Sunday, September 27, 2015

Payız...

payız niyə oldu yaxın?
hər tökülən quru yarpaq
qollarımla dirçəltdiyim
bir ağacın..

çiçəklər niyə tez soldu?
niyə yağdı yenə leysan?
bir xahişim oldu
mənim
ən dəyərli dostlarımdan,
yerə vurdular sözümü..

çıxardılar gözlərimdə gizlədiyim
yalvarışı yadlarından..
dönmədilər axmaq inadlarından..

incitdilər,
ürəyimi sındırdılar,
qollarımdan tonqal qurub
yandırdılar..

bir kimsəyə dönüb daha
dərdimi aça bilmədim,
yarpaqlarım xəzan oldu,
payızdan qaça bilmədim..

Thursday, September 24, 2015

Əllərim..

boğazıma yığılıb
söz yığını,
nəfəs almağa qoymur,
yerə düşüb qələm qabım,
tez yığ onu,
əllərim..

udqunuram zəif-zəif,
yuxuları
saçlarımdan asmışam,
çayımın da uçub gedir buxarı,
tez tut onu,
əllərim..

gülüşlərim,
göz yaşımdan yuxarı,
gəlişlərim
bu yollara ağırdı,
sallandığım körpülər də qırılır,
burax onu,
əllərim..

ümidsizəm? deyiləm..
ümidliyəm? deyiləm..
çox sevincli
çox dərdliyəm,
qoyma belim əyilə,
qaldır onu,
əllərim..

başımı tut, ol çətirim,
yağışlardan qorxmayım,
gözlərimi bağla mənim
baxışlardan qorxmayım,
hələ göz yaşım axmayıb,
saxla onu,
əllərim..

nə vaxt kimsəsiz olsan
bir cüt əl görəcəksən,
bir qadınındı onlar,
yaxın gəl, görəcəksən..
qoru onu,
əllərim..

sən də, qadın, yaxın dur,
qoyma gözlərim dolsun,
imkan vermə yorulsun,
sənin olsun
əllərim..

Saturday, September 12, 2015

Biz..

biz iki dost idik körpüdən keçən
palçıqlı sulara yıxılmadıq ki..
olmadı anımız sevgidən bezən,
bir yerdə olmaqdan sıxılmadıq ki..

bax, biz yeridikcə yollar uzandı,
amma az da olsa yorulmadıq biz,
sel axan dərələr geridə qaldı,
bir sənsən, bir mənəm, bir də sevgimiz..

bilirsən, qarşıda hələ nələr var?
sənin gücün var mı mənlə gəlməyə?
dağlar var, daşlar var, gur dərələr var,
hazırsan bir gəzib bir büdrəməyə?

mənim qollarıma tutunacaqsan,
küləkli küçələr, yollar gəzəndə..
bütün tufanları unudacaqsan
üzünü yağışdan gizləməsən də..

ümidsən bu qədər dərd arasında,
olmasan ümidsiz qalacağam mən..
nə vaxtsa büdrəsən yol yarısında
dönüb ayaqların olacağam mən..

Monday, August 24, 2015

Darıxma..

əllərimdən möhkəm yapış,
buraxma,
yağış yağır,
gün çıxacaq, az qalıb,
gözəl üzlüm, darıxma..

günü qısqandıracaq
gözlərinin gülüşü,
unut ağlamağı sən..
təbiətin bəxşişi,
baharların müjdəsisən axı sən..

boz sahildə dayanmışam,
qızmar istidə yanmışam,
günəşlərdə qaralmışam,
qumsallarda saralmışam,
dəniz qumu gözlərimə hopub,
gəl,
dalğalardan, küləklərdən qopub gəl..

gəl, sarılım saçlarına,
sən yuxulu-yuxulu
gözlərimə baxınca,
mən sürünüm
gül qoxulu
yanaqların boyunca..

tut əlimi sonra yenə,
buraxma,
daha yağış yağır demə,
gün çıxacaq,
gözəl üzlüm, darıxma..

Monday, August 3, 2015

...

Bir də getdim o yerə,
Ağaclarla görüşdüm..
Köhnə bir xizək tapıb
Qar üstündə sürüşdüm
Uşaqlığımdakıtək..

Elədim ələk-vələk
Nənəmin taxçasını,
Bir qoğal da tapmadım..
Gör nə günə qoyublar
Babamın bağçasını,
Almaları çürüyüb..

Yolları his bürüyüb,
Yağış da yağmır daha,
Dağlarda qar qalmayıb,
Su da gəlmir bulağa..

Oysa necə gözəldi
Buranın bir vaxtları,
Addım-addım gəzərdim
Yaşıl, sərin bağları..

Mən gedim, gecdi daha,
Getməsəm tək qalaram..
Bir azdan yol alaram,
Çətin bir də nə vaxtsa
Dönüb uşaq olaram..