtıdır.

Dəniz də aralanmır. 


Dəniz bozdu,

Torpaq yanır. 

Gündoğan qara,

Günbatan qırmızı,

Beş sətir yazı. 

Saturday, October 14, 2023

Azərbaycanam

mənim vətənimin sərhədi oddan,

keçməyə yetişməz zalım cüssəsi.

zəmini qızıldan, damı buluddan,

göylərdən duyulur zəfər müjdəsi.


mənim qılıncımın qını soyuqdur,

gərəkdir gövdəsi günəşi görsün.

mənim qələbəmin kölgəsi yoxdur

gözümü bağlasın, alnımı örtsün.


soyuqdan qorxmuram dağlardan enəm,

kövrək deyiləm ki alovdan yanam,

adımtək ucayam, səmatək genəm,

mən varam, mən birəm, Azərbaycanam.

Sunday, September 10, 2023

tanımadın mı?

ağaclar suladın, çiçəklər əkdin,
dilindən tikanı qoparmadın mı?
gəzdiyin yolları əlimlə çəkdin,
qolumu sındırıb aparmadın mı?

saraylar, qəsrlər, qalalar tikdin,
bu daş divarları sən hörmədin mi?
hər gecə səmaya gözünü dikdin,
gözümün əksini heç görmədin mi?

möhkəm körpüləri qırıb yandırdın,
qəlbinə bir ocaq qalamadın mı?
bütün güzgüləri vurub sındırdın,
nə işdir? özünü tanımadın mı?

Monday, September 4, 2023

payızda

payızda əllərin cibində gəz,
gözlərin yolda,
saçların boynunu bağlasın.

payızda ağacların könlünü al,
dənizə yaxın durma,
qollarını sənə açmasın. 

yolları uzatma payızda,
cümlələri qısaltma,
suallara məna yükləmə. 

gələni gözləmə payızda,
gedənə ağlama,
qalanı incitmə. 

payızda yuxuna gətirmə məni,
yuxumu aparma,
getmə payızda. getmə. 

Wednesday, August 16, 2023

Natamam səkilər

Səhərin gözü açılmamış

Başlayır ayaq səsləri.

Natamam səkilər 

Palçığa bulayır ayaqqabıları. 


Külək saçları dağıdır

Toz basır ipək tellərin arasını.

Göyərçinlər günəşi gözləyir,

Sahildə ancaq pişiklər gəzir,

İnsanlar natamam səkilərdə.


Gözlər köhnə sevgiləri axtarmır,

Yolun naxışlarını izləyir,

Ayaqqabı iplərinə ilişir nəzərlər.

Siqaret tüstüsü burunları sınağa çəkir,

Ağızlarda gecədən qalan acı dad. 


Ah, gün bitsəydi yenə,

Ah, heç başlamamış olan bu gün.

Kaş yenə yorğun günün

Yarımçıq yuxusuna çataydıq,

Və sonra yenə açılaydı gözlərimiz

Səhərin gözü açılmamış.

Tuesday, August 1, 2023

Çıraq

Ətəyimdəki daşları

Dənizə tökdüm –

Balıq bildi. 

Qəlbimin yarısını

Kimə verdimsə

Qırıq bildi. 


Dünyayla arama

Məsafə qoydum –

Tərsinə döndü. 

Gözümü bağladım –

İşığı söndü,

Yaşını saxladım –

İçəri axdı,

Hər kim ki gözümün 

İçinə baxdı

Quraq bildi. 


Səni dənizdən soruşdum,

Yandım – suyundan içdim,

Göylərə uçdum,

Baxdığın səmadan keçdim,

Səni buluddan soruşdum,

Gözünün yaşını göstərdi,

Səni məndən soraq bildi.


Zülmətə baş qaldırdım,

Canımdan od alan

Çıraq yandırdım.

Gözünün önündə

Alışan mən idim,

Çıraq bildin. 

Sunday, July 16, 2023

güzgüdəki

güzgüdəki, 
yaxın dayan,
uzaqlar səni sıxmırmı?
yoxsa burdan sənə baxan
səni yaxın buraxmırmı?

Qəlbimin odu

sonuna çatmışam dərin quyunun,
ilanlar yığılıb qaşımın üstə.
ağlayan günəşdir, buludlar onun
süzür göz yaşını başımın üstə. 

zaman var olduğum qədər qısalıb,
dünya mənim qədər ağırlaşanda
yağış olmayacaq daha, az qalıb,
məni əyməyəcək külək coşanda.

üfürüb közünü odlasam da hey
qəlbimin işığı yenə sönəcək.
hər şeydən bir azam, bir azdan hər şey
mənə bənzəyəcək, mənə dönəcək.

tükənib gedəcək işığım, nurum,
dünya qaranlığa məhkum olacaq.
üzümü son görən qarşımda durub,
adımı son çəkən bəs kim olacaq?

girdə dünya

Bu girdə dünyanın üstündə gəzib
Necə düz dayanmaq olar? Bilmirəm.